Əlaqə Arxiv
news Image
2017.09.16
09:00
| A A A
Avroya Azərbaycanda da tələb sürətlə artır
Natiq Cəfərli: “Yaxın aylarda avronun qiymətinin artma ehtimalı yüksəkdir” Əkrəm Həsənov: “Avroya marağın artması yalnız Azərbaycanda yox, bütün dünyada müşahidə edilir”

Son aylar bahalaşan avro bazara təsirlərini göstərir. Araşdırmalar göstərir ki, ölkənin maliyyə bazaralarında avroya tələb artıb. Hətta yığım vasitəsi kimi avronun payı yüksəlib. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, son zamanlar avronun məzənnəsinin artması ona marağı yüksəldib: “Avropa ölkələri ticarət əlaqələrinin genişlənməsinə çalışılır. Bu da Avrozona ilə ticarət müqavilələrinin artımına təkan verən amilə çevrilir. Bütün bunlar avroya tələbin artmasına səbəb olub. Digər tərəfdən, Azərbaycan  avtomobil bazarındakı canlanma da avroya tələbi artırıb. Çünki Azərbayana daha çox avtomobil Avrozonadan gətirilir. Bu da avroya marağı və tələbi artırıb. Eyni zamanda avronun daha çox bahalaşacağı ilə bağlı gözlənti formalaşıb. Buna görə də yığım məqsədi ilə  avro alanların sayı xeyli artıb”.
Ekspert əlavə etdi ki, yaxın aylarda avronun qiymətinin artma ehtimalı yüksəkdir: “Bu, avronun bahalaşmasından çox digər valyutaların, eləcə də dolların zəifləməsi ilə əlaqədardır. Bunun səbəbi iqtisadi yox, əsasən siyasidir. ABŞ-da bu siyasi səbəblərin bir müddət gündəmdə qalacağını nəzərə alsaq, avronun bahalaşma ehtimalı yüksəkdir. Amma Avropa, xüsusən də Almaniya avronun aşırı dərəcədə bahalaşmasını istəmir. Çünki bu, Avropanın ixracat potensialına zərbə vura bilər. Ona görə də kəskin artımların olma ehtimalı azdır”.
Digər ekspert Əkrəm Həsənov bildirdi ki, avroya marağın artması yalnız Azərbaycanda yox, bütün dünyada müşahidə edilir: “Bu, onun son vaxtlar dəyərinin artması ilə bağlıdır. Lakin avronun dəyərinin yüksəlməsi nisbi məsələdir. Avro bahalaşmır, dollar ucuzlaşır. Bu da ABŞ-ın siyasətindən irəli gələn amildir. 
Hazırda Donald Trampın vəzifədə qalıb-qalmaması aktual məsələdir. Bu da ABŞ-a olan etimadı azaldıb ki, dollar ucuzlaşmasına səbəb olub. Dollar ucuzlaşdığı üçün Azərbaycanda avro bahalaşır. Ancaq dolların məzənnəsi bu cür qalamayacaq. Həm ABŞ-da siyasi qeyri-müəyyənlik düzələcək, həm də ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini artıracaq. Odur ki, yenidən dolların bahalaşması gözlənilir. Ona görə də yığım kimi xarici valyutada ehtiyat saxlayanlar həm dollara, həm də avroda üstünlük versələr, yaxşıdır.  Avronun bahalaşmasına baxıb bütün ehtiyatları avroda saxlamaq düzgün olmaz”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz