İqtidar-müxalifət dialoqu yenə alınmır

ATƏT-in Bakı ofisi tərəfləri bir araya gətirmək üçün təklif gözləyir


2012-01-28 08:57:03

Siyasi gündəmdə müxtəlif vaxtlarda iqtidar düşərgəsini təmsil edənlər və onların opponentləri arasında dialoqun keçirilməsi zəruriliyi ilə bağlı fikirlər səslənsə də son bir neçə ildə bu xüsusda hansısa addım atılmayıb. Halbuki tərəflərdən hər biri masa arxasına əyləşməyə hazır olduqlarını bildiriblər.

Sonuncu dəfə 7 il əvvəl baş tutan dialoq isə ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə baş tutmuşdu. Həmin vaxt baş tutan bir neçə belə görüşdə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar iştirak edib. Sonradan isə edilən müxtəlif cəhdlərə rəğmən, dialoqu davam etdirmək mümkün olmayıb.

Elə indi də sözügedən qurum növbəti dialoq üçün tərəflərin müraciətini gözlədiyini gizlətmir. Lakin ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bildirir ki, Azərbaycan müxalifəti və iqtidarı arasında dialoqun aparılmasında hələlik hər hansı yenilik yoxdur: "Dialoqun aparılması üçün nə müxalifət, nə də iqtidar tərəfi ATƏT-in Bakı ofisinə müraciət etməyib. Əgər iki tərəfdən müraciət olsa, bu dialoqu təşkil etməyə hazırıq. ATƏT-in Bakı ofisi Azərbaycan hökuməti, siyasi partiyalar və vətəndaş cəmiyyəti təmsilçiləri ilə səmərəli əməkdaşlıq qurub. Bu, ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından çox əhəmiyyətlidir. Mən Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti üzvlərinin ATƏT-in üç prinsip üzrə göstərdiyi bütün səyləri dəstəkləyirəm".

Diplomat söyləyib ki, Azərbaycan hökuməti ilə ATƏT-in Bakı ofisi arasında əlaqələr yüksək səviyyədədir, qanunun aliliyi, insan haqları və iqtisadi münasibətlərə dair əməkdaşlıq mövcuddur: "Qanunun aliliyinin, insan haqlarının qorunması və demokratiya sahəsində vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti əlindən gələni edir. Təbii ki, bu prinsiplərə birdən-birə nail olmaq asan iş deyil. Bu baxımdan Azərbaycana vaxt lazımdır. Azərbaycanda bəzi sahələrdə yaxşı nəticələrin əldə olunması üçün görülən işləri sürətləndirmək lazımdır. ATƏT bununla bağlı Azərbaycan ilə yaxından əməkdaşlıq edir. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığımızdan məmnunuq".

Dialoqa gəlincə, ATƏT-in Bakı ofisi bildirir ki, bunun üçün tərəflərdən hansısa birinin onlara müraciət etməsi zəruridir. Çünki ATƏT dialoqun baş tutması üçün tərəf kimi iştirak etmir. Sadəcə, tərəfləri bir masa arxasında toplamağa, münasibətləri qurmağa zəmin yaradır.

Mövcud vəziyyətin təhlili isə göstərir ki, son illərdə irəli sürülən təşəbbüslərə baxmayaraq, dialoqun baş tutmamasının əsas səbəbi daha çox müxalifət düşərgəsində baş verənlərlə bağlıdır. İndi heç kimə sirr deyil ki, bu düşərgədə kifayət qədər müxtəlif qüvvələr təmsil olunur. Digər tərəfdən, konkret olaraq kimin müxalifət adına iddia etməsilə də bağlı bu düşərgədə yer alan qüvvələrin özləri arasında fikir ayrılıqları mövcuddur. Bu səbəbdən iqtidarın konkret olaraq kimlərlə masa arxasına əyləşməsinin müəyyən olunması indi olduqca çətin məsələ sayıla bilər. Daha bir önəmli faktor isə ötən dövr ərzində müxalifətin əhəmiyyətli dərəcədə zəifləməsi, elektoratının böyük əksəriyyətini itirməsidir. Danılmaz həqiqətdir ki, artıq ölkə müxalifətinin baş verən ictimai-siyasi hadisələrə təsir imkanları yoxdur. Əksinə, siyasi arenanın bu düşərgəsində yaşanan daxili çəkişmələr müxalifəti daha sürətlə sıradan çıxarır. Bu səbəbdən, iqtidarın müxalifətlə dialoqa hər hansı maraq nümayiş etdirməməsi tam təbii sayıla bilər.

Hesab olunur ki, proseslər indiki məcrada davam edərsə, yaxın perspektivdə iqtidar və müxalifət arasında dialoqun keçirilməsini gözləməyə dəyməz. Bundan başqa, o da həqiqətdir ki, dialoq üçün həm də tərəflər müəyyənləşməlidir. Yuxarıda qeyd olunduğu kimi isə iqtidar bəlli olduğu halda müxalifətin tərkibi geniş və çoxşaxəlidir. Hakim düşərgədə həm də hesab edilir ki, dialoq ümumi bir atmosfer, münasibətlər toplusu və siyasi mədəniyyətdir və bu kontekstdə də Azərbaycanda siyasi dialoq var. Hesab edilir ki, parlamentdəki müxalifətlə təmaslar, həmçinin mətbuat səhifələrində, televiziyada, ayrı-ayrı tədbirlərdə bu dialoq baş verir. Bununla belə o da qeyd edilir ki, ayrıca görüşüb, hansısa məsələni müzakirə etmək həmişə mümkündür.

Onu da xatırladaq ki, hakim düşərgə, dialoqla yanaşı, müxalifət liderləri ilə debatların keçirilməsi üçün təkliflər səsləndirdiyini, lakin buna müxaliflər tərəfindən müsbət cavab verilmədiyini bildirir. Bu xüsusda hələ ötən ilin sonlarında YAP-çı millət vəkili Siyavuş Novruzovun maraqlı açıqlamaları olub. O, debat üçün konkret şəxslərin adını çəksə də, hələ də müsbət cavab almadığını bildirib: "Mənim çağırışımda əsas istiqamət odur ki, Əli Kərimli və ya İsa Qəmbər gəlsin, çıxaq debata, onlarla istənilən mövzu ətrafında danışmağa hazıram. Yoxsa onların yan-yörəsindəki adamlarla danışmağa ehtiyac da yoxdur. Dünənə qədər Milli Məclisdə Pənah Hüseynin köməkçisi olan biri indi gəlib İsa Qəmbərin müavini olub. Pənah Hüseynin köməkçisi olmuş bir adam gəlib mənimlə nə debata çıxacaq?! Yaxud Əvəz Temirxan. Qoy partiyasında üç nəfər adamın adını saysın, ondan sonra "debat" desin. Bilirsiniz, Azərbaycanda "Siyasi partiyalar haqqında" Qanunun qəbuluna böyük ehtiyac var ki, cəmiyyət bu cür ünsürlərdən təmizlənsin.

Azərbaycanda 7-8 siyasi partiya olmalıdır, bu partiyalara da nümunəvi şəxslər rəhbərlik etməlidir ki, camaat da onlara inansın. Haqqında danışdığım adamların ən böyük problemi ondan ibarətdir ki, ətrafındakı adamların hamısı tör-töküntüdür. 8-10 partiyanı gəzib, fırlanıb gələn, cəmiyyətdə heç bir mövqe qazanmayan insanlardır".



Səməd CƏFƏROV


Bu yazı 24 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV