Əlaqə Arxiv
news Image
2018.04.18
09:30
| A A A
Kreditlər qızılla veriləcək?!
Natiq Cəfərli: “Belə bir iqtisadi mexanizm nəzərdə tutulmayıb” Rəşad Həsənov: “Bu gün dünya maliyə sistemində artıq yeni maliyyə alətləri formalaşıb”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təklif edib ki, kreditlər qızılla verilsin: “ Biz bu yolla dolların kurs təzyiqindən qurutulmalıyıq. Qızılla heç vaxt kimsə kurs təziyiqi edə bilməz”. Ərdoğanın bu təklifinin reallşaması və belə vəziyyətdə xarici valyuta təzyiqlərinə son qoyulması mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, sözügedən təklifin reallaşması hələlik mümkün deyil. Həmsöhbətimiz onu da qeyd etdi ki, Türkiyə prezidentinin kreditlərin qızılla verilməsi təklifi sadəcə olaraq, ölkə bazarlarını son təlatümdən sonra sakitləşdirmək məqsədi daşıyır: “Qızılla kredit vermək də mümkünsüzdür. Qızılla kredit alan ölkə həmin qızılla nə edəcək? Sonradan onu hər hansı bir valyuta növünə çevirməlidir ki, ondan istifadə edə bilsin. Məsələn, hər hansı bir ölkə kredit alır ki, böyük infrastruktur layihələri həyata keçirsin, zavod və ya fabrik üçün avadanlıq alsın. Qızıl almaqla bu istiqamətdə nə edə biləcəklər ki? Sonradan aldıqları krediti məcburdurlar ki, müxtəlif valyutalara çevirib təmin tikinti işləri həyata keçirsin, avadanlıq alsınlar. Yəni müxtəlif əməliyyatların həyata keçməsi üçün fərqli valyutalardan istifadə etmək məcburiyyətindədirlər. Qızılla isə bu əməliyyatları reallaşdırmaq mümkün deyil. 
Bilirsiniz ki, son zamanlar türk lirəsi dollar qarşısında xeyli dərəcədə dəyərdən düşüb. Türkiyə valyutası son həftədə 3,70-dən 4,10 lirəyə qədər dəyər itirib. Məhz bu dəyər itirmənin qarşısını almaq, bazarlara psixoloji təsir göstərmək üçün kreditin qızılla verilməsi kimi açıqlamaları gündəmə gətirirlər. Amma həmin təklifin praktikada tətbiqi və həyata keçirilməsi yolları mümkünsüzdür. Belə bir iqtisadi mexanizm nəzərdə tutulmayıb. Orta əsrlərdə belə yanaşmalar olub. Həmin dövrdə müxtəlif əməliyyatlarda qızıldan istifadə ediblər. Lakin XIX əsrdən sonra kreditlərin ümumiyyətlə qızılla verilməsi və həyata keçməsi mümkünsüzdür”.
 İqtisadi və Sosial İnkişaf Mərkəzinin  eksperti Rəşad Həsənov təklifin iqtisadi cəhətdən doğru yanaşma olmadığını bildirdi: “Türkiyə prezidentinin həmin açıqlaması maraqlıdır. Faktiki olaraq bu gün dünyada dövriyyədə olan borc vəsaitlərinin həcmi istehsal olunan qızılın ümumi həcmindən on dəfələrlə artıqdır. Belə olan halda kreditlər qızılla necə kompensasiya olunacaq? Həmin açıqlama primitiv iqtisadi münasibətlərə qayıdış kimi yozula bilər. Bu gün dünya maliyə sistemində artıq yeni maliyyə alətləri formalaşıb. Bu mənada kreditlərin qızılla verilməsi kimi təkliflərin reallaşması faktiki olaraq mümkün deyil. Bu istiqamətdə hansısa bir beynəlxalq razılığın əldə edilməsi qeyri-mümkündür. Həmin dəyişikliyin həyata keçməsini təmin edəcək hər hansı bir istehsalat yoxdur. Qızlın qiyməti də yüksəkdir. Bu yüksək hədd isə qızılla borclanmaya gedənlər üçün itkilər demək olacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz