Əlaqə Arxiv
news Image
2017.07.27
07:33
| A A A
Dollar nə ucuzlaşacaq, nə də bahalaşacaq
Vüqar Bayramov: “Rəsmi hərracdakı məzənnə ilə bazardakı məzənnəni biri-birindən fərqləndirməliyik” Cəfər İbrahimli: “Bu il üçün kursda ciddi dəyişikliyin olması real görünmür”

Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə keçirilən son  hərracda da dollar ucuzlaşdı. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7012 səviyyəsindən 1,7010 səviyyəsinə enib. İqtisadçıların fikrincə, bu gözlənilən idi. Qarşıdakı müddətdə isə dollar-manat münasibətində kəskin dəyişikliyin olacağı proqnozlaşdırılmır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, rəsmi hərracdakı məzənnə ilə bazardakı məzənnəni biri-birindən fərqləndirməliyik: “Çünki hazırda praktiki olaraq hərracdakı rəsmi məzənnə ilə bazardakı məzənnə arasında fərq var. Son günlər valyutadəyişmə məntəqələrində ABŞ dollarının məzənnəsinin cüzi artması müşahidə olunur. Banklar dolların real satış kursunu bir qədər artırıblar. 
Bazarda dolların məzənnəsinin artımı tələbin artması ilə bağlıdır. Lakin valyuta hərracında dolların məzənnəsinin cüzi olaraq aşağı düşməsi Mərkəzi Bankın mövcud məzənnəni qoruyub saxlama istəyi ilə bağlıdır. Mərkəzi Bank ilin sonun qədər mövcud məzənnəni qorumağa çalışacaq. Həmçinin manatın möhkəmlənməməsi Mərkəzi Bank üçün prioritetdir. Çünki manat möhkəmləndikcə, bu, əvvəlki illərdə olduğu kimi ixracatın bahalaşması və idxaldan asılılığın artmasına gətirib çıxara bilər. Ona görə də hərracdakı dolların məzənnənin düşməsi mövcud məzənnəni qorunub saxlanılması və Mərkəzi Bank tərəfindən valyuta bazarına mesajların verilməsi ilə bağlıdır. Mərkəzi Bank bununla da valyuta bazarına kursun mövcud məzənnə ətrafında dəyişəcəyi haqqında mesajlar verir. Buna uyğun olaraq Mərkəzi Bank çalışır ki, növbəti dövrdə manatın və dolların möhkəmlənməsinin qarşısı alsın. Bazardakı tələb təklifə uyğun mövcud kursun saxlanılması Mərkəzi Bank üçün əsas hədəfdir”. 
Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki,  Mərkəzi Bank və Dövlət Neft Fondu bazarda olduğu müddətdə dolların kursunun nisbətən aşağı düşəcəyi proqnozlaşdırılır: “Lakin bu il üçün kursda ciddi dəyişikliyin olması real görünmür. İkinci rübün sonu üçün tədiyyə balansı da o qədər təhlükəli deyil. Kurs kəskin dəyişməyəcək. 
Hazırda yay dönəmidir. Bu dövrlərdə iqtisadiyyatda aktivlik nisbətən aşağı düşür. İdxala tələb azaldığından valyutaya olan tələb də azalıb. Yay vaxtı dünyanın bütün ölkələrində oxşar proseslər baş verir. Mərkəzi Bank və DNF bazarda daim valyuta satdıqları üçün kursun nisbətən aşağı düşməsi normal haldır. Lakin bu il üçün kəskin dəyişiklik gözlənilmir. Hökumət cari ildə dollar-manat münasibətini 1/1.7 səviyyəsində saxlamağa çalışacaq”.

 

 Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz