Əlaqə Arxiv
news Image
2018.03.12
09:15
| A A A
Valyuta ehtiyatlarının tərkibində Çin pulu…
Vüqar Bayramov: “Dünyada ən böyük ümumdaxili məhsul istehsalına malik olan ikinci ölkə olaraq Çin öz valyutasının etibarlılıq dairəsinin genişlənməsində maraqlıdır” Natiq Cəfərli: “Beynəlxalq aləmdə iqtisadi gücü, ixracat potensialı, qonşu ölkələrlə ticarətdə Çinin dominant rolu yuanın rolunun artmasına gətirib çıxara bilər”

Çin hökuməti öz maliyyə bazarını yaratmaqla ölkənin pul vahidi olan yuanı beynəlxalq valyutaya çevirmək cəhdlərini davam etdirəcək. Çin Milli Bankının rəhbəri Çjou Syaoçuanın sözlərinə görə, yuanın beynəlxalq valyutaya çevrilməsi prosesində bir sıra qərarlar qəbul edilib ki, bütün bunlar da yuanı ticarət və investisiya zamanı istifadə etməyə imkan verir. "Bundan başqa, yuan artıq altı əsas valyuta səbətində yer alıb. Əsas prosedurlar həyata keçirilib. Dünya bazarı iştirakçılarının yuanla hesablaşmalara keçməsi üçün kifayət qədər vaxt lazımdır. Buna baxmayaraq, Çin yuanı beynəlxalq valyutaya çevirmək üçün əlindən gələni edəcək. Biz heç kimi heç nəyə məcbur edə bilmərik. Qərarlar öz düşüncəmizdən yaranır”. 

Belə vəziyyətdə Azərbaycanın valyuta ehtiyatlarının tərkibində yuanın payının artırıması nə dərəcədə məqbuldur?
İqtisasdi və Sosiasl İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hələlik valyuta səbətində yuanın xeyrinə dəyişiklik edilməsinə ehtiyac görmədi: “Yaxin zamanlarda Çin yuanının qlobal valyutalardan biri olacağını söyləmək çətindir. Nəzərə alaq ki, Çin ixracatçı ölkədir. Belədə ixrac etdiyi məhsulların dəyərinin azalması üçün Çin valyutasının dəyərində azalmalar müşahidə edilir. Bu da nəticə etibarı ilə yuanın uzun müddətli dövrdə daha yüksək məzənnəsinin qorunub saxlanılmasına imkan vermir. O baxımdan da Çin valyutasının qlobal valyuta rolunu oynamasına nail olmaq  çox çətindir. 
Bununla belə dünyada ən böyük ümumdaxili məhsul istehsalına malik olan ikinci ölkə olaraq Çin öz valyutasının etibarlılıq dairəsinin genişlənməsində maraqlıdır. Ona görə də yuanın mərhələli şəkildə qlobal valyuta olmasına çalışılır. Bu mənada düşünmürəm ki, hələlik Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsininin Çin pulu ilə saxlanılmasına ehtiyac var.  Hətta gələcəkdə Çin yuanı qlobal valyuta rolunu oynasa da, bu heç də Azərbaycan valyuta ehtiyatlarının yuanda saxlanılması anlamına gəlmir. İndiki məqamda dollarla avro daha dönərli və uzunmüddətli dövr üçün proqnozlaşdırıla bilən valyutalardandır. Bu mənada hələlik valyuta səbətimizdə dəyişiklik edilməsinə ehtiyac görmürəm. 
Dövlət Neft Fondu Çin səhmlərini 2016-cı ildə investisiya etdikdən sonra qiymətli kağızların dəyərində azalmalar baş verdi. Bu da Dövlət Neft Fondunun gəlirliyinə mənfi təsir göstərdi. Bu amilin özü də indiki halda valyuta səbətində Çin yuanına müraciət etməyin arzuolunan olmadığını deməyə əsas verir”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, yuanın məzənnəsinin hansı formada dəyişəcəyi və beynəlxalq aləmlə bu istiqamətdə anlaşma əldə olunduqdan sonra Çin puluna yatırım etmək daha məntiqlidir : “Çin hökuməti uzun illərdir ki, öz milli valyutası olan yuanın qlobal valyutaya çevrilməsi yolunda addımlar atır.     Hətta keçən il yuanın Beynəlxalq Valyuta Fondunun beynəlxalq kreditlərin verilməsi valyuta dövrünə daxil edilməsinə nail oldu. Nəticədə beynəlxalq kreditlərdə yuandan istifadə edilməsi məsələsi həllini tapdı. Belədə keçən il yuanın əsas valyutalardan birinə çevrilməsi istiqamətində növbəti addım atıldı. 
Beynəlxalq aləmdə iqtisadi gücü, ixracat potensialı, qonşu ölkələrlə ticarətdə Çinin dominant rolu yuanın rolunun artmasına gətirib çıxara bilər. Növbəti mərhələdə də bu rol arta bilər. Amma burada bir məsələ var. Uzun illərdir müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı Çin qarşısında müəyyən iradlarla çıxış edir. Bu irad da süni şəkildə yuanın məzənnəsinin aşağı salınması və ixracatın stimullaşdırılmasından ibarətdir. Yəni, onların fikrincə, Pekin ixracatı yüksəltmək üçün qəsdən məzənnəni aşağı salır. 
Gələcəkdə yuanın məzənnəsi real olaraq tam bazar iqtisadiyyatı qaydalarına uyğun müəyyən ediləcəksə, Çin valyutasının beynəlxalq valyutalardan birinə çevrilmə imkanları da artacaq.  Yuanın belə bir potensialı var. Azərbaycan Neft Fondundakı vəsaitin bir hissəsi, 500 milyon dollarlıq vəsait məhz yuanda saxlanılır və cüzi rəqəmdir.  Bu da Çin yuanı ilə 3 milyard deməkdir. Gələcəkdə bu rəqəmin artırılması istiqamətində qərarlar verilə bilər. Amma fikrimcə, bu fonda bir qədər ehtiyatlı davranmaq lazımdır. Çünki yuanın məzənnəsinin hansı formada dəyişəcəyini bildikdən və beynəlxalq aləmlə yuanın məzənnəsinin formalaşması istiqamətində anlaşma olduqdan sonra Çin puluna yatırım etmək daha məntiqlidir”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz