Əlaqə Arxiv
news Image
2017.11.14
09:00
| A A A
Manat dollar qarşısında dayanıqlılığını qoruyur
Cəfər İbrahimli: “Digər valyutalara nisbətdə dollar bahalaşsa da, manatla müqayisədə bu tendensiyanın baş verməməsi Azərbaycan iqtisadiyyatında cərəyan edən proseslərlə bağlıdır” Əli Əlirzayev: “Manata olan tələbat daha çoxdur, dollara tələbat isə zəifləyib”

Dünya birjalarında son günlər dolların digər valyutalarla müqayisədə bahalaşması tendensiyası gedir. Amma Azərbayan manatı buna rəğmən uzun müddətdir ki, dollarla müqayisədə sabit qalıb, 1 dollar 1,70 manata dəyişdirilir. 

«PSJ Kredit» Şirkətinin direktor müavini  Cəfər İbrahimlinin fikrincə, digər valyutalara nisbətdə dollar bahalaşsa da, manatla müqayisədə bu tendensiyanın baş verməməsi Azərbaycan iqtisadiyyatında cərəyan edən proseslərlə bağlıdır: “Digər valyutalarla müqayisədə dolların bahalaşmasına rəğmən, Azərbaycanda manatın həmin valyutaya nisbətdə sabit qalması iqtisadiyyatla əlaqəli olan məsələlərlə bağlıdır. 
Azərbaycan manatı hazırda dünyada, qlobal bazarlarda böyük banklar tərəfindən geniş şəkildə dövriyyədə olmadığından onun mütəmadi olaraq dəyişilməsi imkanları da məhduddur. Burada manat dollar cütlüyündə ancaq ölkənin  tədiyyə balansı və valyutaya olan tələb rəqəmləri dəyişə bilər. Amerikada FED-in uçot dərəcəsini artırmaqla bağlı qərarı, qurumun balansı kiçildəcəyilə bağlı məsələlər  dolların digər valyutalar qarşılığında yenidən dəyər qazanmasına səbəb olub. Amma bu addımın yuxarıda qeyd etdiyim səbəbdən manatın məzənnəsinə birbaşa təsiri yoxdur. Çünki ölkəmizdə belə bir maliyyə mexanizmi hələlik işlək səviyyədə deyil. Ancaq dolayı yolla manatla dolların məzənnəsinə prosesin təsiri ola bilər. Lakin bunun üçün dollarla avro arasında məzənnə birə-bir olmalıdır ki, manatın da məzənnəsində hər hansı bir dəyişiklik baş versin. İndiki halda isə manatın məzənnəsində dəyişiklik olacağını gözləmirəm”.
İqtisadçı alim Əli Əlirzayevin fikrincə, dolların digər valyutalar qarşısında güclənməsi fonunda manatla müqayisədə məzənnənin sabit qalması ölkədə milli valyuta ilə aparılan əməliyyatların artması ilə bağlıdır: “Manatın dollara olan nisbəti artıq sabitləşib. Manat əvvəlki ilə nisbətən daha dollarla müqayisədə dəyər itirmir.     
Son zamanlar ölkədə manatla alınan malların miqdarı daha da artıb.  Ona görə də milli valyutaya tələbat daha çoxdur. Bu fonda isə dollara olan tələbat nisbətən zəifləyib. Onun nəticəsində də dolların manata nisbətdə qiyməti qalxmır. İkinci bir tərəfdən, manat dollar nisbətində sabit tendensiyanın qalması Azərbaycanda dayanıqlığın təmin edilməsi istiqamətində aparılan maliyyə, pul-kredit siyasətinin nəticəsidir. Bu istiqamətdə aparılan mühafizəkar mövqe nəticəsində manatla dolların nisbəti sabit olaraq qalır”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz