Soyuq hava Bakı küçələrindəki işləri də "dondurur"

"Yalnız Nazirlər Kabinetinin qərarı ilə qış və ya yay aylarında hava şəraitinə görə, işlər dayandırıla bilər"


2012-01-27 08:06:32

Azərbaycanda, xüsusilə də paytaxt Bakıda qış aylarında temperatur aşağı düşən kimi bəzi sahələrdə işlərə fasilə verilir. Əsasən təmir-tikinti sektorunda işlər dayanır. Yolların tikintisi və təmiri bəzən bu aylarda günlərlə ləngiyir. Nəticədə vətəndaşların və avtomobillərin hərəkətində ciddi problem yaranır, qəza vəziyyəti olur.

Bundan əlavə tikinti və ya təmir işlərinin aparıldığı ərazinin yan-yörəsi natəmiz və çirkli hala düşür, palçıq dizə çıxır. Ümumiyyətlə, qış aylarında çöl şəraitində işlər dayandırıla bilərmi? Bilərsə, bu hansı şərtlər daxilində olmalıdır? İşlər yarımçıq saxlanılmalıdırmı?

Bu və digər suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, isti yay günlərində temperatur müəyyən həddi keçdiyi təqdirdə işlər dayandığı kimi, qış aylarında da temperatur qanunla nəzərdə tutulan aşağı həddi keçdikdə işlər dayandırılır. Ekspert bildirdi ki, bu məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsilə həll olunur: "Əgər həddindən artıq isti və ya soyuq olması səbəbindən işlər dayandırılırsa, bu işçinin maaşına təsir göstərməməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 54-cü maddəsində işçilər üçün normal iş şəraitinin yaradılması nəzərdə tutulub. Hətta normal iş şəraiti yaratmayan şirkətlər 2000 manata qədər cərimə oluna bilərlər. Yeni layihəsi tərəfimizdən hazırlanan Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulub ki, işçilər havanın temperaturu 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Düzdür, yayda temperatur 41 dərəcəni keçir və bəzi yerlərdə işlər dayandırılır. Əvvəllər ölkədə hava şəraitinə görə, işin dayandırılması kimi temperaturun 45 dərəcə olması nəzərdə tutulmuşdu. Bizim etiraz və təkliflərimizdən sonra 45 dərəcə 41 dərəcə ilə əvəz olundu. Amma Azərbaycanda, xüsusilə də paytaxt Bakıda açıq havada temperatur mənfi 1 dərəcədən təsadüfi hallarda aşağı ola bilir. Soyuq havada açıq havada işləmək, fiziki fəaliyyətlə məşğul olmaq insan orqanizminə ciddi ziyan vurmur. Bir qədər işləyəndən sonra bədən isinir və soyuq adama təsir etmir. Yayda isə 41 dərəcə temperaturda açıq havada işləmək mümkün olmur. Amma qışda qapalı şəraitdə temperatur 14 dərəcədən aşağıdırsa, orada işləməyə icazə verilmir. Burada söhbət oturaq işlərdən gedir".

Faktiki olaraq şəhərdə təmir-tikinti sektorunda işlərin dayandırılmasına gəldikdə isə ekspert bildirdi ki, bu, sadəcə işə məsuliyyətsiz yanaşmanın göstəricisidir: "Rəhbərlik əraziyə gəlmir deyə, işçilər də işdən yayınırlar. Yalnız Nazirlər Kabinetinin qərarı ilə qış və ya yay aylarında hava şəraitinə görə işlər dayandırıla bilər".

Hüquqşünas Qurban Məmmədov isə hesab edir ki, qanun açıq havada temperaturun aşağı dərəcələrində işin dayandırılması məsələsinə aydınlıq gətirməyib: "Əmək Məcəlləsində soyuq havada yalnız qapalı şəraiti olan və qızdırılmayan müəssisələrdə işin dayandırılması öz əksini tapıb. Açıq havada işçinin hansı temperaturdan sonra işləyib-işləməməsi göstərilmədiyindən bu boşluqdan sui-istifadə olunur. Nəinki isti və ya soyuqda, hətta güclü külək olanda belə bəzi sahələrdə işlər dayandırılmalıdır. Küləyin gücü 2 baldan yuxarı olanda tikintinin bəzi sahələrində, məsələn kranda işləyənlər dayanmalıdılar. Əgər havanın temperaturu mənfi 10 dərəcədən aşağıdırsa və eyni anda 3 bal gücündə külək varsa, açıq havada işlər dayandırılmalıdır. Hazırda Bakı şəhərində açıq havada işləyənlərin işləməsi qanunla qadağandır. Amma "Eurovision" müsabiqəsilə bağlı salonun tikilməsi istisnadır. Çünki onun tikintisi vacibdir və orada üçnövbəli iş prosesi gedir. Yəni soyuq və küləkli hava işçilərin səhhətinə ciddi mənfi təsir göstərmir".

Q.Məmmədov sonda onu da bildirdi ki, bütün bu məsələlərə həmkarlar təşkilatları nəzarət etməlidilər: "Azərbaycanda həmkarlar təşkilatlarının hansı vəziyyətdə olduğunu hər kəs yaxşı bilir. Bizdə bu kimi məsələlər Əmək Məcəlləsinin tələbləri əsasında deyil, adi, şifahi şəkildə öz həllini tapır. Telefonla müdirə zəng edib deyirik ki, hava soyuqdur mən bu gün işə çıxa bilməyəcəm. Bununla da məsələləri yoluna qoyuruq".

Ruslan QAÇAYOĞLU


Bu yazı 39 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV