Əlaqə Arxiv
news Image
2018.01.16
08:00
| A A A
Banklar hələ də real sektordan uzaq qaçırlar
Natiq Cəfərli: “Banklar kreditləşmədə iştirak etmirsə, biznes kreditləri vermirsə, deməli, iqtisadiyyatda aktiv rol ala bilmirlər” Cəfər İbrahimli: “Aktiv kreditləşməyə nail olmaq üçün faizlər bir qədər aşağı endirilməlidir”

Azərbaycanda fəaliyyət göstərən banklar hələ də real iqtisadiyyatın inkişafında aktiv tərəf qismində çıxış edə bilmir.     Halbuki inkişaf etmiş ölkələrdə banklar real iqtisadiyyata vəsait yatırmaqla daha çox gəlir əldə etmək imkanı qazanırlar. Hətta bir çox aparıcı dünya bankları xarici ölkələrdə belə bu və ya digər investisiya layihələrində aktiv iştirakçı rolunda çıxış edirlər. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan kommersiya banklarının real sektorda aktiv iştirak edə bilməmələrinin kökündə müəyyən məsələlər dayanır: “Əvvəllər, devalvasiyadan öncə, banklar kreditlərin verilməsində çox aktiv rol alırdı. İndi isə verdikləri kreditləri tam həcmdə geri toplaya bilmirlər. Nəticədə də problemli kreditlərin həcmi artır. Rəsmi rəqəmlərə görə, ümumi kredit portfelində problemli kreditlərin həcmi 15-16 faiz arasındadır. Verilmiş kreditlər geri toplana bilmirsə, deməli,  bankların əlində olan sərbəst vəsaitin dövriyyəsi azalır. Sərbəst vəsaitlərin dövriyyəsi azalanda da, onların real sektorda aktiv iştirak əmsalı da aşağı düşür. 
2017-ci ildə bankların 2016-cı ilə nisbətən real sektora verdikləri kreditin həcmi azalıb. Problemli kreditlərin həcminin çoxalması, depozit portfelinin son iki ildə azalması, bankların xarici maliyyə qurumlarından kredit götürməsinin çətinləşməsi də vəziyyətə təsir edir.  Əslində, banklar iqtisadiyyatda canlanmaya səbəb ola biləcək əsas amillərdən biridir. Ümumi durğunluq dövrü banklarda davam etdikcə bu öz təsirini iqtisadiyyata da vurmaqda davam edəcək. Banklar kreditləşmədə iştirak etmirsə, biznes kreditləri vermirsə, deməli, iqtisadiyyatda aktiv rol ala bilmirlər. Verilən kreditlər artdıqca iqtisadiyyatda dövriyyə artır, daha çox satış həyata keçirilir, bu da öz növbəsində bankların da gəlirliyinin artması mənasına gəlir. İstehlak kreditinin artımı ticarəti canlandırır. Mənzil kreditlərinin artımı mənzil, avtomobil kreditləri də maşın bazarının canlanmasına səbəb olur.  Belədə banklar iqtisadi canlanmada əsas rol oynayırlar. Düşünürəm ki, cari ildə bankların sağlamlaşdırılması prosesinin yekunlaşması ilə kredit verməsi istiqamətində müəyyən canlanma baş verəcək”. 
Digər ekspert Cəfər İbrahimli bildirdi ki, banklar devalvasiyadan üzü bəri iki istiqamət üzrə ciddi zərərə düşüb: “Bir tərəfdən, onlar məzənnə fərqi üzrə müəyyən  dərəcədə itirdilər. İkincisi, iqtisadiyyatda baş verən proseslər fonunda problemli kreditlərin həcminin artması banklara zərbə vurdu və onların kapitalı azaldı. Bu durumda bir sıra banklar yetərli kapitala malik olmadıqlarından kredit verməkdə çətinlik çəkdilər. Problemli kreditlərin həcminin artması, iqtisadiyyatdakı risq amili bankları beləcə bir qədər ehtiyatlı davranmağa vadar etdi. Ona görə də banklar indi kredit verməyə elə də maraqlı deyillər. 
Digər tərəfdən, yeni iqtisadi formasiyada Mərkəzi Bank tərəfindən kredit vermə şərtləri müəyyən qədər çətinləşdirildi. Valyuta ilə kredit vermədə çətinliklər var, bunun üçün tələblər daha da sərtləşib. Kredit vermədə müəyyən risq ölçmə tələbləri də var. Bu amillər də banklara kredit verməkdə çətinlik yaratdı. Başqa bir tərəfdən, Mərkəzi Bankın uçot dərəcəsi də yuxarı həddə qalmaqda davam edir. Banklar risqsiz dövlət kağızlarına vəsaitlərini 15 faizdən yerləşdirir. Ona görə də bazara kredit verməkdə maraqlı olmurlar. Çünki daha yuxarı faizlə kredit verməlidirlər ki, özləri də qazansın. Belədə isə kredit faizlərinin yüksək olması ilə iqtisadi subyektlər banklardan kredit almağa maraq göstərmirlər. Nəticədə də bankların iqtisadiyyatın kreditləşməsində aktiv rol oynamadıqlarını görürük. 
Aktiv kredfitləşməyə nail olmaq üçün faizlər bir qədər aşağı endirilməliidr. Real sektorda bankların aktiv iştirak etməməsi onların özlərinə də ziyandır. Çünki real iqtisadiyyata kredit yatırmaqla banklar prosesdən özləri üçün gəlir əldə edə bilərlər. Bunu etməməklə və yaxud edə bilməməklə isə anklar həmin gəlirdən, mənfəətdən məhrum olurlar. Bu da son olaraq bankların kapitalının azalmasına gətirib çıxarır. Bütün bunlarla yanaşı, gözlənilir ki, banklar cari ildə daha çox kredit verməyə başlayacaqlar. Deməli, proses tədricən öz-özünü tənzimləyəcək”.
Rüfət  NADİROĞLU

Sizin Reklam Yeriniz