Əlaqə Arxiv
news Image
2018.01.09
09:14
| A A A
İqtisadi sabitlik bankları yenidən avtomobil kreditləri verməyə həvəsləndirib
Vüqar Bayramov: “Avtomobil kreditləşməsinin bərpası bu istiqamət üzrə kreditləşməyə əhalinin marağının olması ilə bağlıdır” Azər Allahverənov: “İqtisadi sabitliyin təmin edilməsi bankları yenidən avtomobil kreditləri verməyə həvəsləndirib”

Bəzi banklar və bank olmayan kredit təşkilatları avtomobil kreditlərinə yenidən xüsusi diqqət yetirməyə başlayıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, avtomobil kreditlərinə marağın yüksək olması bankları yenidən bu istiqamətə yönəldib: “Ümumiyyətlə, hazırkı situasiyada bankların kredit portfelini genişləndirmələri və diversifikasiyasına ehtiyac vardır. Nəzərə alaq ki, avtomobil kreditləşməsi daxil olmaqla, digər istiqamətlərə kreditləşmənin məhdudlaşdırılması bütövlükdə kommersiya banklarının kredit portfelinin azalmasına gətirib çıxardı. Amma kommersiya bankları üçün kreditləşmə çox önəmlidir. Nəticə etibarı ilə kommersiya bankları məhz kredit portfelini genişləndirdikdə daha çox mənfəətlə işləyir. Avtomobil kreditləşməsinin bərpa edilməsi təbii ki, bu istiqamət üzrə kreditləşməyə əhalinin marağının olması ilə bağlıdır.

Düzdür, kreditləşməyə maraq var, amma vətəndaşlar bundan istifadə edə bilmirdi. Əvvəlki dövrlərdə kreditlər avtomobil alan insanların bir hissəsi sonradan kreditləri qaytarmaqda çətinlik çəkirdi. Sonrakı mərhələdə hətta onların xeyli hissəsi belə çətinliklərlə üz-üzə qaldı. İndiki dövrdə isə kredit ala biləcək və kredit tarixcəsi pisləşməyən vətəndaşlarımız var ki, onlar da banklar üçün praktik olaraq, yeni müştərilərdir. Bu mənada kommersiya bankları da məhz avtomobil kreditləri üçün həmin müştəriləri cəlb etməyə çalışır. Bununla da banklar həm müştəri bazasının genişlənməsi, həm də kredit portfelinin artırılmasına çalışırlar. Bu mənada avtomobil kreditləşməsinin bərpa edilməsi doğru addımdır. Nəticə etibarı ilə bu addım banklara kreditləşmə prosesini genişləndirilməyə imkan verəcək. Digər tərəfdən, müştəriyə də imkan verəcək ki, avtomobil kreditlərindən yararlanmaqla maşına sahib olsun. Belə vəziyyət həmçinin avtomobil bazarında mövcud durumun aradan qaldırılması baxımından vacibdir. O baxımdan bankların avtomobil kreditləşməsini bərpa etməsi onların daha çox müştərini cəlb etməsi və daha çox vəsaiti iqtisadiyyata yönəltmək demək olacaq”.

Avtomobil məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, təmin edilən iqtisadi sabitlik fonunda banklar yenidən avtomobil kreditləri verməyi bərpa ediblər: “Ölkədə iqtisadi sabitliyin təmin olunması bankların yenidən avtomobil kreditləri verməsinə bilavasitə təsir göstərib. Banklar tərəfindən avtomobil kreditlərinin verilməsinin dayandırılması üzrə qərar maliyyə sektorunda qeyri-sabitliyin hökm sürdüyü və devalvasiyanın mövcud olduğu dövrü təsadüf etmişdi. Digər tərəfdən də böyük sayda avtomobil risqli kreditlər kateqoriyasına aid edilmişdi. Yəni kifayət qədər çox sayda avtomobilin kreditlərinin ödənilməsində məyyən problemlər var idi. Ekspertlər isə 2017-ci ilin maliyə üçün kifayət qədər dayanıqlı il olduğunu və bu prosesin özünü cari ildə də göstərəcəyini bəyan edirlər. Belədə cari ildə ciddi təlatüm və silkələnmələrin olmayacağı qeyd olunur. Bu fonda artıq banklarda da bir növ əminlik yaranıb ki, mövcud vəziyyətdə rahat şəkildə avtokredit verə bilərlər.

Digər tərəfdən insanların özündə də buna bir növ psixoloji hazırlıq olmalıdır. İki-üç il bundan öncə isə bu hazırlıq yox idi. Çünki maliyyə baxımdan qeyri-sabitlik insanların gəlirinə də təsir göstərirdi. İndi isə insanlarda bir növ əminlik yaranıb, ona görə də avtomobil kreditlərindən yararlanmaq fikrinə düşüblər. Buna qədər avtokreditləri avtosalonlar verirdi. Sadəcə olaraq, bu proses bir qədər fərqli ssenari üzrə aparılırdı. İndi isə göründüyü kimi banklar da avtokreditlər verməyə başlayıb. Əminliklə deyə bilərəm ki, bu proses həmçinin bankların özünə etimadının artdığı bir şəraitdə baş verir”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz