Əlaqə Arxiv
news Image
2018.03.10
10:00
| A A A
Bölgələrdə bank kreditləri ucuzlaşacaq
Vüqar Bayramov: “Dövlət qurumları tərəfindən təşviqedici tədbirlərin həyata keçirilməsi regionlara kredit üzrə çıxış imkanlarının artmasına və daha çox rayon sahibkarının kreditdən yararlanmasına gətirib çıxarar” Natiq Cəfərli: “Vergi güzəştləri tətbiq etməklə banklarda regionlara aşağı faiz və uzun müddətli kredit verməyə stimul yaratmaq olar”

Bölgələrdə bank kreditlərinin faiz dərəcələri paytaxtla müqayisədə yüksək həddə qalmaqda davam edir. Belə ki, kommersiya bankları Bakı və ətraf ərazilərlə müqayisədə bölgələrə kredit verərkən daha yüksək faiz dərəcəsi müəyyən edirlər. Bunu banklar regionlarda risq amilinin daha yüksək olması ilə əlaqələndirir. Nəticədə bölgə əhalisi və yaxud sahibkarı öz biznesini inkişaf etdirmək üçün lazım olan krediti almaq imkanından məhrum olur. Alanda da məhz yüksək faizlər üzündən təsərrüfatlarını inkişaf etdirmək gücündə olmur. Sözügedən problem uzun illərdir ki, öz mövcudluğunu saxlamaqla, bölgələrin də mərkəzdə olduğu səviyyədə inkişafına imkan vermir. Bu əsasda da uzun illərdir yaşanan bu problemin aradan qaldırılması üçün məsələyə stimullaşdırıcı formada müvafiq dövlət qurumlarının müdaxiləsi barədə təkliflər səslənir. Belə hal mümkündürmü?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da qeyd etdi ki, müvafiq dövlət qurumları regionlara banklar tərəfindən daha aşağı faizlə kredit verilməsinə nail olmaq üçün stimullaşdırıcı addımların atılması məqsədəuyğundur: “Həqiqətən də indiki mərhələdə bankların bölgələrə, o cümlədən bütün ölkə üzrə  daha aşağı faizlərlə kredit vermələrinə nail olmaq üçün stimullaşdırıcı tədbirlərdən istifadə edilməsinə ehtiyac vardır. Stimullaşdırıcı tədbirlər dedikdə isə qoyulan yüksək fazilərin bir hissəsinin kompensasiya edilməsi, dövlət tərəfindən subsidiyalaşdırılmasından söhbət gedir. Bununla bağlı addımlar atılır. 
Nəzrə alaq ki, Kredit Zəmanət Fondu yaradılıb. Onun funksiyalarından biri faizlərin subsidiya edilməsi və stimullaşdırılması addımıdır. Bu da əslində, təşviqedici vasitədir. Güman edilir ki, həmin addımın atılması nəticə etibarı ilə kreditlərə əlçatanlığın artmasına gətirib çıxaracaq. Bu mənada da atılan addımla kreditlərə əlçatanlıq artacaq. Burada əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, regionlara üstünlük verilməsinə ehtiyac var.  Regionlara üstünlük verilməsi və bu kontekstdə də regionların prioritet olması çox vacibdir. 
Digər stimullaşdırıcı tədbir kimi girovlar məsələsini göstərə bilərik. Bildiyiniz kimi, girovlara da zəmanətin verilməsi nəzərdə tutulub. Burada da məqsəd ondan ibarətdir ki, kreditlərə zəmanət verilsin. Amma təklif edirik ki, girovu olmayan sahibkarların bu imkandan faydalanması daha vacib olsun. Çünki rayonlara kreditlərə çıxış imkanlarının məhdud olması səbəblərindən biri girovdur. Rayon sahibkarlarının kredit müqabilində girov təklif etmək  imkanları məhduddur. Bu səbəbdən girovlarla bağlı da təşviqedici addımların atılması vacibdir. Dövlət tərəfindən təşviqedici zəmanət tədbirləri həyata keçirilməlidir, regionlara kreditlərin çıxış imkanları artsın. Bütövlükdə dövlət qurumları tərəfindən təşviqedici tədbirlərin həyata keçirilməsi regionlara kredit üzrə çıxış imkanlarının artmasına və daha çox rayon sahibkarının kreditdən yararlanmasına gətirib çıxara bilər”. 
İqtisadçı-ekspert Natiq Cəfərli bu istiqamətdə iki mühüm addımın atılmasını daha vacib bildi: “Ümumiyyətlə, Azərbaycanda bankların verdiyi faiz dərəcələri kifayət qədər yüksəkdir. Bu da biznesin inkişafı, yeni iş yerlərinin yaranması, uzunmüddətli yatırıma maneə olan əsas faktorlardan biridir. Bankların regionlar üzrə verdiyi kredit faizlərinin aşağı salınmasına nail olmaq üçün dövlətin bu prosesdə iştirakı iki yolla mümkündür. Bəzi ölkələrdə, məsələn, Türkiyədə kənd təsərrüfatı ilə məşğul olan insanlara yardım üçün illər öncə Ziraət Bankı yaradılıb. Bu dövlət bankı aşağı faizlərlə və uzun müddətə fermerlərə kredit verir.  
Azərbaycanda da bölgələrdə kənd təsərrüfatı ilə məşğul olanlar üçün Aqrar Bank adlı belə bir bankın qurulması mümkündür. Digər yol isə dövlətin banklara müəyyən güzəştlər təklif etməsidir. Məsələn, regionlara  aşağı faiz və uzun müddətli dövr üçün kredit verən banklara vergi güzəştləri tətbiq edə bilər.  Bu halda banklarda regionlara daha aşağı faizlə kredit verməyə bir stimul yaranar. Məhz əsas bu iki stimullaşdırıcı adımlar vasitəsilə sözügedən problemin həllinə nail olmaq olar. Bunlar olarsa, region sahibkarları da daha çox məhsul istehsal etməyə başlayacaqlar”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz