Əlaqə Arxiv
news Image
2017.10.28
09:30
| A A A
Bank sektorunda mühüm dəyişikliklər başlanır
Natiq Cəfərli: “Yaxın gələcəkdə iki deyil, hətta daha çox bankın birləşməyə getdiyini müşahidə edə bilərik” Cəfər İbrahimli: “Birləşmə bankların gəlirliyinə və xərclərinin optimallaşmasına müsbət təsir edəcək”

Bu ilin sonuna qədər Azərbaycanda ən azı iki bankın birləşməsi ilə bağlı qərar qəbul ediləcək.  Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. Bununla belə, o, birləşəcək bankların adlarını açıqlamayıb. Z.Nuriyev sadəcə qeyd edib ki, hazırda ABA ilə həmin banklar arasında bu barədə danışıqlar gedir. Bankların birləşməsi bu sektor üçün hansı üstünlüklər vəd edir? Daha çox sayda bankın birləşməsini və bu fonda kredit faizlərinin aşağı düşməsini gözləmək olarmı?

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, yaxın gələcəkdə iki deyil, hətta daha çox bankın birləşməyə getdiyini  müşahidə edə bilərik: “Bankların inkişafı üçün bu sistemdə sağlamlaşdırma addımları davam etməlidir. Çünki problemli bankların sayı həddən artıq çoxdur. Problemli bankların çoxluğu və onun həll olunmayaraq qalması ümumi bank sektoruna ciddi ziyan gətirir.  Ona görə də bir neçə bankın bağlanması və daha yaxşısı birləşməsi məsələsi hələ də gündəmdədir. Bu istiqamətdə müzakirələr gedir. 
Bank sistemində sağlamlaşdırma addımlarının aparılması sektora güvənin artmasına xidmət edən amillərdən birinə çevrilməlidir. Əslində, hesablamalar da bunadır. Bankların birləşdirilməsi daha güclü və dayanıqlı bankların meydana çıxmasına gətirib çıxaracaq. Bank sektorunun iqtisadiyyatda əvvəlki illərdə olduğu kimi kreditləşməni artırmaq yolu ilə iqtisadi aktivliyə dəstək olan əsas donorlardan birinə çevrilməsi lazımdır ki, iqtisadi aktivlikdə də yaxşı dinamikanı müşahidə edək. Amma burada bir məsələ var ki, banklar birləşərkən tək aktivlərilə deyil, həm də problemlərilə birləşirlər. Ona görə birləşən bankların da ciddi monitorinq altında olması və gələcəkdə daha böyük problemlərlə üzləşməmələri üçün onlara müəyyən dəstəyin verilməsi də vacibdir. Lakin kredit faizlərinin aşağı düşməsi məsələsi təkcə kommersiya banklarından asılı məsələ deyil. Bunun üçün Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalı və daha aşağı uçot dərəcəsilə bankların maliyyələşməsinə başlamalıdır ki, ümumi kredit dərəcələri də aşağı düşsün.Bu da tək bankların görəcəyi iş deyil.  Məsələnin həlli üçün prosesə Mərkəzi Bankın ciddi dəstəyi gərəkdir. Ümumiyyətlə isə 10-12 bankın problemlər içində çabaladığı barədə danışmaq olar. Bu fonda da bəzi bankların könüllü birləşməsi məsələsi gündəmdədir. Düşünürəm ki, ilin sonuna qədər bu sektorda maraqlı xəbərlərin şahidi olacağıq. Təkcə iki deyil, ardınca bir neçə bank da birləşməyə getdiyini açıqlaya bilər”.
«Kapital Menecment» İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli bildirdi ki, birləşən bankların gəliri artacaq, xərcləri azalacaq: “Uzun illərdir ki, Azərbaycanda bankların çox olması və birləşməli olduqları ilə bağlı söz-söhbətlər gedir. Hələ devalvasiyadan çox əvvəl bu barədə fikirlər səslənirdi ki, ölkəmizdə bankların sayı çoxdur, ona görə də azalmalıdır. Bu şəkildə məsələyə yanaşma fikrimcə, doğru deyil. Ölkədə olan bankların hamısı mənfəətlə işləyirdi. İkincisi, bankı səhmdar yaradır. Yəni, bankın hazırkı gəlirliyi səhmdarı qane edirsə, dolayısı ilə şirkət işləyəcək. 
Bu fonda da birləşmə prosesləri də təbii getməlidir.  Yoxsa kimsə deyirsə ki, bankların sayı çoxdur, azaldılmalıdır, məsələyə bu cür yanaşma doğru hesab edilə bilməz. Ölkədə mövcud vəziyyətdə 11 bank bağlandı. Hazırda yerdə qalan bankların bir hissəsində də maliyyə problemləri davam edir. Maliyyə probleminin davam etməsi fonunda isə bank səhmdarları çıxış yolu olaraq ola bilsin, digərlərilə birləşsinlər. İqtisadiyyatrda geriləmə olduğu fonunda bu halın baş verməsi mümkündür. Gəlirləri azalan banklar xərclərini optimallaşdırmaq üçün təbii şəkildə birləşməyə gedə bilərlər. 
Birləşmə bankların gəlirliyinə və xərclərinin optimallaşmasına müsbət təsir göstərəcək.  Amma birləşmənin mənfi tərəfləri də mövcuddur. Bankların birləşərək hansısa qrupların əlində cəmləşməsinin özünün  də sıxıntıları var. Çünki vəsaitlər əsasən 3-5 şirkətlər qrupunun əində toplandığı zaman rəqabət mühiti azalır və digər banklar bundan əziyyət çəkir. Belədə görürük ki, bankların sayının kəskin azalması da özünəməxsus problemlər yaşada bilər. Birləşmə prosesi  təbii olmalıdır. İqtisadi bir proses olaraq bu halın baş verməsi də gözləniləndir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz