Əlaqə Arxiv
news Image
2017.05.27
09:30
| A A A
Virtual pullar Azərbaycanda da dövriyyəyə buraxıla bilər
Xalid Mikayılov: “Bitkoindən istifadə əsasən ticarət və xidmətdə eıektronlaşmanın yüksəlməsi ilə artır” Natiq Cəfərli: “İnvestorlar hələlik ajiotajın yayılması hesabına yatırım edirlər”

Bitkoin virtual kriptovalyutanın qiyməti son birja hərracları zamanı 2 700 ABŞ dollarına yüksələrək yeni rekord səviyyəyə çatıb. Buna səbəb getdikcə daha çox şirkətin bitkoinlə işləməyə hazır olmasını bildirməsidir. Belə ki, Yaponiyanın "PeachAviation" aviaşirkəti tezliklə bitkoin vasitəsilə bilet sata biləcəyini açıqlayıb. 

Kriptovalyutaya tələb investorların siyasi risklərdən uzaq qalmaq istəməsi ilə yüksəlir. Qeyd edək ki, hazırda bitkoinə ən böyük tələb Yaponiyadan gəlir. Baxmayaraq ki, yapon yeni onsuz da maliyyə bazarlarında risksiz valyuta sayılır. İqtisadçıların fikrincə, sözügedən kriptovalyutadan Azərbaycanda da müəyyən xidmət və mallar üzrə istifadə oluna bilər. Ancaq dayanıqlı valyuta hesab olunmur. Bu baxımdan hələlik real milli pul vahidlərinə alternativ ola bilməz.
İqtisadçı-ekspert Xalid Mikayılov bildirdi ki, bitkoindən istifadə əsasən ticarət və xidmətdə eıektronlaşmanın yüksəlməsi ilə artır: “Həm də bu valyutanin bəzi üstünlükləri var. Məsələn, tranzaksiyalar sürətlidir. Azərbaycan da da bitkoindən istifadə oluna bilər. Bu ayrı ayrı şirkətlərin verəcəyi qərardır”.
İqtisadçı əlavə etdi ki, statistikaya görə, bitkoinkərin 51%-i ABŞ-dan kənarda istifadə edilir: “Amma bu valyutanın ABŞ dolları və ya başqa valyutanı əvəzləməsi və dünya valyutasına çevrilməsi real deyil. Çünki milli pul vahidləri həm də onları dövriyyəyə buraxmış dövlətlərin öhdəlikləri və qanuni ödəniş vasitələridir. Ona görə bu valyutalar ehtiyat və dönərli valyuta kimi cəlbedicidirlər. Amma bitkoin pul vahidi kimi heç bir dövlətə aid olmadığından onun etibarlılığı aşağıdır. Digər çatışmayan cəhəti isə odur ki qiyməti sabit deyil və qısa müddətdə böyük dalğalanmalar olur. 
Bundan əlavə, dövlətlər monetar və fiskal siyasəti tənzimləmək ümumiyyətlə, iqtisadi siyasətlərini həyata keçirmək və iqtisadiyyatlarını idarəetmək üçün milli pul vahidlərinə üstünlük verirlər. Ən böyük valyuta birliyi avro qrupudur. Amma burda da hər ölkənin makroiqtisadi vəziyyəti fərqli olduğu üçün çətinliklər var. Buna görə də milli pul vahidlərinin rolu böyükdür”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, alternativ yatırım mənbəyi kimi bitkoinlər son illər məşhurluq qazanmağa başlayıb: “Amma bir Mərkəzi Banka bağlı olmadığndan, özəl şirkətlər tərəfindən idarə edildiyindən gələcəkdə qiymətlərinin artması və ya sabit qalacağı haqqında fikir söyləmək çətindir. Çünki hansısa dövlətə və ya Mərkəzi Banka bağlı olan valyuta növü deyil, elektron valyutadır. Ona görə bu, bir piramidaya bənzəyir. Hansı ki, dünyada bunun örnəkləri var. 
Dəfələrlə internet üzərində satışa çıxarılan elektron valyuta növləri olub. Ancaq yatırımçılar tərəfindən qorxu var ki, piramida yaradılır. İnsanlar sanki bu növ valyutaya yatırım qoymağa təşviq edilir. Amma bir müddət sonra piramida dağılsa, cavabdehliyini daşıyacaq dövlət orqanı yoxdur. Adətən qiymətli kağızlar dövlət zəmanəti ilə dövriyyəyə buraxılır. Bitkoinlərdə isə bu zəmanət yoxdur. Ona görə investorlar hələlik ajiotajın yayılması hesabına yatırım edirlər. Əsasən də gənclər buna maraq göstərir. Amma bir müddət sonra qoyulan yatırımlar bata bilər. Ona görə də hansısa dövlətin zəmanəti altında fəaliyyət göstərməyənə qədər bu valyutanın geniş yayılacağı, gələcəkdə yatırım vasitəsinə çevriləcəyi inandırıcı görünmür. Düzdür, hələlik bitkoinlərlə bəzi mal və xidmətlərin satışı həyata keçirilir. O baxımdan kriptovalyutaya müəyyən dərəcədə inam yaranıb. Lakin bir müddət sonra heç bir xidmət və mal ala bilmədikdən sonra bu sahədə kütləvi satışlar həyata keçirilə bilər. Bu da qiymətləri kəskin aşağı sala bilər. İlk günlərdə cəmi bir neçə dollar olan bitkoinlərin qiymətinin bu gün anidən 1000 dəfə artmasını təbii proseslə izah etmək mümkün deyil”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz