Əlaqə Arxiv
news Image
2018.02.23
08:00
| A A A
Əhalinin dollara tələbi kəskin şəkildə azalıb
Vüqar Bayramov: “Dollar satışında kəskin azalma əks dollarlaşma prosesinin getməsilə bağlıdır” Cəfər İbrahimli: “Hazırda əsasən yalnız idxal olunan məhsullarla bağlı olaraq dollara tələb yaranır”

Banklar tərəfindən 2016-cı il ərzində 445,4 milyon dollar xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26,5 milyon dollar xalis satış həyata keçirilib. Dollar satışında belə kəskin azalma, əhalinin bu pula tələbinin dəfələrlə aşağı düşməsi  nə ilə bağlıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, dollar satışında kəskin azalma əks dollarlaşma prosesinin getməsilə bağlıdır: “Banklar tərəfindən dollarla həyata keçirilən xalis valyuta satışında müşahidə edilən kəskin azalmaya əsas səbəb ABŞ valyutasına olan tələbin kəskin azalması ilə bağlıdır. Nəzərə alaq ki, 2017-ci ilin ilk aylarından etibarən Azərbaycanda dollarlaşma prosesi əks istiqamət götürdü. Nəticədə artıq əks-dollarlaşma prosesini müşahidə etməyə başladıq. 
2014-cü ilin ikinci yarısından başlayaraq, 2016 il də daxil dollara tələbin yüksəlməsi həm vətəndaşlar, həm də biznesin vəsaitlərini daha çox dollara çevirməsi dollarlaşma prosesinin də sürətlənməsinə gətirib çıxartdı. 2017-ci ilin əvvəlində xarici valyutada dollarla yığımlar 83 faizə qədər yüksəldi. 2017-ci ilin fevral ayından etibarən isə manatın məzənnəsində stabilliyin qorunub saxlanılması artıq milli valyuta ilə yığımlara tələbi artırdı. Rəsmi statistika da göstərir ki, ötən bir il ərzində manatla depozitlərin həcmində artımlar müşahidə olunub. Əvvəlki illərdən fərqli olaraq, artıq vətəndaş və biznesdə dollarlaşma səviyyəsi aşağı olduğundan, ABŞ valyutasına tələbin azalması özünü göstərməyə başladı. Belədə dollara tələbat azaldı. Beləliklə, bankların dollar satışından imtina etməsinə əks dollarlaşma prosesi, həmçinin keçən ilin fevralından etibarın manatın məzənnəsində stabilliyin qorunub saxlanılması kimi amillər səbəb oldu. Bu baxımdan, növbəti dövrdə də Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin qorunub saxlanılması prosesi davam etdirilərsə, dollara olan tələb aşağı səviyyədə qalmaqda davam edəcək. Bu da nəticə etibarı ilə imkan verəcək ki, dollara olan tələbi tənzimləmək mümkün olsun. Təbii ki, idxal artdıqca, ondan asılı olaraq dollara tələbin dəyişməsini müşahidə edəcəyik. Birmənalı şəkildə milli valyutanın məzənnəsi dollara olan tələbin necə olmasından asılı olacaq”. 
«PSJ Kapital» Şirkətinin direktor müavini Cəfər İbrahimli də qeyd etdi ki, dollara tələbin azalması sonda əks dollarlaşma prosesinin də baş verməsinə gətirib çıxarıb: “Məlum məsələdir ki, 2016-cı il ərzində ölkədə ciddi dollarlaşma prosesi gedirdi. İnsanlar həmin dövrdə əllərindəki manatı dollar və digər valyutalara çevirməyə üstünlük verirdilər. Ona görə də o zamanlar valyutaya tələb də həddən artıq çox idi. Hətta Mərkəzi Bankın kifayət qədər ehtiyatı da bu fonda satılmışdı. Amma 2017-ci ilin fevral-mart aylarından etibarən milli valyutada sabitləşmə prosesi başlandı. Dollara tələb də bu fonda azaldı. Ona adekvat olaraq, valyuta ilə alqı-satqının həcmi də aşağı düşdü. 
Hazırda əsasən yalnız idxal olunan məhsullarla bağlı olaraq dollara tələb yaranır. İnsanlar həmçinin dollarla vəsait yerləşdirməkdə çətinlik çəkirdi. Banklar da dollarla vəsaitə aşağı , manat vəsaitlərinə isə yuxarı faiz verirdi. Ona görə də yığım vasitəsi olaraq dollar əllərdə qalırdı. Nəticədə insanlar da vəsaitlərini manatla saxlamağa üstünlük verdilər. Bu mənada da dollara tələb kəskin azaldı. Yəni, idxalın azalması ilə valyutaya tələb aşağı düşüb. İkinci bir tərəfdən yığım vasitəsi olaraq artıq dolların daxili bazarda effektiv olmadığını gördülər”.    
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz