Əlaqə Arxiv
news Image
2017.11.18
10:00
| A A A
Manat kreditlərinə tələb sürətlə artır
Yaşar Əsədov: “Manat sabit olaraq qalır” Natiq Cəfərli: “Manatla kreditlərə marağın artmasının səbəbi son bir neçə aydır istehlak kreditlərinin yenidən verilməsinə başlanılması ilə əlaqədardır”

Banklarda dollar krediti götürənlər demək olar ki, yox həddindədir. Əvəzində manat kreditlərinə tələb arıtr. Bunlara səbəb nədir və belə vəziyyətdə manat tələbini artırmaqla onun məzənənsinə hansı formada təsir edə bilər? 

İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, manatla alınan kreditlərə tələb artsa da belə, milli valyutanın məzənnəsi sabit olaraq qalacaq: “Bir müddət əvvələ qədər Azərbaycan daxilində xarici ölkə valyutasının dövriyyəsi bir qədər paradoksal idi. Əhali başqa ölkə valyutalarına, dollar və avroya üstünlük verirdi. Vaxt var idi, qiymətli əşyalar, mənzil, avtomobillər dollarla alınıb satılırdı. Aydın məsələ idi ki, bu vəziyyəti adlayıb keçmək lazım idi. İndi bu da baş verir.

Neftin qiymətinin kəskin azalması fonunda baş verən iki devalvasiya prosesini nəzərə almasaq, Azərbaycan manatı kifayət qədər dayanıqlıdır. Aydındır ki, manatın arxasında daha çox enerji sahəsi məhsulları dayanır. Bununla belə milli valyutamız kifayət qədər dayanıqlığını qoruyub saxlayır. Devalvasiyadan sonra dünyada baş verən iqtisadi, siyasi və başqa təlatümlərə baxmayaraq, manat sabit olaraq qalır. Yəni, bank sektorunda baş verən amillər manatın məzənnəsinə hər hansı bir təsir göstərməyəcək”.

Digər ekspert Natiq Cəfərli qeyd etdi ki, indiki şəraitdə dollarla kreditin verilməməsi bütün tərəflərin maraq dairəsindədir: “Hazırda dollarla kreditlərin verilməməsində hər iki tərəfin marağı var. Vətəndaş və biznes qurumları iki devalvasiyadan sonra dollarla kredit almağa artıq çəkinir. Çünki böyük problemlər yaşandı. Nəticədə həmin problemlər özünü bank sektorunda da göstərdi.

Geri qaytarılması mümkün olmayan problemli kreditlərin bəlkə də hamısı məhz valyuta ilə verilən kreditlər olub. Devalvasiyadan sonra kreditlər avtomatik olaraq iki dəfə bahalaşdı. Bu da vətəndaş və biznes qurumlarına onu geri qaytarmaq istiqamətində ciddi problemlər gətirdi. Ona görə hər iki tərəfin bu məsələdə sanki yazılmamış razılaşması var ki, həm banklar valyuta ilə kredit vermyə risq etmir, həm də vətəndaş onunla kredit götürməyə.

Manatla kreditlərə marağın artmasının səbəbi isə son bir neçə aydır istehlak kreditlərinin yenidən verilməsinə başlanılması ilə əlaqədardır. Düzdür, orta və uzun müddətli kreditlərin verilməsində artım müşahidə olunmur ki, bu da yaxşı hal deyil. Çünki iqtisadiyyatda əsas uzun vadəli kreditlərin verilməsi vacibdir ki, iqtisadi aktivlik artsın. Bu məsələnin manatın məzənnəsinə birbaşa olmasa da, dolayısı ilə təsiri var. Dolayısı ilə ona görə var ki, valyuta ilə kreditlərin verilməməsi valyuta dövriyyəsinin azalmasına gətirib çıxarır. Belədə manatın dövriyyəsi gələcəkdə daha sürətlə artacaqsa, bir neçə aydan sonra valyutanın məzənnəsinə müəyyən basqılar yarana, az da olsa dollar bahalaşa bilər. Çünki manat kütləsi artdıqca, həmin manat kütləsindən valyutaya keçiddə də artımlar olur”.

Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz