Əlaqə Arxiv
news Image
2017.11.09
10:00
| A A A
Bahalı kreditlər bankların özü üçün ciddi problemlər yaradır
Natiq Cəfərli: “Problemli kreditlərin həcminin artması isə artıq ciddi şəkildə bank sisteminin işinə maneə olmağa başlayıb” Yaşar Əsədov: “Yaşanan problemlər bankların kreditləşmə prosesində yanlış yol tutmasından qaynaqlanır”

Deputat Vahid Əhmədov 2018-ci ilin büdcə zərfinin parlamentin 5 komitəsinin birgə iclasında müzakirəsi zamanı bank sitemində yaranan problemlərə toxunaraq, bu istiqamətdə sağlamlaşmanı görmədiklərini bəyan edib: “Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb". Bank sistemində problemlərin həllinin uzanması nədən qaynaqlanır və məsələ necə həllini tapmılıdır?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bank sektoruna kənardan ciddi dəstək olmadan onun ayağa qalxması müşkül məsələdir: “Əslində, bank sistemində yaşanan başlıca problem kreditlərin geri qaytarılmasında mövcud olan problemlərdir. Problemli kreditlərin həcmi demək olar ki, hər ay artır. Mövcud problem bir neçə ildir ki, öz həllini tapmadan davam edir. 
Problemli kreditlərin həcminin artması isə artıq ciddi şəkildə bank sisteminin işinə maneə olmağa başlayıb. Bankların heç bir mənbəyi olmadığından onun gəlirləri də problemli kreditlərin bağlanması üçün kifayət etmir. Digər mənbələr haqqında isə hələlik bir qərar yoxdur ki, Mərkəzi Bankın dəstəyi hesabına problem hər hansı bir formada həll olunsun. Banklarda sağlamlaşdırma addımlarının gecikməsi də məhz bundan qaynaqlanır. Ölkədə bəzi bankların birləşəcəyilə bağlı xəbərlər dolaşır. Amma birləşmə öz-özlüyündə sağlamlaşma addımı deyil. Çünki bankların birləşməsilə tək aktivləri yox, passivləri, problemləri də birləşir. Bu nöqteyi-nəzərdən tək birləşmə ilə bank sistemindəki problemlərin həlli mümkün olmayacaq. Neft Fondu, büdcə, ya da hökumətin başqa mənbələri hesabına bank sektoruna müəyyən dəstək olmalıdır ki, sağlamlaşdırma addımları daha çox effekt versin və banklar ayağa qalxa bilsinlər. Digər problem isə Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsidir, bu,  kifayət qədər yüksəkdir, 15 faizdir. Bu da kreditlərin faiz dərəcəsinin bahalaşmasına səbəb olub. Onsuz da uzun illərdir Azərbaycanda kredit faizləri ətraf ölkələrlə müqayisədə baha idi. Bu da biznesin inkişafına, iqtisadi canlanmaya maneə olur.  Çıxış yollarından biri ondan ibarətdir ki, Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır. Digər tərəfdən Mərkəzi Bank kifayət qədər olan manat ehtiyatları hesabına banklara uzun müddətli, aşağı faizlə kreditlərin verilməsilə bağlı qərar verməlidir. Bu yolla banklar həmin əldə etdikləri vəsaiti iqtisadiyyata yönəltməklə prosesdə ciddi canlanma yarada bilərlər. Nə qədər ki, bu istiqamətdə addımlar atılmayıb, bankların öz-özlüyündə problemlərini həll etməyə gücü çatmayacaq. Çünki problemlərin səviyyəsi o həddədir ki, banklar daxili resurslar hesabına onu həll etmək gücündə deyil. Onlara münasibətdə kənardan ciddi dəstəyə ehtiyac vardır”.  
İqtisadçı-ekspert Yaşar Əsədov düşünür ki, banklar yaşanan problemlərinin həllinə nail olmaq üçün kreditləri daha çox istehsal sahəsinə, biznesə yönəltməlidirlər: “Bankların əsas gəlir mənbəyini kredit portfeli təşkil etməlidir. Kredit portfeli də əsas etibarı ilə iqtisadiyyatın, biznesin maliyyələşməsilə təmin edilməlidir. Amma Azərbaycan bank sistemi bir neçə il bundan əvvələ qədər istehlakçı kreditlərinə daha çox önəm verirdi. Həmin illərdə əhalinin gəlirləri bir qədər yüksək idi. Bu fonda da insanlar yüngül şərtlər olduğundan  məişət kreditləri almağa çox cəlb olunmuşdu. Belədə isə Azərbaycan bank sistemi yanlış yolu tutdu. Öz gəlirlərini əhalini kreditləşdirməklə təmin etməyə başladı. Ancaq iqtisadiyyatın maliyyələşməsi prosesinə banklar hələ də ciddi maraq göstərmirlər. Belədə bank sistemində yaşanan problemlərin meydana çıxması və həll olunmaması səbəblərindən biri də məhz onların öz kreditlərini iqtisadiyyata yatırmağa maraq göstərməmələri oldu. Halbuki, həmin sektoru maliyyələşdirməklə daha çox və stabil gəlr əldə edə bilərdilər”.
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz