Sovet dövrünün əmanətləri gələn il qaytarılır

Oqtay Haqverdiyev: "Bildiyimə görə, Prezident Administrasiyası və qanunverici orqan da artıq bu işlə məşğuldur"


2012-01-27 08:06:31

Ölkə mediasında yayılan məlumatlara görə, 2013-cü ilin əvvəlindən əhalinin Sovet dövründən qalma əmanətlərinin qaytarılmasına başlanılacaq. Milli Məclisin üzvü Əli Məsimovun dediyinə görə, parlamentin İqtisadi siyasət komitəsində müvafiq layihə hazırlanıb. Amma bununla bağlı qanun layihəsi hələ də Milli Məclisin gündəliyinə çıxarılmayıb.

Artıq neçə illərdir ki, sözügedən əmanətlərin qaytarılmasının vaxtının yetişdiyi barədə fikirlər səslənir. Amma bu günə kimi məsələ açıq qalıb. Hökumət əmanətlərin qaytarılacağını bildirsə də, prosesin haçan başlanacağı barədə fikir söyləməkdən yayınır. Təxmini hesablamalara görə, Azərbaycanda 2 milyona yaxın insanın 600-800 milyon manat civarında sovet dönəmindən qalma əmanəti var. Onu da qeyd edək ki, artıq sovet şinelindən çıxan ölkələrin əksəriyyəti bu məsələni çoxdan həll edib. Baltikyanı ölkələr, Qazaxıstan, Rusiya və Ukraynada məsələ öz həllini tapıb. Azərbaycanda isə 3-4 il bundan qabaq əmanətlərin qaytarıla biləcəyi iddia edilirdi. Amma həmin vaxt baş verən dünya maliyyə böhranı prosesi həyata keçirməyə imkan vermədi. Hökumət əmanətlərin qaytarılmasına başlamaqla inflyasiyanın artacağından ehtiyat etdiyindən buna getmədi. Amma müstəqil ekspertlər bu amilin inflyasiyaya hər hansı bir təsirinin olacağını düşünmür. Onlara görə ölkənin geniş maliyyə imkanları məsələni birdəfəlik çözməyə imkan verir. Bununla belə məsələ hələ ki, qaranlıq olaraq qalmaqdadır. Amma ola bilsin, həqiqətən də 2013-cü ildən prosesə start verilsin.

İqtisadçı ekspert Oqtay Haqverdiyev də əmanətlərin gələn il qaytarılmağa başlanacağına ümidlidir: "Cari ilin büdcəsində sovet dövründən qalma əmanətlərin qaytarılması bildiyiniz kimi nəzərdə tutulmayıb. Amma 2013-cü il üçün bu mümkündür. Bu il sadəcə olaraq bununla bağlı qanun qəbul oluna bilər. Bildiyimə görə, Prezident Administrasiyası və qanunverici orqan da artıq bu işlə məşğuldur. Əmanətlərin hansı metodologiya ilə qaytarılması mexanizmi də həmin qanunda bilinəcək. Hələ bir il öncə demişdim ki, həmin əmanətləri qaytarmağa başlasalar, prosesə 2013-cü ildən start verəcəklər. Çünki gələn il həm prezident seçkiləridir. Həm də bir ildən sonra imkanlarımız daha çox olacaq. Bildiyimə görə, əmanətlərin qaytarılması ilə bağlı üç variant üzərində iş gedir. Variantlardan birinə görə ilkin olaraq keçən əsrin 40-cı ilindən əvvəl anadan olan şəxslərin əmanətləri qaytarılmalıdır. İkinci mərhələdə isə 40-cı ildən 60-cı ilə qədər olanların məsələsi həll olunmalıdır. Ümumiyyətlə, ortalıqda 3-4 ilə hamısının qaytarılması variantı var. Digər bir variant isə məbləğdən asılı olaraq nəzərdə tutulan variantdır. Kimin 2 min rubla qədər əmanəti olubsa, onun üçün qaytarılma əmsalı birin-birə nisbətində olacaq. Ondan çox olanlar isə başqa nisbətdə".

Rüfət NADİROĞLU


Bu yazı 26 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV