Əlaqə Arxiv
news Image
2017.10.26
09:40
| A A A
Baş bank üzən məzənnə rejiminin müddətini uzadır
Cəfər İbrahimli: “Üzən məzənnə rejimində pulun dəyəri ölkələrin vəziyyətin uyğun dəyişir” Yaşar Əsədov: “Son iki ildə qeyri-neft sektorunda ciddi inkişaf yaşanır”

Azərbaycanda 2018-2021-ci illərdə pul siyasətinin prioritet istiqamətləri açıqlanıb. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Qeyd olunur ki,  çevik məzənnə rejiminin iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunması, iqtisadiyyatın və tədiyə balansının tarazlaşdırılması üçün vacibliyi nəzərə alınaraq inflyasiyanın birbaşa hədəflənməsi rejiminə keçidin ilkin şərti kimi üzən məzənnə rejiminin tətbiqinin davam etdirilməsi planlaşdırılır. Yəni, üzən məzənnə rejimi 2021-ci ilədək uzadıla bilər. İqtisadçıların proqnozuna görə bu, qarşıdakı dövr ərzində manatın məzənnəsinə ciddi təhlükə vəd etmir. Hətta manatın möhkəmlənməsi belə istisna deyil.

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, Mərkəzi Bank 2021-ci ilə qədər üzənnə rejiminin uzadılacağını açıqladı: “Maraqlısı odur ki, 2021-ci ildən sonra necə olacaq? Bu, Mərkəzi Bankın açıqlamasında məlum olmadı. Ancaq nəzərə alaq ki, bu gün dünyada ən mütərəqqi rejim üzən məzənnə rejimidir. İnkişaf etmiş ölkələrin hamısının pul siyasəti budur. Ancaq açıqlamada indiki mexanizmin 2021-ci ilə qədər davam edəcəyini demək istəyirlərsə, başadüşüləndir. Çünki hazırda manatın məzənnəsinə tam üzən məzənnə demək olmur.  
Mərkəzi Bank və Dövlət Neft Fondu bazara çıxmaqla prosesə müdaxilə edirlər. İndilik buna tənzimlənən üzən məzənnə demək olar. Yəqin ki, 2021-ci ilə qədər belə davam edəcək, ondan sonra tam üzən məzənnə siyasətinə keçəcəklər”. 
İqtisadçının sözlərinə görə, üzən məzənnə rejimində pulun dəyəri ölkələrin vəziyyətin uyğun dəyişir: “İnkişaf etməkdə olan ölkələrin ümumi ortaq problemi var. Elmdə, texnologiya istehsalında inkişaf etmiş ölkələrdən geri qalırlar. Buna görə də onlardan mal və avadanlıqlar idxal etmək məcburiyyətində qalırlar. Bu da valyutaya tələbi daim saxlamış olur. Ona görə də inkişaf etməkdə olan ölkələrdə tədiyyə balansını qorumaq üçün həmişə valyutanın qiymətində dəyişiklər baş verir. Bizim də hazırda əsas ixrac məhsulumuzun neftdir. Neftdən vəsait daxil olur. Bunun hesabına manatın məzənnəsinə təsir edib dövlətin müəyyən etdiyi kursda saxlamaq imkanımız var. Ancaq prosesin neçə il davam edəcəyini demək çətindir. Nəzərə alaq ki, iqtisadiyyat böyüdüyündən onun tələbləri artacaq. Yəni, neft ixracatda kifayət edəcəkmi?  Qeyri-neft ixracatındakı rəqəmlər isə hələlik kiçikdir. Bunun da yaxın bir, iki ilə tədiyyə balansına ciddi təsir edəcəyi inandırıcı deyil. Amma bu strategiya davam edərsə, tədiyyə balansındakı problemləri ortadan qaldırmaq olar. Ancaq indilik Mərkəzi Bank mal və xidmətlərin stabilliyini təmin edə bilir”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, iki ildir ölkəmizdə üzən məzənnə rejimi tətbiq olunur: “Proseslər göstərir ki, üzən məzənnə rejimi maliyyə bazarında ciddi təlatümlər yaşatmır. Bəzi xırda möhtəkirlik olsa da bu, maliyyə dövriyyəsinə həlledici təsir göstərmir. Proseslər Mərkəzi Bankın nəzarət altındadır. 
Düzdür, manatın məzənnəsi neftin qiymətindən asılıdır. Neftin qiyməti 2015-ci illə müqayisədə 3 dəfə yaxın endi. Bu zaman manatın da məzənnəsi 3 dəfə enməli idi. Lakin o cür radikal dəyişiklik olmadı. Deməli, manatın məzənnəsi nəzarət altındadır. Digər tərəfdən nəzərə alaq ki, son iki ildə qeyri-neft sektorunda ciddi inkişaf yaşanır. Bu da manatın neft amilindən asılılığını azaldıb. Ümumiyyətlə, qeyri-neft sektorunun iqtisadiyyatda payının artırılması prioritetdir. Bu isə o deməkdir ki, 2021-ci ilə qədər manatın neftdən asılılığı azalacaq. Çox güman ki, məzənnə indiki kimi sabit qalacaq. Hətta manat güclənə də bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz