Azərbaycan üçün yeni qaçqınlar problemi...

Cənub qonşumuzun vurulma ehtimalının artması bu məsələni təkcə Azərbaycan yox, digər region ölkələri üçün də aktuallaşdırıb


2012-01-28 08:57:04

Gərginləşən Qərb-İran münasibətləri və bunun yekun nəticədə müharibə ilə sonuclanacağına dair ehtimallar artdığı vaxtda maraq doğuran cəhətlərdən biri proseslərin region ölkələrinə hansı formada təsir göstərəcəyidir.

Artıq bu məsələ beynəlxalq səviyyədə də geniş müzakirəyə çevrilməkdə, müxtəlif rakurslardan şərh olunmaqdadır. Diqqət yetirilən əsas məqamlardan biri İranla Qərbin mümkün müharibəsinin Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan və Ermənistana göstərəcəyi təsirdir.

Rusiyalı politoloq Maksim Minayev belə hesab edir ki, Qərb ölkələrinin İrana mümkün hərbi müdaxiləsi Cənubi Qafqazın qonşu regionuna və regional münaqişələrin həllinə mənfi təsir göstərəcək: "Düşünürəm ki, ən yüksək dərəcə bu problem Azərbaycan üçün aktualdır, çünki belə olduğu halda, bu ölkə digər regionlardan daha çox İranın şimal-qərbində çoxlu sayda azərbaycanlı yaşadığı qaçqınlarla rastlaşacaq. Amma bununla yanaşı, düşünmək lazım deyil ki, bu bir ölkənin problemidir".

Ekspertin sözlərinə görə, İranda mümkün müharibə beş sahilboyu dövlətin Xəzərin hüquqi statusuna dair danışıqların gedişinə mənfi təsir edəcək, həmçinin ABŞ-ın İranın nüvə obyektlərinə hücum üçün Azərbaycanın ərazisindən istifadə etmək cəhdlərini aktivləşdirir: "Və nəhayət, postsovet regionunun bilavasitə sərhədlərinə yaxın müharibə faktının özü, Dağlıq Qarabağ danışıqlar prosesini ciddi ləngidəcək. Ola bilər ki, tərəflərə sadəcə bu məsələdə müzakirəni dondurmaq lazım gələcək. "İran məsələsi" ətrafında vəziyyətin gərginləşməsi Rusiyanı son illər fəal məşğul olduğu Dağlıq Qarabağ münaqişəsinin həllindən yayındıracaq. İran gündəliyi ona gətirib çıxaracaq ki, Moskva, postsovet məkanına diqqət ayırmaq yerinə (hər halda indi planlaşdırdığı kimi), Orta Şərqdəki vəziyyəti çox ciddi dərk etmək lazım olacaq. Bu mövzu sadəcə Cənubi Qafqazın istiqamətinə nəzarət edəcək rəsmi şəxslərin iş vaxtının çox hissəsini məşğul edəcək".

Qeyd edək ki, mümkün müharibə zamanı Azərbaycana çoxsaylı qaçqınların axın edəcəyini Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirmişdi: "İranla müharibənin başlanması böyük fəlakətə səbəb olacaq. Müharibə başlanacağı təqdirdə İrandan olan qaçqınlar Azərbaycan ərazisindən keçərək Rusiyaya axın edəcəklər".

Müharibənin Qarabağ münaqişəsinin "dondurulması" ilə nəticələnəcəyinə gəlincə, bu barədə fərqli fikirlər söyləyənlər də var. Məsələn, Rusiya Elmlər Akademiyası Orta Asiya və Qafqaz Mərkəzinin əməkdaşı Andrey Areşev hesab edir ki, Qarabağda müharibənin başlamasına İrana müdaxilə səbəb olacaq. Onun fikrincə, İrana müdaxilədən sonra bölgədəki vəziyyət radikal şəkildə dəyişəcək: "Orta Asiya respublikaları, habelə Azərbaycan Qərbə meyil edəcək. Gürcüstan NATO-ya daxil olacaq, Ermənistan Rusiyadan qopmuş vəziyyətə düşəcək və məcbur olub Qarabağı Azərbaycana qaytaracaq". Bundan əvvəl Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Qafqaz və Orta Asiya üzrə tədqiqatçısı Aleksandr Skakov da bildirmişdi ki, Qarabağda yeni müharibə tamamilə realdır. Problemin həlli yolunu heç kim tapa bilmir və ümumən Qafqaz regionunda vəziyyət gərginləşir: "2012-ci il üçün proqnozlar kifayət qədər pessimistdir. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı. Münaqişə ətrafında gərginliyin artması davam edəcək və danışıqlar prosesində hər hansı irəliləyiş əldə olunmayacaq, öz növbəsində hərbi əməliyyatların başlaması riski artacaq".

Bu arada isə Almaniyanın 30 dildə yayımlanan "Deutsche Welle" portalı İranın vurulacağı təqdirdə, Ermənistanda xaos yarana biləcəyini yazıb. Qeyd olunan portal İrana qarşı mümkün hərbi əməliyyatların başlaması ilə Ermənistanın dünyaya çıxışının tam məhdudlaşacağını vurğulayıb. "Deutsche Welle" analitikinin təhlilinə görə, İranın vurulması Ermənistanın enerji təminatında böyük problemlər yaradacaq və İrandan təqribən 600 min qaçqının bu ölkəyə axışmasına səbəb olacaq.

Bu faktın indiki durumunda belə çox ağır vəziyyətdə olan Ermənistanda xaos yarada biləcəyi qeyd edilib. Sözügedən portal İranın Ermənistanın infrastrukturunda əhəmiyyətli pay sahibi olduğunu və İran vətəndaşlarının artıq İrəvandakı daşınmaz əmlakın 10 faizinə sahibləndiyini də diqqətə çatdırıb.

"Armenia Today" portalının məlumatına görə, Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan deyib ki, o, optimistdir və düşünür ki, ABŞ-la İran arasında hərbi münaqişə az ehtimallıdır, hərçənd nöqtəvi zərbələri istisna etmir. Ancaq o deyib ki, münaqişə olsa, bunun region, xüsusilə Ermənistan üçün çox pis nəticələri olacaq.

Bununla belə hərbi münaqişəsiz də İrana qarşı iqtisadi sanksiyaların güclənməyindən Ermənistanda dərin narahatlıq var. Belə ki, Ermənistanın İranla əməkdaşlığında hazırda mərkəzi yeri Təbrizdən çəkilməli neft kəməri tutur. Bu kəmər Ermənistanın Yerasx şəhərciyinə gündə 1 milyon 500 min litr neft məhsulları gətirməlidir.

Tikintinin başlanması bu ilə planlaşdırılır. Kəmər 160-180 milyon dollara başa gəlməlidir. İran kəmərin öz ərazisindəki hissəsini tikməyə razı olub. Ermənistan isə öz ərazisindəki hissəsini tikəcək. Lakin Təbriz-Yerasx kəmər layihəsi ABŞ-ın İran sanksiyalarının təsir dairəsinə düşür. Çünki ABŞ qanununa görə, sanksiyalar "İranın neft resurslarını birbaşa və əhəmiyyətli dərəcədə gücləndirən 20 milyon dollardan artıq investisiyalara" aiddir.

Bundan başqa, İranın maliyyə qurumlarının, o cümlədən Mərkəzi Bankının pul köçürmələri də sanksiyalar altındadır. İran-Ermənistan kəmərinin tikintisinə hətta İran pul köçürəndə də kəmərə sanksiyalar tətbiq oluna bilər. Ancaq kəmər Ermənistan üçün həm enerji, həm maliyyə cəhətdən çox sərfəlidir. Ermənistanın enerji naziri Armen Movsisyan deyir ki, bu kəmər Ermənistanın illik enerji xərclərini 30 faiz azaldacaq. İrana qarşı sanksiyaların güclənməsi nazirin fikrincə, Ermənistanı bu layihədən çəkindirməyəcək. O deyib ki, İranın həmişə problemləri olub, ancaq Ermənistan həmişə öz işlərini davam etdirib.

Nazir "EurasiaNet.org"a bildirib ki, Təbriz-Yerasx neft kəməri bu il tikilməyə başlayacaq.

Ermənistanın hazırda İranla 140 km-lik qaz kəməri var. Bu kəmər Ermənistana ildə 2 milyard 300 milyon kubmetr qaz gətirir. İranla su-elektrik stansiyası və dəmiryolu layihələri var və bunların hər ikisi İranın maliyyəsindən asılıdır. Ermənistanda siyasi təhlilçilərin fikrincə, Ermənistanın yeganə arqumenti iki tərəfdən - Azərbaycan və Türkiyə tərəfdən blokadada olmasıdır. Buna görə, Ermənistan ümid edir ki, ABŞ hökuməti Təbriz kəmərinə güzəştə gedə bilər. Hələlik ABŞ hökumətindən bu kəmərlə bağlı heç bir rəsmi söz deyilməyib.

Belə bir vaxtda İran Prezidenti Mahmud Əhmədinejad İranın nüvə proqramı ilə bağlı Qərb qüvvələri ilə danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirib. Dövlət televiziya kanalına verdiyi müsahibədə Əhmədinejad Qərb qüvvələrinin İranın danışıqlardan yayındığını bəhanə gətirərək, İrana qarşı sanksiyalar tətbiq etməsini pisləyib. İranlı prezident bu iddiaların doğru olmadığını bəyan edib. "Axı məntiqi olan, üstəlik haqq da onun tərəfində olan şəxs, niyə danışıqlardan imtina etsin?", deyə prezident müsahibəsində ritorik sual verib.

Əhmədinejad son sanksiyaların xalqına ziyan verməyəcəyini bildirib: "Bir vaxtlar bizim Avropa ilə ticarət dövriyyəmiz 90 faizə bərabər idi, indi isə 10 faizə düşüb. Bizə bu 10 faiz lazım deyil. Praktikadan çıxış edərək deyə bilərəm ki, bundan İran xalqı ziyan çəkməyəcək".

Xatırladaq ki, İran və Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ kimi aparıcı dövlətlər arasında danışıqların sonuncu mərhələsi ötən ilin yanvar ayında İstanbulda yarımçıq olaraq dayandırılmışdı. Böyük altılıq İranın AB-ali nümayəndəsi Ketrin Eştonun oktyabr tarixli rəsmi dəvət məktubuna müsbət cavab verərək, nüvə proqramı ilə şübhələri aradan qaldıracağına böyük ümidlər bəsləyir.

Səməd CƏFƏROV


Bu yazı 13 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV