Əlaqə Arxiv
news Image
2017.09.14
08:00
| A A A
Lombardların faiz dərəcələri əhalini daha çox xərcə salır
Samir Əliyev: “Lombard fəaliyyətində çoxsaylı müştəri hüquqlarının pozulması halları var” Əkrəm Həsənov: “Qanunla lombard faizlərini tənzimləmək mümkün deyil”

Son dövrlərdə lombard kreditlərində yenidən faizlərin artımı müşahidə olunur. Amma iqtisadçıların sözlərinə görə, bu artım təbiidir. Banklardan kredit almaq çətinləşdiyindən lombardlara müraciət artıb. Tələbin yüksəlməsi lombard faizlərinin artmasına şərait yaradıb. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, Azərbaycanda əhali son on ildə kreditdən istifadə etməyə öyrəşmişdi: “Amma son vaxtlar bank sektorunda baş verən hadisələr kredit verilməsində məhdudlaşmaya gətirib çıxartdı. Buna rəğmən, istehlakçı davranışı adlanan anlayış var. İnsanlar pulları azalsa da, bir müddətd köhnə ab-havada yaşayırlar. 
İndi yenə də əhalinin kreditə ehtiyacı var. Amma banklardan kredit götürmək mümkün deyil. Yaxud da kredit verilməsi şərtləri ağırdır. Bu zaman iş yerindən arayış, əmək haqqının zəruri həddə olması və s. tələb olunur. Halbuki, bu gün rəsmi maaş almayan çoxsaylı insanlar var. Hətta rəsmi əmək haqqı alanlar belə yeni qaydalara görə böyük həcmdə kredit ala bilmirlər. Bütün bunları nəzərə alsaq, lombardlara tələbat artıb. Hazırda lombard fəaliyyəti heç bir qanunla tənzimlənmir. Ona görə də bu sahədə çoxsaylı müştəri hüquqlarının pozulması halları var”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, hazırda vətəndaşların banklardan, bank olmayan kredit təşkilatlarından kredit götürməsi çətinləşib: “O baxımdan lombardlara tələbat artıb. Bu da lombardlarda faiz dərəcəsinin artmasına şərait yaradıb. Həmçinin nəzərə alaq ki, lombardlar pulu banklardan götürür. Banklar isə lombard sahiblərinə daha yüksək faizlərlə kredit verir. Buna görə də lombardlar öz xərclərini azaltmaq üçün faiz dərəcələrini artırırlar. Ancaq əsas səbəb borc almaq istəyən insanların sayının artmasıdır. Həmin insanlar banklardan kredit ala bilmədiklərindən lombardlara müraciət edirlər. Tələbin yüksəlməsi fonunda lombardlar da kredit faizlərini artırırlar”.
Ekspert əlavə etdi ki, qanunla lombard faizlərini tənzimləmək mümkün deyil: “Ancaq bir neçə il əvvəl bununla bağlı qanun layihəsi hazırlayıb dövlət orqanlarına təqdim etmişik. Hələlik həmin qanun qəbul olunmayıb. Orada müddəalardan biri o idi ki, bank, bank olmayan kredit təşkilatı və lombardlar tərəfindən əhaliyə verilən kreditlərin maksimal faiz dərəcələri olsun. Nazirlər Kabineti belə bir faiz dərəcəsini müəyyən edə bilər. Hələlik bu “tavan» olmadığı üçün lombardlar istədikləri faizləri qoya bilirlər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz