Əlaqə Arxiv
news Image
2017.06.21
08:05
| A A A
Azərbaycan da dolları süni şəkildə bahalaşdıra bilər?!
Cəfər İbrahimli: “2017-ci ildə manatın məzənnəsini aşağı salmaq və kursunun tez-tez dəyişdirilməsi gözlənilmir” Ruslan Atakişiyev: “Adətən, mövsümdə milli valyuta ucuzlaşdırılır ki, xaridən gələn turist yerli məhsullardan daha çox istifadə etsin”

Rusiya Bankı (Mərkəzi Bank) son iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib. İqtisadçılar uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə ciddi təsir etməyəcəyini proqnozlaşdırırlar. Lakin Rusiyada dolların bahalaşması tendensiyası müşahidə edilir. Mütəxəssislərin fikrincə, Rusiya dolları süni şəkildə bahalaşdırır. Səbəb də ixrac qabiliyyətinin qorunmasıdır. Bu fonda Azərbaycanın da ehtiyac yaranarsa, analoji addımı atması gündəmə gəlir. 

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, Rusiyada proseslər Azərbaycandan daha tez başlamışdı: “Rusiya Mərkəzi Bankı vaxtında tam üzən məzənnəyə keçdi. Bu il üçün Rusiyada dollar-rubl nisbətinin 62-dən artıq olmasını məqsədəuyğun hesab edirlər. Rusiya maliyyə bazarı rublun daha çox dəyərləndiyini hesab edir. Bu mənada büdcənin dolduruması, neft gəlirlərin daha uyğun şəkildə xərclənib rezervlərin artırılması məqsədi ilə Rusiya Mərkəzi Bankı uçot dərəcəsini aşağı salmaqla rublun dəyər itirilməsində maraqlıdır. Əslində, buna süni dəyər itirmə demək də düzgün olmazdı. Bazar şərtlərinə uyğun hərəkət edilir. Rusiya Mərkəzi Bankı özündə olan rıçaqlardan istifadə edir. Ancaq Rusiya rublu ciddi şəkildə ucuzlaşdırmağı da düşünmür”.
Ekspert əlavə etdi ki, Azərbaycanda vəziyyət fərqlidir: “Azərbaycanın rezervləri Rusiyanın rezervləri qədər çox deyil. Buna görə də manatın dəyər itirməsi mənfi effektlər yarada bilər. Manatın ucuzlaşması idxalatçı ölkə olduğumuzdan xüsusən inflyasiyaya səbəb ola bilər. Ancaq 2017-ci ildə manatın məzənnəsini aşağı salmaq və kursunun tez-tez dəyişdirilməsi gözlənilmir. Bu il ötən 2 ilə nisbətən stabil keçəcək. Yəni, Rusiyanın analoji addımını eynisi ilə bizim də atmağımız doğru olmazdı. 
İqtisadiyyatların özünəməxsus xüsusiyyətləri var. Lakin Mərkəzi Bank manatın dəyərini aşağı salmaqda maraqlı olmadığı kimi, məzənnənin çox da yüksəlməsində maraqlı deyil. Məzənnənin bu il stabil qalacağı gözlənilir. Süni şəkildə manatın dəyəri dəyişdirilməyəcək. Onsuz da artıq ilin yarısı keçib. Digər tərəfdən yay ayları iqtisadi aktivliyin zəif olduğu dönəmlərdir. Həmin dövrlərdə ciddi dəyişiklik həyata keçirilmir. Odur ki, ən azından payızı gözləməliyik”. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, ölkələr ixrac qabiliyyətlərini artırmaq üçün bir sıra tədbirlər görürlər: “Adətən, mövsümdə milli valyuta ucuzlaşdırılır ki, xaridən gələn turist yerli məhsullardan daha çox istifadə etsin. 
Ümumiyyətlə, dünya dövlətlərinin 98 faizi Ümumdünya Ticarət Təşkilatına üzvdür. Təşkilatın qaydalarından biri də antidempinq siyasətinə qarşı mümxtəlif tədbirlər həyata keçirilir. Məsələn, ölkə məhsulu daxili bazar üçün baha, ixrac üçün ucuz satır. Yaxud da məhdudlaşma siyasəti həyata keçirilir. Təşkilara üzv dövlətlərin antidempinq siyasətinin qarşısı alınır. Rusiya da ÜTT-ə üzv dövlətdir”. 
 

Mübariz BAYRAMOV

 


 

Sizin Reklam Yeriniz