Əlaqə Arxiv
news Image
2017.10.06
07:08
| A A A
Mərkəzi Bankın artan valyuta ehtiyatları dolları ucuzlaşdıra bilər
Rəşad Həsənov: “Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına bir neçə amil təsir göstərib” Yaşar Əsədov: “Tendensiya sabitdir və il ərzində yalnız artım olub”

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Mərkəzi Bankdan verilən xəbərə görə, AMB-nin valyuta ehtiyatları oktyabrın 1-nə 5 milyard 167,5 milyon ABŞ dolları təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 66,3 milyon  dollar və yaxud 1,3% çoxdur. İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 milyard  193,1 milyon   dollar və yaxud 30%, son 1 ildə isə 1 milyard 034,8 milyon  dollar və yaxud 25% artıb. Bu artımı şərtləndirən səbəblər nədir və belə vəziyyət dolların sonrakı məzənnəsinə nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına bir neçə amil təsir göstərib: “Əslində, Mərkəzi Bankın rezervlərinin az olması fonunda onun valyuta ehtiyatlarının həcminin artması o qədər də ciddi artım sayıla bilməz. Belə ki, 2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollardan çox idi. Hazırda isə rezervlərinin miqdarı 5,2 milyard dollardır. Amma bununla belə görürük ki, ötən illə müqayisədə müsbət dinamika yaşanır. Bu da manatın gələcək məzənnəsi üçün pozitiv hesab oluna bilər. 
Bankın valyuta rezervlərinin artmasını şərtləndirən əsas məqamlardan biri odur ki, Mərkəzi Bank faktiki olaraq, valyuta bazarlarında satış həyata keçirmir. İkincisi, bank əməliyyatları nəticəsində nəzərdə tutulan ödəmələrin müəyyən qisminin valyutada edilməsi  Mərkəzi Banka öz ehtiyatlarını müəyyən qədər artırmağa imkan yaradıb. Digər tərəfdən, kommersiya banklarının  öhdəlikləri üzrə Mərkəzi Bankda yaratdıqları ehtiyatların müəyyən hissəsinin valutada olması da, sözügedən prosesə təsir göstərib. 
Ümumiyyətlə, Mərkəzi Bankın bank sektorundan cəlb etdiyi valyuta hesabına anoloji proses baş verib. Hazırda manatın məzənnəsi üçün ciddi problemlər ortalıqda deyil. Bütün daxili və xarici, habelə fundamental və müvəqqəti faktorlar məzənnəni dəstəkləyən istiqamətdədir. Bazar konyuktrunda hər hansı bir risq yoxdur. Amma Mərkəzi Bankın qəbul edəcəyi qərarları da hazırkı şəraitdə öncədən proqnozlaşdırmaq çətindir. Buna baxmayaraq, Mərkəzi Bankın açıqladığına görə, məzənnə bazarda konyuktur əsasında formalaşır. Bu baxımdan növbəti dövrlərdə ehtimal olunur ki, Mərkəzi Bank kəskin devalvasiya qərarları qəbul etməyəcək. Çünki Mərkəzi Bank valyuta bazarındakı rezervlərini birdəfəlik məhv etməklə növbəti dövrlərdə bazara təsir imkanlarını tamamilə aradan qaldıra bilər. Həmin istiqamətdə nəsə baş verəcəksə, mərhələli şəkildə olacaq. Hələ də manatın məzənnəsi Mərkəzi Bankın qərarlarından asılıdır. Lakin faktiki olaraq, bazarda da manatın dollar qarşılığında məzənnəsinə mənfi təsir edən hər hansı bir proses yoxdur”.  
İqtisadçı-ekspert Yaşar Əsədov isə bu qənaətdədir ki, Mərkəzi Bankın valyuta rezervlərinin artmasına son zamanlar neftin stabil olaraq yüksələn qiymətləri təsir göstərib: “Mərkəzi Bankın valyuta ehtiyatlarında artım baş versə də, bu, hələlik elə də güclü sayıla bilməz. Keçən illə müqayisədə 25 faizlik artımın olması elə də böyük rəqəm deyil. Bu fonda Mərkəzi Bankın indi artan valyuta ehtiyatları dolların məzənnəsinə hər hansı bir formada həlledici təsir göstərmək gücündə deyil. Yalnız cüzi şəkildə təsir göstərə bilər. Ona görə də dolların məzənnəsində nəzərə çarpacaq əhəmiyyətli dəyişiklik olmayacaq. Ancaq burada əsas məsələ odur ki, tendensiya sabitdir və il ərzində yalnız artım olub. Bu da çox təskinverici amildir. 
Baş bankın ehtiyatlarının artmasını neftin artan qiymətlərilə də izah etmək olar. Bilirsiniz ki, son dövrlər dünya bazarında neftin, ümumiyyətlə xammal resurslarının qiymətləri bahalaşır. Azərbaycan da dünya bazarına əsas etibarı ilə xammalı ilə çıxır. Burada da neft və neft məhsullarının payı böyükdür. Həmçinin, dünya miqyasında iqtisadi artım da baş verir ki, bunun özü də Mərkəzi Bankın rezervlərinin çoxalmasına təsir edib. 2008-ci ildən başlanan qlobal maliyyə böhranı artıq arxada qalmaq üzrədir. Dünyada iqtisadi proseslərin canlanmasına və neftin qiymətinin qalxmasına Suriyada terrora qarşı mübarizənin qələbəyə doğru son fazaya yaxınlaşması da təsir göstərib. Bu amillər özlüyündə Azərbaycana, Mərkəzi Banka da xeyir gətirən amillərə çevrilib”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz