Əlaqə Arxiv
news Image
2017.11.23
09:00
| A A A
Manat dollara nisbətdə möhkəmlənir
Natiq Cəfəfli: “Belə vəziyyət iqtisadiyyata müsbət təsir edə biləcək tendensiyalardandır” Yaşar Əsədov: “Manat dollara nisbətdə mövcud mövqeyini qoruyub saxlayacaq”

Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib. Bunu maliyyə naziri Samir Şərifov  bildirib. "Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", - deyə nazir əlavə edib. Cari il ərzində manatın məzənənsində qeydə alınan möhkəmlənmə davam edə bilərmi? 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, manatın məzənnəsinin hansı istiqamətdə gedəcəyi Mərkəzi Bankın yürüdəcəyi monetar siyasətdən asılı olacaq: “Onu qeyd edim ki, Azərbaycan manatı məzənnə baxımından tək dollarla bağlı olaraq möhkəmlənib. Yanvar ayında manat dollarla müqayisədə 1,90 həndəvərinə qədər düşmüşdü. İndi isə 5-6 aydır ki, manat dollara nisbətdə 1,70 civarında sabit olaraq qalır. Belədə görürük ki, manatın  dollarla nisbətdə məzənnəsində möhkəmlənmə baş verib. Amma avroya qarşı isə manat demək olar ki, 10 faizə qədər dəyər itirib. Həmçinin, funt sterlinqə münasibətdə də manat dəyər itirib. Bu da onu deməyə əsas verir ki, manat dollarla müqayisədə möhkəmlənsə də, digər valyutalara nisbətdə dəyər qazanmayıb, əksinə, dəyər itirib. Belə vəziyyət iqtisadiyyata müsbət təsir edə biləcək tendensiyalardandır. Yəni, məzənnə sabit qaldıqca ticari anlaşmalar, ticarət münasibətləri də sabitləşir və daha normal hal alır. 
Gələn illə bağlı büdcə layihəsi onu deməyə əsas verir ki, xərclərimiz artacaq. Çünki dövriyyəyə 4 milyard manat civarında əlavə vəsait daxil olacaq. Bu fonda manatın dollara nisbətdə məzənnəsi Mərkəzi Bankın aparacağı siyasətdən asılı olacaq. Mərkəzi Bank bu günə qədər apardığı sərt monetar siyasəti davam etdirəcəksə, manatın ən azından sabit qalması üçün gələn il kifayət qədər münbit şərait yaranacaq. Həmçinin, bu prosesdə neftin qiyməti də öz sözünü deməkdə davam edəcək. Hazırda neftin qiyməti Azərbaycan üçün yaxşı həddədir. İndi “qara qüızıl” 62-63 dollar səviyyəsində qərar tutub. Bunun özü də manatın məzənnəsinə müsbət təsir edə bilər. Amma neftin qiyməti düşərsə və iqtisadi canlanmanın artırılması üçün Mərkəzi Bank dövriyyəyə daha çox manat buraxmalı olarsa, bu halda məzənnəni hətta indiki səviyyədə saxlamaq belə çətin olacaq”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə isə manatın məzənnəsi dollara nisbətdə nə artmayacaq, nə də azalmayacaq, sabit qalacaq: “Dollara nisbətdə manatın məzənnəsinin möhkəmlənməsindən söhbət gedirsə, dünya valyutasının alıcılıq qabiliyyəti ölkəmizdə manata nisbətən azalıb. Dünya bazarında neftin qiymətilə götürüldükdə də, belə çıxır ki, dolların alıcılıq qabiliyyəti zəifləyib. Çünki cari ilin əvvəlində bir barrel neftin qiyməti 40 dollar idisə, indi 60 dolları belə keçib. Bunu həmçinin dolların alıcılıq qabiliyyətinin azalması kimi də başa düşmək olar. 
Digər tərəfdən, qızılın qiymətində dolların alıcılıq qabiliyyətinin aşağı düşdüyünü görmürük. Azərbaycan manatı da cari ilin əvvəlindən inflyasiyaya uğrayıb. Rəsmi statistikaya görə illik inflyasiya təxminən 10 faiz həndəvərində olacaq. Bu fonda manatın alıcılıq qabiliyyəti də ilin əvvəlindən bir qədər aşağı düşüb. Manatın neftdən asılılığının azalaraq qeyri-neft istehsalından asılılığının artması fonunda isə tendensiya milli valyutamızın möhkəmlənməsi istiqamətində dəyişə bilər. Hələlik isə manat dollara nisbətdə mövcud mövqeyini qoruyub saxlayacaq”.
 Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz