Əlaqə Arxiv
news Image
2017.10.06
10:15
| A A A
Bahalı kredit siyasəti bankların özünə zərər edir
Natiq Cəfərli: “Əgər banklar vətəndşalarla müqavilə bağlayıb faizlərdə müəyyən düzəlişlər etsəydilər, problemli kreditlərin həcmi bu qədər artmazdı” Xalid Mikaylov: “bankların sayında əlavə azalma mümkündür”

Azərbaycanda 2017-ci il avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil edib. Kredit portfelinin 10 milyard 336,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə ümumi kredit portfelinin 14,1 faizini (təqribən 1 milyard 813,3 milyon manat) təşkil edib. İqtisadçıların fikrincə, problemli kreditlərin həcminin artımı həm də bankların yanlış siyasəti ilə bağıldır. Bu fonda da mövcud tələblərə cavab verməyən bankların fəaliyyətlərini dayandırması ehtimal edilir.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, problemli kreditlərin həcminin artması bankların özlərinə də xeyir etmir: “Belə vəziyyət getikcə onları iflic vəziyyətə salır. İqtisadi aktivlikdə rol oyanaya bilmirlər. Rəsmi rəqəmlərə görə, Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit portfelinin təxminən 14 faizinə yaxındır”.
Ekspertin fikrincə, bankların əsas səhvi ondan ibarətdir ki, birinci devalvasiyadan sonra vətəndaşlarla yeni müqavilə bağlamalı, yəni, xarici valyuta ilə olan kreditləri manata çevirməli idilər: “Mətbuatda da ekspertlər tərəfindən bu cür təkliflər irəli sürülsə də, banklar bunu etmədilər. Düşündülər ki, vətəndaşlardan kreditləri almaq asan olacaq. İkinci devalvasiyadan sonra isə xarici valyutada olan kreditlər iki dəfədən çox bahalaşdı. Faizlərin də yüksək olduğunu nəzərə alsaq, vətəndaşlar krediti geri qaytara bilmədilər. Bunlar problemli kreditlərin həcminin sürətlə artmasına səbəb oldu. Əgər o vaxtı banklar vətəndşalarla müqavilə bağlayıb, dollarda olan kreditləri manata çevirsəydilər və faizlərdə müəyyən düzəlişlər etsəydilər, problemli kreditlərin həcmi bu qədər artmazdı. O zaman banklar indiki qədər ağır vəziyyətə düşməzdilər. Banklardan qaynaqlanan əsas səhv bununla bağlıdır”.
Digər iqtisadçı-ekspert Xalid Mikaylov bildirdi ki, bankların yalnış kredit siyasəti yürütməsi ilə qismən razılaşmaq olar: “Amma bu cür kreditlərin həcminin bank sektoruna təsir edəcək səviyyədə olmasını düşünmürəm. Yəni, devalvasiyalardan əvvəl də banklarda problemli kreditlər mövcud idi. Amma bu, onların fəaliyyətinə ciddi təsir etmirdi. Hazırda isə devalvasiya nəticəsində yaranmış problemli kreditlər daha çoxdur. Çünki xarici valyutada verilən kreditlərin ödənişi demək olar ki, dayanıb. 
Mənzərinin yaranmasında həm də tənzimləyici qurumun zəif nəzarətinin də payı var. Üstəlik, devalvasiya bu boşluqları daha da üzə çıxardı və qloballaşdırdı. Hazırki vəziyyətdə banklar üçün əsas iki problem var. Bu, həm onların öz fəaliyyəti ilə, həm də ümumi makroiqtisadi proseslərlə bağlıdır. Banklar əvvələr kredit portfelini artırmaqla problemli kreditlərin mənfi təsirlərini azalda bilirdilər. Yəni, portfel şişdikcə, problemlər kiçik görünürdü. Çünki gəlir də artırdı. Hazırda kreditləşmə zəiflədiyi üçün problemli kreditlər ciddi narahatçılığa çevrilib. Çünki portfel kiçildikcə bankların sadəcə, problemli kreditləri qalır. Bu isə gəlir gətirmir. Nəticədə onların fəaliyyəti üçün iqtisadi əsas zəifləyir. Nəticədə demək olar ki, bank fəaliyyəti üçün iqtisadi əsas azaldığından gələcəkdə onların sayı ya könüllü olaraq, ya da inzibati yolla azala bilər. Bankların sayının azalmaması üçün ən azından iqtisadiyyatın əvvəlki iqtisadi vəziyyətə qayıtması şərtdir. Bu isə uzun müddət tələb etdiyi üçün bu müddətdə bankların sayında əlavə azalma mümkündür”.
 

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz