Əlaqə Arxiv
news Image
2018.01.09
08:00
| A A A
Saxta əskinaslara qarşı mübarizə gücləndirilir
Cəfər İbrahimli: “Saxta əskinaslar məsələsi onsuz da bütün valyutalar üçün aktual olan məsələlərdəndir” Rəşad Həsənov: “Zaman-zaman bütün nominalların saxtalaşdırılması hallarına rast gəlinir”

2018-ci ilin 1 fevral tarixindən başlayaraq, Azərbaycan Mərkəzi Bankı digər banklardan pul əskinaslarının ekspertizası və ya məhv olunması üçün qəbulunu yalnız həmin pulların xüsusi portalda qeydiyyatından sonra həyata keçirəcək.

Bu barədə  bank bazarındakı mənbələrdən biri məlumat verib. Məlumatda qeyd olunur ki, Mərkəzi Bank bu addımı saxta əskinasların dövriyyəsi ilə mübarizəni gücləndirmək məqsədi ilə atıb: "Banklar əvvəlcə bu cür əskinasların nömrəsini Nağd pulun İdarəetmə İnformasiya Sisteminin portalında qeydiyyatdan keçirməli, daha sonra inkassator vasitəsi ilə Mərkəzi Banka göndərməlidir". Ümumiyyətlə, saxta əskinaslar bir çox ölkələrdə problemdir. Azərbaycan üçün bu problem nə dərəcədə aktualdır və manatın mühafizəsinin daha da gücləndirilməsinə  ehtiyac varmı?

«PSJ Kapital» Şirkətinin direktor müavini Cəfər İbrahimlinin fikrincə, saxta manat əskinasları məsələsi hazırkı situasiyada Azərbaycan üçün ciddi problem təşkil etmir: “Saxta əskinaslar məsələsi onsuz da bütün valyutalar üçün aktual olan məsələlərdəndir. Amma manatla bağlı onu deyə bilərəm kİ, saxta əskinaslar onsuz da Mərkəzi Bank tərəfindən tədavüldən çıxarılır.

Manat üçün kifayət qədər yetərli qorunma şriftləri də vardır. Ona mühafizəsinin artırılması baxımından bu mənada hər hansı bir yenlik etməyin metodologiyası da yoxdur. Belə saxta əskinaslar onsuz da tapılan kimi tədavüldən çıxarılır. Saxta əskinaslara çox rast gəlindiyi halda yəqin ki, Mərkəzi Bank yeni əskinasların çapı zamanı daha yeni qorunma sistemləri də əlavə edə bilər. Ona görə də bu məsələ hazırda Azərbaycan üçün ciddi problem təşkil etmir. Hesab edirəm ki, manat buraxılanda bu işlə məşğul olan şirkətlər onun qorunması məsələsini də kifayət qədər nəzərə alıblar”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, manatın mühafizə elementləri müasir tələblərə uyğun hazırlanıb: “Saxta əskinaslar məsələsi indiki halda Azərbaycan üçün o qədər də geniş müşahidə edilən problem deyil. Düzdür, zaman-zaman bütün nominalların saxtalaşdırılması hallarına rast gəlinir. Amma buna baxmayaraq, proses çox da geniş yayılmayıb. Bu istiqamətdə aydiyyatı qurumların öz fəaliyyətini genişləndirməsi kifayət edir ki, saxta əskinasların dövriyyəsinin məhdudlaşdırılması və bu kimi halların qarşısını almaq mümkün olsun.

Manatın dizaynı, həm də mühafizə elementləri müasir tələblərə uyğun hazırlanıb. Bu işdə də birbaşa olaraq Qərb şirkətləri iştirak edib. Nominalda müasir nəsl mühafizə elementləri öz əksini tapıb. Belə vəziyyət isə imkan verir ki, dövlət qurumlarının həmin istiqamətdə fəaliyyət imkanları genişlənsin. Azərbaycan həmçinin bu mənada peşəkar saxta əskinas buraxan qrupların diqqət mərkəzində deyil. Burada ancaq kiçik yerli qruplar məşğul olur ki, aydiyyatı qurumlar da onlarla operativ şəkildə mübarizə apara bilir”.

Rüfət NADİROĞLU   

 

 

Sizin Reklam Yeriniz