Əlaqə Arxiv
news Image
2017.07.25
08:54
| A A A
Hərraclarda ucuzlaşan dollar banklarda bahalaşır
Natiq Cəfərli: “Banklarda dollara tələbin artması turizm və yeni məktəb mövsümü ilə əlaqədardır” Cəfər İbrahimli: “Hərraclarda dolların ucuzlaşması fonunda banklarda onun bahalaşması ancaq özünü qısa müddətli dövr üçün göstərə biləcək”

 Son hərraclarda dolların ucuzlaşması prosesi gedir. Amma dolların ümumən ucuzlaşmasına rəğmən, Azərbaycan banklarında bunun əksi baş qaldırıb. Belə ki, banklarda dolların alış və satış qiymətlərində artımlar var. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, buna iki amil səbəb olub, turizm və məktəb mövsümləri: “Əslində, keçirilən hərraclarda dollar elə də ciddi şəkildə ucuzlaşmayıb. Dolların bu fonda ucuzlaşması özünü ancaq cüzi şəkildə göstərib. Dolların hərraclarda manatla müqayisədə qiymətində sadəcə olaraq, 1,7022-dən 1,7012-yə qədər ucuzlaşma baş verib. 
Banklarda isə dollara olan tələbatın artımı prosesilə əlaqədar olaraq qiymətlərdə dəyişikliklər olub. Ona da iki əsas faktor təsir göstərib. Birincisi turizm mövsümü ilə əlaqədardır. Yay mövsümü ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı artıb. Eyni zamanda bu ərəfədə Azərbaycandan da xaricə kifayət qədər turist gedir. Nəticədə bu amil valyutaya olan tələbatın artmasına şərait yaradan əsas faktorlardan birinə çevrilir. İkinci bir fakt isə məktəb mövsümü ilə bağlıdır. Belə ki, həmin mövsümə hazırlaşan kiçik, orta və iri şirkətlər məktəb dövrünə aid geyimdən tutmuş dərs ləvazimatlarına qədər müəyyən şeyləri artıq xaricdən gətirməyə başlayıblar. Bunun üçün isə valyutaya ehtiyac yaranır. Azərbaycanda təxminən 1,5 milyon insanın şagird, tələbə və müəllim olaraq yeni mövsümə hazırlaşdığını nəzərə alsaq, deməli, geyim əşyaları və dərs ləvazimatlarına da kifayət qədər ehtiyac yaranacaq. Bu ehtiyacı qarşılamaq üçün də indidən şirkətlər hazırlığa başlayıb ki, belə vəziyyət də valyutaya olan tələbatı artırıb. Tələb artdığından banklarda dolların satış və alışı arasında qiymətlərdən həm fərq azalıb, həm də satış qiymətlərində artım müşahidə olunur”.
«Kapital Menecment» İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli isə qeyd etdi ki, hərraclarda dollar ucuzlaşsa da, banklarda bunun əksinin baş verməsi müvəqqəti prosesdir və uzun müddətli olmayacaq: “Hərraclarda dolların ucuzlaşması fonunda banklarda onun qiymətində bahalaşmanın müşahidə edilməsi tendensiyası Azərbaycan reallığında işlək ola bilməz. Çünki Mərkəzi Bank hələlik tam üzən məzənnəyə keçmədiyindən onun da kursu hərraclarda baş tutan satışla müəyyənləşir. Onlar satmasalar, proses bazarda müəyyənləşsə, o  zaman da banklardakı dəyişiklik diqqət mərkəzində ola bilər. Bütün hallarda düşünürəm ki, hərraclarda dolların ucuzlaşması fonunda banklarda onun bahalaşması ancaq özünü qısa müddətli dövr üçün göstərə biləcək. 
Mərkəzi Bankın keçirdiyi hərraclarda dolların qiyməti ucuzlaşırsa,  kommersiya banklarında onun qiymətində az da olsa artımların olması mümkündür. Amma bu halın uzun müddətli və kəskin məzənnə dəyişikliyilə müşahidə ediləcəyini gözləmirəm”  

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz