Əlaqə Arxiv
news Image
2018.01.16
11:54
| A A A
Dollarla məzənnə sabitdir, avro və rublda isə…
Samir Əliyev: “Avro və rubl dollara nisbətən bahalaşdığından, anoloji proses özünü avro ilə rublun manata nisbətən məzənnəsində də göstərir”

Dolların manata nisbətən məzənnəsi sabit qaldığı halda son dövrlərdə avronun, eyni zamanda rublun milli valyuta ilə müqayisədə müəyyən qədər bahalaşması müşahidə edilir. Belə vəziyyətin yaranmasına səbəb nədir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, avro və rubl son zamanlar dollarla müqayisədə dəyər qazandığından, manat da sözügedən iki valyuta ilə müqayisədə müəyyən dərəcədə ucuzlaşıb: “Son zamanlar bildiyiniz kimi, dünya bazarlarında avro, rubl və bir sıra digər valyutalar dollara nisbətdə bahalaşıb. Ona adekvat olaraq da, manat dollara nisbətdə məzənnəsini sabit saxlasa da, avro və rublla müqayisədə müəyyən qədər ucuzlaşıb. Yəni, avro və rublun dollara nisbətən mövqe qazanması öz sözünü həmin iki valyutanın manata nisbətən möhkəmlənməsində də göstərib.

Manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Yəni, sözügedən məzənnə demək olar ki, sabit olaraq qalmaqda davam edir. Amma manatın avro, rubl və digər valyutalara nisbətən məzənnəsi birbaşa deyil, çarpaz müəyyən olunur. Yəni, manatın dollara nisbətən, sonra da avro və digər valyutalara nisbətən məzənnəsi götürülür. Belədə avro və yaxud rubl dollara nisbətən bahalaşırsa, ona uyğun olaraq avtomatik olaraq Azərbaycanda da manatın avro və rubla nisbətən ucuzlaşması baş verir.  Ona görə də manatın  dollara nisbətən məzənnəsi sabit qalsa da, milli valyuta avro və rubla nisbətən gah bahalaşır, gah da ucuzlaşır. Ona görə ki, həmin valyutalar dollara nisbətdə gah bahalaşır, gah da ucuzlaşır”.

İqtisadçı-ekspert Yaşar Əsədov da bu qənaətdədir ki, avro və rubl dollara nisbətən möhkəmləndiyindən manatla müqayisədə də mövqelərini artırıb: “Dollar son zamanlar avro və rus rubluna nəzərən ucuzlaşır. Buna uyğun olaraq manat da avro və rublla müqayisədə müəyyən qədər ucuzlaşıb. Dolların digər valyutalara nisbətən ucuzlaşması tendensiyası kifayət qədər dayanıqlıdır. Dollar, baxmayaraq ki, süni surətdə onun qarşısı alınır, digər valyutalara həmlələr olunur, dünya miqyasında geniş planda ucuzlaşır.

2008-ci il böhranı ilk baxışda 2011-2012-ci illərdən aradan götürülsə də, böhranın nəticələri hələ də özünü göstərməkdədir. Bu hal da ilk növbədə dollara nəzərən özünü göstərir. Bunun da səbəbi dünyada yeni iqtisadi və maliyyə mərkəzlərinin formalaşması ilə bağlıdır. Çin, Avropa İttifaqı, Cənub-Şərqi Asiya ölkələrini əhatə edən region və Rusiyanın özü ABŞ iqtisadi və maliyyə nüfuzunu tədricən də olsa aradan qaldırırlar. Belə olan halda təbii ki, ABŞ sözügedən sahədə nüfuz və gücü azalmalıdır”.

Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz