Əlaqə Arxiv
news Image
2017.12.15
09:40
| A A A
FED-in qərarı bazarda təlatümlər yaratmayacaq
Natiq Cəfərli: “Düşünmürəm ki, FED-in uçot dərəcəsini artırması ilə manatın dollara nisbətdə məzənnəsində dəyişikliklər baş versin” Yaşar Əsədov: “Ümumdünya valyuta ehtiyatı olaraq dolların vəziyyəti kifayət qədər dayanıqsızdır”

Xəbər verildiyi kimi, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Öncədən verilən proqnozlara uyğun olaraq FED uçot dərəcəsini qaldırıb. Belə ki, FED uçot dərəcəsini 0,25 % -1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
FED-in bu son addımı dünya bazarında nələrə gətirib çıxara bilər? Bu fonda Azərbaycan manatını nə gözləyir?

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, FED-in uçot dərəcəsini artırmasına rəğmən manatın dollara nisbətdə məzənnəsində hər hansı bir dəyişiklik baş verməyəcək: “Əslində FED-in uçot dərəcəsi üzrə faizi artıracağı demək olar ki, öncədən məlum idi. Bundan öncə keçirilən toplantıdan sonrakı  mətbuat konfransında FED başqanı növbəti toplantıda faiz artımı ilə bağlı qərarın veriləcəyi ehtimalının yüksək olduğunu qeyd etmişdi. Ona görə də maliyyə bazarları artıq xeyli əvvəldən uçot dərəcəsinin artırılmasını baş vermiş fakt kimi qəbul edərək, maliyyə bazarlarında qiymətli kağızların və valyutaların qiymətləndirilməsində artıq mövcud faiz artımına uyğun addımlar atırdılar. Ən böyük intriqa ondan ibarət idi ki, gələn il üçün Yol Xəritəsində hansı addımların atılması elan olunacaq. Bəzi ekspertlər düşünürdü ki, FED gələn il üçün hətta 4 dəfə faiz artımına gedə bilər. Amma bu baş vermədi. FED rəsmiləri yaydıqları rəsmi bülletendə gələn il ancaq 3 dəfə faiz artımının olacağını qeyd etdi. Böyük ehtimalla gələn ilin mart, sentyabr və dekabr aylarında FED-in növbəti faiz artımları olacaq. FED-in son qərarının əslində dünyaya təsirləri dərhal baş verdi və bu təsirlər özünü hələ göstərəcək. Qurumun bu açıqlamaları dünya maliyyə bazarlarının gələcəklə bağlı gözləntilərinin formalaşmasına, bu istiqamətdə addımlar atmalarına yönəlik qərarlardan biri kimi qiymətləndirilir. Belə vəziyyətdə dollar indeksinin yumşaq şəkildə bahalaşacağını gözləyirik. Amma gələn il üçün faiz artımının 4 dəfə baş verəcəyi elan edilsəydi, bu daha kəskin addımlarla müşayiət oluna bilərdi. İndiki halda isə dolların bahalaşması özünü ancaq yumşaq formada göstərəcək. Dünyada dolların bahalaşması isə digər ölkələr, o cümlədən Azərbaycan ətrafında yerləşən dövlətlərin də valyutalarına təsir göstərəcək. Bu addım Azərbaycan manatının məzənnəsində də müəyyən dəyişikliklərin olmasına səbəb ola bilər. Lakin Azərbaycanda manatın məzənnəsini birbaşa bazar müəyyən etmir. Mərkəzi Bankın tənzimləyici addımları ilə müəyyən olunur. Ona görə də Mərkəzi Bank istənilən an müdaxilələrlə məzənnədə kəskin oynamaların qarşısını ala bilir. 
Ona görə düşünmürəm ki, FED-in uçot dərəcəsini artırması ilə manatın dollara nisbətdə məzənnəsində kəskin dəyişikliklər baş versin. Amma gələn il ard-ardına faiz artımları baş verərsə, dolların bahalaşması sürətlənərsə və bu tendensiya nəticəsində ətraf ölkələrdə, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstanda milli valyutalar dəyərdən düşərsə  istər-istəməz onun təsirləri Azərbaycana da ola bilər”. 
Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov da vurğuladı ki, FED-in qərarının manatın məzənnəsinə hər hansı bir təsiri olmayacaq: “FED-in ilin sonunda uçot dərəcəsini artıracağı ilə bağlı öncədən verilən proqnozlar demək olar ki, 95 faiz özünü doğrultdu. Ona görə də bazarlar, fond birjaları FED-in qərarına əvvəldən hazır idi. Bu səbəbdən də FED-in həmin qərarı nələrə gətirib çıxaracaqdısa, artıq onlar baş verib. Neftin qiyməti FED-in qərarı olmadan artıq aşağı düşüb. İndi 61-62 dollar civarındadır. Belədə bundan sonra FED-in qərarı heç nəyə təsir etməyəcək. Uçot dərəcəsinin artırılması ilə müqayisədə FED rəhbərinin postunu təhvil verməsi daha ciddi məsələ oldu. Artıq FED-ə yeni direktor təyin olunub. Onun gələn ildən başlayaraq hansı hərəkətlərə gedəcəyi bu fonda daha çox maraq doğurur. Hazırda dolların ümumdünya valyuta ehtiyatı kimi vəziyyəti kifayət qədər dayanıqsızdır. Çünki uçot dərəcəsi aşağı olan dövrdə FED həddən artıq böyük həcmdə dollar çap edərək dövriyyəyə buraxdı. Uçot dərəcəsinin yüksəldilməsi də dolların həcminin azalması və bahalaşması üçün həmin böyük həcmdə olan hissənin geri qaytarılmasını nəzərdə tutur. FED-in həmin qərarı sadaladığım səbəblərdən bazarda heç bir təlatümlər yarada bilməyəcək. Deməli, qərarın manatın məzənnəsinə də bir istisi, soyuğu olmayacaq”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz