Əlaqə Arxiv
news Image
2017.08.22
08:00
| A A A
Manat və avro dolların mövqeyini sarsıdır
Əkrəm Həsənov: “Hazırda dünyada dolların ucuzşlaması tendensiyası yaşanır” Natiq Cəfərli: “Proseslərin hansı istiqamətə gedəcəyi Federal Ehtiyat Sisteminin sentyabr ayında baş tutacaq toplantısından asılıdır”

Son illər dollar-manat nisbətində yaşanan gərginlik indi yerini avro-manat nisbətinə verib. Belə ki, bir neçə aydır avronun məzənnəsində artım yaşanır. Hətta avqust ayının əvvəlində bir avro iki manata qədər yüksəldi. Diqqət çəkən digər məqam isə dolların ucuzlaşmasıdır.

 İqtisadçılar bu “oynamaları” dünyada avronun dollara nisbətən bahalaşması ilə əlaqələndirilər. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, bu, dünyada gedən proseslərlə əlaqədardır: “Hazırda dünyada dolların ucuzşlaması tendensiyası yaşanır. Avro isə bahalaşmır. Avronun məzənnəsi sabit qalır. Sadəcə, dollar ucuzlaşır. Azərbaycan manatı isə avro və dollarla çarpaz əlaqəli olduğunda dollar ucuzlaşanda avro bahalaşır. 
Dolların ucuzlaşma səbəbləri hazırda ABŞ-da yaşanan müəyyən siyasi böhrandır. ABŞ prezidenti Donald Trampın administrasiyasında ciddi dəyişikliklər baş verir. Hətta özünün vaxtında əvvəl vəzifədən getməsi haqqında söhbətlər var. Bütün bunlar dolların məzənnəsinə təsir göstərməyə bilməz. Bunlar həllini tapan kimi dollar öz mövqeyinə qayıdacaq”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli də bunun dünyada yaşanan iqtisadi proseslərlə bağlı olduğunu bildirdi: “Son zamanlar dünyada avronun məzənnəsində ciddi yüksəlişlər qeydə alınır. Bu yüksəliş Azərbaycanda da hiss edilir. Çünki məzənnə Azərbaycan banklarının, əhalinin avrozona ilə olan əlaqələrinə təsir göstərir. Ona görə də avronun satış qiymətlərində müəyyən artımlar müşahidə olur. 
Dolların məzənnəsində cüzi ucuzlaşma var. Lakin avronun məzənnəsi kimi kəskin dəyişmir. Son iki ay ərzində avronun məzənnəsi manata qarşı 18 faizə yaxın yüksəlib. Dolların məzənnəsində isə çox cüzi səviyyədə ucuzlaşma qeydə alınır. Bütün bunlar dünyada yaşanan prsoeslərlə əlaqədardır. Seçkilərdən sonra ABŞ-da siyasi sabitliyin olmaması, Donald Trampın komandasının tərkibinin tez-tez dəyişməsi, D. Trampın vədlərinin əksinə olaraq təşviq proqramlarını həyata keçirə bilməməsi dolları zəiflədib. Bu da dünyada dolların avroya nisbətən zəifləməsinə səbəb olub”.
İqtisadçının sözlərinə görə, proseslərin hansı istiqamətə gedəcəyi Federal Ehtiyat Sisteminin sentyabr ayında baş tutacaq toplantısından asılıdır: “Həmin toplantıda iki mühüm qərarın qəbul olunması gözlənilir. Birincisi uçot dərəcəsi daha 0.25 faiz arta bilər. İkincisi isə iqtisadiyyata FES tərəfindən verilən kreditin geri alınması ilə bağlı qərar gözlənilir. Hər iki qərar dolların məzənnəsinə təsir göstərəcək və bahalaşdıracaq. Ancaq siyasi problemlərlə əlaqədar kəskin bahalaşmanın olma ehtimalı azdır. Dolların ən azından 2-3 faiz bahalaşması gözlənilir. Bu gün dünyada 92 indeksində olan dollar 95 indeksinə qədər qalxa bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz