Əlaqə Arxiv
news Image
2017.12.12
09:40
| A A A
Bitkoinlər təhdid dolu maliyyə resurslarına çevrilir
Elnur Quliyev: “Bitkoin alanların böyük əksəriyyəti kriptovalyutanı ödəniş vasitəsi kimi deyil, yığım instrumenti kimi alıb saxlamağa üstünlük verirlər” Natiq Cəfərli: “Bir gecədə bu qədər böyük qiymət dəyişmələri varsa, deməli, onun qiymətləri spekulyativdir, heç bir iqtisadi məntiqə əsaslanmır”

Bitkoinin dəyərində kəskin dəyişiklik yaşanmaqdadır. Bir müddətdir kəskin bahalaşan bitkoin bu dəfə kəskin ucuzlaşdı. Belə ki, dekabrın 8-də kriptovalyuta tarixi maksimumunu müəyyən edərək 18 min dollar həddini aşdı. Lakin cəmi iki gün sonra "Coinmarketcap" birjasında bitkoinin məzənnəsi 13,96 min dollara qədər ucuzlaşıb.  Elə insanları da maraqlandıran son aylar gündəmi zəbt etmiş həmin virtual pulların nə qədər etibarlı olmasıdır. 

Kriptovalyuta üzrə mütəxəssis, iqtisadçı Elnur Quliyev bildirir ki,  hazırda bitkoinin qiymətini tənzimləyən yeganə amil kripto-birjalardakı tələb və təklif amilidir: “Nə qədər ki tələb var bitkoinin qiyməti də artım tempi üzrə qalxacaq. Tələbin yaranmasının isə iki səbəbi var: bitkoinə olan maraq və inam. Son ayların tendensiyası onu göstərdi ki, bitkoin alanların böyük əksəriyyəti kriptovalyutanı ödəniş vasitəsi kimi deyil, yığım instrumenti kimi alıb saxlamağa üstünlük verirlər. Həmçinin bitkoinin qiymətinin qalxması mütləq şəkildə hər hansı bir informasiya və ya hadisədən aslı olaraq baş verir. Misal üçün dekabırın 10-da Çikaqounun opsion birjası bitkoin üzərindən fyuçers (ön ödəməli müqavilə) əməliyyatlarının açıldığını elan etdi və iki saat ərzində 800-dən artıq əqd bağlandı. Bu məlumatın elan edildiyi an bitkoinin qiymətinin 2000 dollar artaraq 16600 dolları keçdi.  Faktiki olaraq bankların depozit üzrə təklif etdiyi faiz dərəcəsi investorları qane etmir. Çünki bir il ərzində depozitdən gələn gəlirin cəmi məbləği bəzən bitkoinin bir gün ərzində qiymətinin artması fərqindən dəfələrlə azdır. Bu səbədən riskli olsa da, investorlar banklardan fiat pullarını geri çəkərək kriptovalyutalara yatirim edirlər. Nəticə göz qabağındadır: kriptovalyutaların ümumilikdə bazar kapitallaşması 7 ay ərzində 10 milyardan 443.5 milyard dollara qədər yüksləb. Kifayət qədər ciddi artımdır. Bu kapitalizasiyanin 63%-i tək bitkoinin payına düşür. Konservativ maliyyəçilər və iqtisadçılar bu tendensiyanı hələ də anlaya bilmir. Qəbul etmək istəməsələr də, hazırda reallıq budur. İqtisadiyyat rəqəmsallaşdıqca, ödəniş vasitələri də rəqəmsallaşmağa məhkumdur».
Ekspert əlavə etdi ki, investiya kimi kriptovalyutalarla bağlı iki mühüm risk faktoru var: “Birincisi, yüksək volatillik riskidir. Yəni, qiymət artımı zamanı müəyyən gəlir əldə etmiş investor qısa müddət ərzində qiymətin düşməsi zamanı bütün investisiyasını itirə bilər və bundan heç kim sığortalanmayıb. Bundan başqa, hüquqi risk var. Kriptovalyutalar üzrə hələ də hüquqi tənzimləmə mexnizmi olmadığından investorların istədikləri ölkədə öz rəqəmsal pullarını nəğdləşdirmək və ya ödəniş vasitəsi kimi istifadə imkanları məhduddur. Nəzərə alaq ki, istənilən yeni texnologiya ilk başlanğıcda elə bir fazada olur ki, həmin vaxt insnalar onun həqiqi dəyərini qiymətləndirməkdə çətinlik çəkir lakin bununla belə gələcəkdə hansı prespektivlər gözlədiyini də anlayır. Misal üçün 90-cı illərin sonunda bir çox internet layihələr var idi, ancaq hazırda real dəyəri başlanğıcdakı dəyərindən dəfələrlə çox olan Google, eBay, PayPal, Amazon kimi şirkətlər bazarda qalmağı bacarıb. Digərləri isə ya iflas edib ya da unudulub. Hazırda kriptovalyutalarla da eyni vəziyyətdir. Coinmarketcup.com-a istinadən hazırda 1300-dən çox kriptovalyuta mövcudur və gələcəkdə hansının daha çox uğur qazanacağnı indidən dəqiq proqnozlaşdırmaq çox çətindir. Bu səbəbdən də yeni başlayanlar üçün kriptovalyutalara investisya etməzdən əvvəl bəzi nüanslara diqqət etməlidirlər. Məsələn, investisiya etdiyiniz kripto-sektoru öyrənin. Bundan başqa, kriptovalyutaların qiymətinin kəskin enməsinə və ya qalxmasın hazır olun. Həmçinin kriptovlyutanın təhlükəsiz yerdə saxlanmasına əmin olun. Ən əsası, kriptovalyutalarınızı birjada uzun müddət saxlamayın. Eyni zamanda qiyməti ucuz olan koinlər hələ ona investisya etmək üçün səbəb deyil. İnvestisiyanızı diversifikasiya etməyi də unutmayın. Sonda, borc götürülmüş kapital ilə investiya etməyə tələsməyin”.

Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, iqtisadiyyat elmində mal və xidmətin dəyərinin formalaşmasında həmişə iki önəmli məsələ önə çəkilir: “Bunlardan birincisi, onun maya dəyəri, digəri isə onun bazarda tələb və  təklifə qaydalarına uyğun olaraq hərəkətliliyin necə olmasıdır. Nəzərə alaq ki, bitkoinin maya dəyəri çox ucuzdur. 32 koddan ibarət şifrədir. Təklif isə ancaq dünya mətbuatında çıxan xəbərlərdir. Bunun başqa mənbəyi yoxdur. Bir gecədə bu qədər böyük qiymət dəyişmələri varsa, deməli, onun qiymətləri spekulyativdir, heç bir iqtisadi məntiqə əsaslanmır. Ona görə də kriptovalyutaya  skeptik yanaşmaq lazımdır. 
İstənilən xəbər bitkoinin qiymətini kəskin dəyişə bilər. Son zamanların trendi onun göstərir ki, bitkoinin qiyməti həddindən artıq şişib. Amma ardıcıl çıxan neqativ xəbərlər bitkoinin qiymətini sala bilər. Artıq Azərbaycanda da buna investisiya edən kifayət qədər insanlar var. Ona görə də ehtiyatlı yanaşılmalıdır”. 
Ekspert əlavə etdi ki, bitkoinin qiymətinin ucuzlaşması investisiya edənlərin xeyli vəsaitlərinin itməsinə  səbəb ola bilər: “Bu tipli əməliyyatlarda qazanclı insanlar bazarı dəqiq realizə edib, vaxtında bazardan çıxan insanlardır. Qitmətlərində spekulyativ dalağalanmalar olar istənilən mal və xidmət növündə yatırımçı kimi qazanclı olmağın tək yolu budur. Qiymətlər maksimum olduqda bazardan çıxmaq lazımdır. İndiki zamanda bitkoinə yatırım kimi yanaşmaq daha təhlükəlidir. Bir müddət sonra qiymətlər artasa da, sonradan daha kəskin enişləri müşahidə edə bilərik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz