Əlaqə Arxiv
news Image
2017.09.15
09:30
| A A A
Manatın məzənnəsi yenə mübahisə doğurdu
Xalid Mikayılov: “İqtisadiyyatda əsas təkanverici faktorun istehlak olduğunu nəzərə almaq lazımdır” Cəfər İbrahimli: “Manatın dəyərini hesablamaq üçün institutlar elmi metodologiya üzərinə işləməlidir”

Sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyət ölkəmizdə səfərdə olub. Cihad Azur manatın möhkəmləndirilməsi  siyasətinin davam etdirilməsinin vacibliyini bildirib. Ancaq iqtisadçılar indiki şəraitdə manatın bahalaşdırılmasını məqbul hesab etmirlər.

İqtisadçı-ekspert Xalid Mikayılov bildirdi ki, BFV-nin nəyi nəzərdə tutduğunu dəqiq bilinmir: “Daha çox makroiqtisadi sabitlikdən söhbət gedir. Hazırki şəraitdə manatın  məzənnəsinin sabitləşməsini normal hesab etmək olar. Çünki daxili və xarici iqtisadi proseslər bunu dəstəkləyir.  Amma manatın daha da bahalaşacağını və ya bunun düzgün olacağını düşünmürəm. 
Məzənnənin sabitləşməsi uzumüddətli investisiya qərarlarının verilməsini asanlaşdırır, dollarlaşmanı azaldır, qiymətlərdə sabitlik yaradır ki, bütün bunlarda sonda ümumi iqtisadi göstəriciləri yaxşılaşdıra bilər. Lakin nəzərə almaq lazımdır ki, manatın məzənnəsi məsələsi çoxdan arxa plana keçməlidir. Biz bu məsələni arxada qoymalıyıq. Artıq müəyyən qədər sabitlik yarandığı üçün istehlak, istehsal və xidmət kimi iqtisadiyyatı hərəkətə gətirən məsələlərə diqqət yetirilməlidir. İqtisadiyyatda əsas təkanverici faktorun istehlak olduğunu nəzərə almaq lazımdır. İnkişaf etmiş ölkələrdə də ümumi daxili məhsulun tərkibində 60-70% istehlak təşkil edir. Bizdə də bu, belədir. İstehlakın artması üçün isə kreditləşmə bərpa olunmalı ,iş yerləri artmalı ,həm də qiymətlər sabitləşməlidir”.
Ekspert əlavə etdi ki, manatın hansı səviyyədə olmasını demək çətindir: “Çünki, iqtisadiyyatda və iqtisadi göstəricilərdə dəyişiklik baş verdikcə manatın da məzənnəsi buna uyğun olaraq dəyişə bilər. Yəni bu, daimi prosesdir. Amma uzunmüddətli dövr üçün hansısa interval yaranması müsbət olardı. Bu, həm özəl sektora həm də dövlətə qərarların verilməsini asanlaşdırır. Ancaq manatın əvvəlki məzənnəsi mümkün deyil. Çünki manatın avro və dollar kimi güclü dönərli valyutalardan daha baha olması reallığı əks etdirmirdi. Bu, yalnız dəstək sayəsində belə idi. Bu amilləri nəzərə alsaq, manatın əsl məzənnəsi nisbətən daha aşağı olmalıdır”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, 2008-ci il böhranından sonra heç bir ölkə valyutasının dəyər qazanmasına çalışmır: “Əksinə, ölkələrin hamısını süni şəkildə valyutasını dəyərdən salmağa çalışır ki, ixracat imkanları genişlənsin. Azərbaycan hazırda çətinlikdən tam çıxmayıb. Gələcəyi görmədiyimiz halda manatın möhkəmləndirilməsi məqbul olmazdı. 
Onsuz da manatın məzənnəsi Mərkəzi Bank və Dövlət Fondun müdaxiləsi ilə tənzimlənir. Bu fonda manatın real dəyəri bəlli deyil. Manatın süni şəkildə dəyərini yüksəltmək faydalı olmayacaq. Neft ixracını, qeyri-neft ixracı ilə əvəzləndirmə prosesində manatın gücləndirilməsi vaxtımızı alacaq. Odur ki, manatı gücləndirib yerli istehsalı zəiflətməyin tərəfdarı deyiləm. Manat hazırki maliyyə mexanizminin işləməsi baxımından real dəyərini tapmayıb. Bəlkə də manatın real dəyəri bundan artıqdır. Bunu demək çətindir. Odur ki, süni şəkildə tənzimləməkdənsə, real dəyərini axtarmaq lazımdır. Amma bu məsələdə konkret və ya təxmini rəqəm demək çətindir. Manatın məzənnəsi ilə bağlı fərqli rəqəmlər deyildi. Ancaq nə elmi çevrədə, nə institutlarda, nə də qeyri-hökumət təşkilatlarında hansısa metodologiyadan istifadə edilməyib. Çünki ortada bu cür metodologiya yoxdur. Manatın dəyərini hesablamaq üçün institutlar elmi metodologiya üzərinə işləməlidir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz