Əlaqə Arxiv
news Image
2017.09.23
10:45
| A A A
Bankda zamin duranların üzləşdiyi daha bir problem üzə çıxdı
Vüqar Bayramov: “Əgər öhdəlik başa çatıbsa və borc ödənilibsə və yeni öhdəlik yaranırsa, əvvəlki zaminin zaminliyi qüvvədən düşür” Əkrəm Həsənov: “Zamin yalnız banka ödədiyi məğləği borcludan tələb edə bilər” Cəfər İbrahimli: “Öhdəlik tam ödənildikdən sonra bank zaminin tələbi ilə onun zaminliyinə xitam verməlidir”

Devalvasiya hadisəsindən sonra bank-vətəndaş münasibətləri bir qədər də gərginləşib. Qeyri-rəsmi məlumatlara görə, hazırda problemli kreditlərin müəyyən hissəsini məhz zaminlər ödəyir. Ancaq diqqəti çəkən odur ki, borc zamindən tələb edilsə də, zaminin tələbləri çox zaman həyata keçirilmir.

Bu məsələdə redaksiyamıza bir müraciəti təqdim edək. Belə ki, adının mediada çəkilməsini istəməyən şəxs bildirir ki, dostuna kredit kartı alanda zamin durdu. Amma sonra kredit sahibi borcu ödəyə bilmədiyindən bank pulu zamindən tələb edib. Zamin də pulu ödədikdən sonra kredit kartının bağlanmasını tələb edib. Ancaq bank zaminin bu tələbini yerinə yetirməyib. Üstəlik, cərimə gəldikcə, onları da ödəməyə məcburdur. Proses isə kredit kartının müddəti sona çatana qədər  davam edəcək. Bunun nə qədər qanuni olub olmadığını araşdırmağa çalışdıq. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki zaminin hüquqları müqavilə əsasında müəyyənləşir: “Borca zamin durduğu üçün borcun qaytarılması üçün öhdəliyə malik olur. Müqavilələrdə adətən, kartın bağlanması ilə bağlı qərar borc götürənin səlahiyyətindədir. Əgər öhdəlik başa çatıbsa və borc ödənilibsə və yeni öhdəlik yaranırsa, əvvəlki zaminin zaminliyi qüvvədən düşür. Zaminik konkret məbləğə görədir. Hətta həmin kart bağlanmasa da, sonradan kredit götürərsə, əvvəlki zamində zaminlik öhdəiyi yaratmır. Kartın bağlanması ilə qərarı yalnız kart sahibi edə bilər. Zaminin bu cür hüququ yoxdur. Hətta ödəniş etsə də, onun bu cür hüququ yoxdur”. 
Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, kart boclunun adınadır: “Zamin isə götərilən müddət ərzində zamin durur. Yəni, kart borcluya verilib. Zaminin ixtiyarı yoxdur, onun kartını bağlatdırmağa. Zamin yalnız banka ödədiyi məğləği borcludan tələb edə bilər. O, ödəməsə, onu məhkəmə verə bilər. İddianı təmin etmə üsulu kimi məhkəmə həmin kartı dondursun. Amma bankdan bunu tələb edə bilməz. Çünki kart müqaviləsini zamin bağlamır. Odur ki, kartı yalnız borclu bağlaya bilər”. 
İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, öhdəlik mövcud olan vaxtı zamin zaminliyinin ləğvini tələb edərsə, bank onu ləğv edə bilməz: “Kart məhz zaminliyə görə meydana çıxıb. Amma öhdəlik tam ödənildikdən sonra bank zaminin tələbi ilə onun zaminliyinə xitam verməlidir”.
Sonda onu da qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin açıqlamasına görə, son zamanlar bank və bank olmayan kredit təşkilatları ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz