Əlaqə Arxiv
news Image
2018.01.18
09:30
| A A A
Zəif banklar fəaliyyətlərini dayandıracaqlar
Natiq Cəfərli: “Güclü bankların yaranması üçün ya zəif banklar tamamilə bazardan çıxmalı, ya da onlar birləşməlidirlər” Cəfər İbrahimli: “2018-ci il banklar üçün o qədər də çətin il olmayacaq”

"Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcək". Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır: "Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hal-hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək". Yerli iqtisadçılar isə agentliyin proqnozuna birmənalı yanaşmırlar.

İqtisadçı-ekspert Natiq Cəfərli 2018-ci ildə bankların konsolidasiyasının davam edəcəyini düşünür: “Çünki, bank sektorunda problemlər tam aradan qalxmayıb. Güclü bankların yaranması üçün ya zəif banklar tamamilə bazardan çıxmalı, ya da onlar birləşməlidirlər. Mərkəzi Bankın 2018-ci il üçün proqnozlarında da buna bənzər işarələr var idi. Çox güman ki, 2018-ci ildə bir neçə bankın ya birləşməsini, ya da bağlanma yolu ilə bazardan çıxacağını görəcəyik. Bu da bank sektorunda sağlamlaşdırma prosesinin cari ildə tamamlanmasına gətirib çıxaracaq. 
Prosesi çox da uzatmaq mümkün deyil. Güclü banklar isə ölkənin iqtisadiyyatında daha aktiv rol oynaya bilirlər. Hətta ayaqda qalan banklara ola bilsin ki, dövlət dəstəyi proqramı da qəbul edilsin. Çünki dövlət dəstəyi sağalamlaşdırma proqramının bir hissəsidir. 2018-ci ildə zəif banklar bazardan çıxdıqdan sonra dövlət dəstək üçün müəyyən addımlar ata bilər”. 
Ekspert əlavə etdi ki bazarda kəmiyyətdən çox keyfiyyətli banklar olmalıdır: “Yəni, bank sayının iqtisadiyyatda birbaşa əhəmiyyəti yoxdur. Banklar güclü olmalı, daha ucuz kredit verə bilməlidirlər. Bankların sayı yox, onların keyfiyyəti daha önəmlidir”. 
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli isə fərqli düşünür: “Konsolidasiya hər zaman mümkün olan varinatdır: Amma banklar keçmişdə yaranmış problemlərə görə ehtiyatlarını ayırıblar. Onların problemli kreditlərinin həcminin artacağı gözlənilmir. Kapitalarında sabitləşmə mövcud olacaq. 2018-ci ildə iqtisadiyyatın böyüməsi fonunda banklar bir qədər də gəlir əldə edə bilsələr, kapital çatışmazlığı problemlərini aradan qaldırarlar. Lakin bank sektorunda əvvəlki iki il kimi dramatik vəziyyətin olacağı gözlənilmir. Bu il stabil formada davam edəcəklər. Düzdür, konsolidasiya məsələsi hər zaman mümkündür. Lakin bankların problemli kreditləri artmayacaq. Bu fonda isə 2018-ci il banklar üçün o qədər də çətin il olmayacaq. Mətbuatda yazılanlar kimi bir sıra bankların bağlanması gözlənilmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz