Əlaqə Arxiv
news Image
2017.08.15
09:30
| A A A
Banklar əmanət cəlbindən uzaq qaçırlar
Cəfər İbrahimli: “Banklar indi faizləri aşağı salırlar ki, az əmanət qəbul etsinlər” Xalid Mikayılov: “Səbəblərdən biri də əhalinin kreditlərə tələbatının azalmasıdır”

Məlumdur ki, əvvəllər əhalidən əmanət qəbulu üçün banklar müxtəlif stimullaşdırıcı kampaniyalar həyata keçirirdilər. Lakin son dövrlər belə kampaniyalara rast gəlinmir. İqtisadçılar bunu müxtəlif amillərlə izah edirlər. 

Bank məsələləri üzrə mütəxəssis Cəfər İbrahimli bildirdi ki, banklar hətta əmənat faizlərini aşağı salıblar: “Banklar kreditləşmə məsələsinə bir qədər diqqəti zəiflətdilər.  Daha çox valyuta dəyişməsi ilə məşğul oldular. Bu fəaliyyət bir dönəm ərzində onlar üçün yetərli görünürdü. Ancaq artıq vəziyyət dəyişib. 
Kreditlə bağlı qanunverciliyin dəyişməsi kreditvermə şərtlərini çətinləşdirib. Həmçinin müştərilərin vəziyyətini nəzərə alaraq bazarda risk var. Bu baxımdan banklar ehtiyatlı davranırlar. Bütün bunlara görə, bankların kredit vermək imkanları məhdudlaşıb. Əmanət toplayıb Maliyyə Nazirliyinin və Mərkəzi Bankın istiqraz və notlarına investisiya edirdilər. İndi isə həmin kağızların gəlirliliyi kəskin dərəcədə aşağı düşüb. Çünki tələb həddindən artıq çox oldu. Bununla da banklarda manat çox toplandı. Toplanan manatları isə kredit verə bilmədikləri üçün həmin qısamüddətli maliyyə alətlərinə xərclədilər. Bunların da faizləri kəskin aşağı düşdüyü üçün bankların likvid vəsaitləri çoxalıb. Banklar indi faizləri aşağı salırlar ki, az əmanət qəbul etsinlər. Likvid vəsaitləri çox olduğu üçün yerləşdirməkdə çətinlik çəkirlər. Bu da əmanətlərin cəlbediciliyini aşağı salıb”. 
Digər iqtisaçı-ekspert Xalid Mikayılov bildirdi ki, əvvəlki dövrdə banklar bazarda maksimum möhkəmlənmək və şaxələnmək siyasəti aparırdı: “Buna görə də əhalidən vəsait cəlb etmək üçün müxtəlif stimullaşdırıcı reklamlar verilirdi və əmanətlərə yüksək faizlər tətbiq edilirdi. Amma hazırda bazar buna imkan vermir. Çünki cəlb olunmuş vəsaitləri banklar yenidən bazarda yerləşdirməli və qazanc götürüb əmanətlər üzrə faizlərin ödənilməsinə yönəltməlidir. Hazırda bunu etmək bir qədər çətinləşib.  Bunun isə bir neçə səbəbi var. 
İlk növbədə bankların müştəri bazasını təşkil edən müəyyən insanlar iş yerlərini itiriblər. Nəticədə kredit götürmək imkanları zəifləyib.  Həmçinin dövlət və özəl investitiyalar devalvasiyadan əvvəlki dövrə nisbətən azalıb. Nəticədə iqtisadi aktivlik azaldığı üçün biznes kreditlərinə də tələbat azalıb. Növbəti səbəblərdən biri də əhalinin kreditlərə tələbatının azalmasıdır. Əhali hazırda qiymət artımlarına görə əsas gəlirlərini zəruri istehlaka yönəldir. Nəticədə əvvəlki kimi yüksək faizlə kredit götürüb ödəməyə meylli deyillər. Bütün bunlar isə sonda kredit resurslarına tələbatı azaldır. Nəticədə banklar da cəlb etdikləri vəsaitlərin yerləşdirməyin çətin olacağını bilirlər. Buna görə də əvvəlki kimi bu sahədə aktiv deyillər. 
Əmanət qəbulunu çətinləşdirən digər faktor isə dollarlaşmadır. Dollarla kredit yerləşdirmək çətin olsa da, əmanətlərin strukturunda dollarlaşma yüksək olaraq qalır. Bu da banklar üçün cəlbedici deyil. Bank əməliyyatları bir-biri ilə əlaqəli olduğu üçün kreditləşmədə yaşanan çətinlik əmanətlərə də təsir edir. Hazırda banklar daha çox internet bankinq xidmətlərinin təklifində maraqlıdırlar. Bu isə devalvasiyadan sonra yeni biznes modelinə keçidlə bağlıdır. Əsas məqsəd gəlirliyi təmin etməkdir. Bunun üçün isə əsasən xərcləri azaltmağa çalışırlar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz