Əlaqə Arxiv
news Image
2018.04.25
12:31
| A A A
Beynəlxalq maliyyə qurumları Azərbaycanla bağlı göstəriciləri artırdılar
Natiq Cəfərli: “İki əsas səbəb var ki, ona əsasən, beynəlxalq qurumlar Azərbaycan iqtisadiyyatı ilə bağlı daha pozitiv göstəriçilərin olacağını bəyan edirlər” Vüqar Bayramov: “Beynəlxalq maliyyə qurumları tərəfindən Azərbayan iqtisadiyyatı ilə bağlı proqnozlara yenidən düzəlişlər etməsi təqdirəlayiq haldır”

Dünya Bankı (DB) 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,8% artacağını proqnozlaşdırır. Bu ilin yanvarında isə qurum  Azərbaycanda 0,9% iqtisadi artım gözləyirdi. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib. Nüfuzlu mötəbər qurumların Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarının müsbət istiqamətdə dəyişməsini şərtləndirən səbəblər hansılardır?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, nüfuzlu beynəlxalq qurumların Azərbayan iqtisadiyyatı ilə bağlı verdikləri proqnozların müsbət istiqamətdə dəyişməsini şərtləndirən iki mühüm səbəb var: “İki əsas səbəb var ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər bu kimi beynəlxalq qurumlar Azərbaycanla bağlı daxili statistik göstəricilərlə müqayisədə daha pozitiv göstəriçilərin olacağını elan ediblər. Yəni iki əsas səbəb var ki, ölkəmizdə cari ildə iqtisadi aktivliyin artmasına şərait yaradır. Bu səbəblərdən biri neftin qiymətlərilə bağlıdır.

Son zamanlar bu istiqamətdə qiymətlər əhəmiyyətli dərəcədə artıb. Neftin qiymətinin 75 dollar səviyyəsində olması ilə Azərbaycanın gəlirləri artır, iqtisadi potensialı güclənir. Keçən illə müqayisədə neftin qiyməti 45 faizə qədər yüksəlib. Bu amil də ölkənin makroiqtisadi göstəricilərinə ciddi təsir göstərir. Prosesin baş verməsinə təsir edən ikinci səbəb isə son illər qeyri-neft sektorunda atılan addımların artıq özünün müəyəyn bəhrəsini verməsilə bağlıdır. Yəni, qeyri-neft sektorunun ixracatında müəyyən nəzərə çarpacaq artımlar var. Turizmdə də həm gələnlərin say artımı, həm də gəlirlilik baxımından ciddi irəliləyiş müşahidə edilir. Bütün bunlar da toplam halında təbii ki, Azərbaycanın makroiqtisadi göstəricilərinə, o cümlədən ümumi daxili məhsulun artımına müsbət təsir göstərir. Ona görə də ölkəmizlə bağlı verilən proqnozlar getdikcə daha pozitiv müstəvidə olur”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da düşünür ki, neftin dünya bazarında bahalaşması və qeyri-neft sektorunda baş verən yüksəliş templəri Azərbaycanla bağlı iqtisadi proqnozların daha müsbət müstəvidə verilməsinə əsas yaradıb: “Beynəlxalq maliyyə qurumları tərəfindən Azərbayan iqtisadiyyatı ilə bağlı proqnozlara yenidən düzəlişlər etməsi təqdirəlayiq haldır. Bu, ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatı öncədən proqnozlaşdırılandan daha çox iqtisadi artıma malik olacaq. Eyni zamanda proqnozlarda artım iqtiqamətində dəyişikliklərin edilməsinin bir neçə əsas səbəbi var.

Burada neftin dünya bazarında qiymətinin bahalaşması əsas faktorlardandır.  Büdcədə neftin bir barrelinin 45 dollar nəzərdə tutulmasına baxmayaraq, hazırda dünyada Azərbaycan neftinin qiyməti 75 dollardır. Bu da ölkəyə daha çox valyuta daxil olmasına və proqnozlaşdırılandan daha çox gəlir əldə etməyə imkan verəcək. Belə vəziyyət isə ölkədə iqtisadi artımı təşkil edən əsas səbəblər sırasındadır. Digər səbəb isə qeyri-neft sektorunun inkişafında baş verən artımlarla əlaqədardır. 2018-ci ilin birinci rübünün yekunları göstərdi ki, qeyri-neft sektorunda artım tempi ümumi artım tempindən daha çox olub. 2018-ci ilin ilk rübündə sənayedə 2 faizlik artım qeydə alındığı halda, qeyri-neft sektorunda 10 faizlik yüksəliş baş verib.

Eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı artım tempi də daha çoxdur. Aqrar sektorda 42, tikintidə 50 faizdən artıq artım olub. Dövlət rezervi cari ilin bürünci rübü ərzində praktik olaraq 2,2 milyard dollar artaraq 44 milyard dollara çatıb. Nəticədə görürük ki, bütün makroiqtisadi göstərcilərdə artımlar müşahidə olunur. Bu da sözsüz ki, ölkəmizin iqtisadi göstəricilərilə bağlı proqnozlara yenidən baxaraq, onun dəyişdirilməsinə imkan verib. Bu fonda Azərbaycan hökuməti tərəfindən də daha yüksək proqnozların nəzərdə tutulması mümkündür. Yaranmış vəziyyət düşünməyə əsas verir ki, 2018-ci ildə proqnozlaşdırılandan daha çox artım əldə etmək mümkün olacaq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz