Əlaqə Arxiv
news Image
2018.04.26
10:48
| A A A
Banklar yenidən aktiv kredit siyasətinə qayıdırlar
Vüqar Bayramov: “Kreditləşmənin bərpa edilməsi əsasən makroiqtisadi stabilliyin formalaşması ilə bağlıdır” Musa Quliyev: “Qeyri-neft sektorunda yüksəliş, manatın sabitləşməsi bankları yenidən aktiv kredit siyasətinə keçməyə həvəsləndirib”

Son aylara qədər kredit verilməsində maraqlı olmayan banklar indi yenə aktiv kredit siyasətinə qayıdırlar. Hətta müştəri cəlb etmək məqsədilə müxtəlif kredit kampaniyaları da həyata keçirilir. Bank əməkdaşları daimi müştərilərinə kompaniyalar haqqında məlumatlar göndərərək onları kredit götürməyə dəvət edirlər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bankların kreditləşmə siyasətini yenidən aktivləşdirmələrində makroiqtisadi sabitliyin mövcudluğu amili mühüm rol oynayır: “Düzdür, hələlik banklar tərəfindən aktiv kredit siyasətinin tam şəkildə bərpa olunduğunu söyləmək mümkün deyil. Çünki bankların kredit portfelində azalmalar müşahidə olunur. Mərkəzi Bankın son məlumatlarından da görünür ki, kredit portfelində azalma tendensiyası davam edir. Amma bununla belə, sözsüz ki, 2017-ci ilin əvvəllərilə müqayisədə kredit təklif edən bankların sayında artımlar var. 
Bir sıra banklar hətta real sektora kredit verməyə daha çox maraq göstərməyə başlayıblar. Güman olunur ki, kreditləşmənin tam olmasa da, nisbətən bərpa edilməsi əsasən makroiqtisadi stabilliyin formalaşması ilə bağlıdır. Belə ki, makroiqtisadi sabitlik banklara kreditləşməni mərhələli şəkildə bərpa etməyə imkan yaradır. Bu da bankların real sektoru maliyyələşdirmək baxımından olduqca vacibdir. Eyni zamanda, bankların əsas funksiyası cəlb etdikləri vəsaiti, o cümlədən depozitləri kredit formasında yerləşdirməkdən ibarətdir. Banklar cəlb etdikləri depozitləri kredit formasında yerləşdirməsələr, nəticə etibarı ilə onlar gəlir əldə etmək imkanına malik olmayacaqlar. Cəlb edilən depozitə görə banklar ödəniş edir. Həmin depozilərin kredit formasında yerləşdirilməsi və bankların gəlir əldə etməsinə ehtiyac var. 
Banklar kreditləşmə siyasətini bərpa etməklə təbii ki, həm də gəlirliyi bərpa etməyə çalışır. Bankların mərhələli şəkildə kreditləşməni bərpa etməsi həm də onların gəlirliyini qoruyub saxlamaq məqsədi daşıyır. Bu baxımdan güman olunur ki, makroiqtisadi sabitlik davam edərsə və Mərkəzi Bank tərəfindən manatın məzənnəsi daha uzun müddətə qorunub saxlanılarsa, o halda bankların kredit portfelində yenidən artımlar müşahidə edilər. Banklar yenidən aktiv şəkildə kreditləşmənin artmasında maraqlı olar. Banklar krediti real sektora və istehlak krediti formasında təklif edirdi. Bütün hallarda hazırda Mərkəzi Bankın uçot dərəcəsini azaltması və makroiqtisadi stabilliyin davam etməsi fonunda bankların mərhələli şəkildə kreditləşməni bərpa etmələri göz önündədir”. 
Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki bankların yenidən aktiv kredit siyasətinə qayıtmalarına bir sıra amillər təsir edib: “İlk növbədə cənab Prezidentin böhrandan çıxış konsepsiyası, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və onun gördüyü işlər, bankların sağlamlaşdırılması prosesi, zərərlə işləyən bankların ləğvi və yaxud birləşdirilməsi, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun yüksəlməsi, manatın sabitləşməsi, ölkə iqtisadiyaytının yüksələn xətlə inkişafı bankları yenidən aktiv kredit siyasətinə keçməyə həvəsləndirib. Manatın davamlı olaraq sabit qalması həm banklar, həm də sahibkarlara verilən kreditlərin qaytarılacağı, həm də götürülən kreditlə müəssisələri gəlirli hala gətirməyin mümkün olacağına ümid yaradır. 
Ümumiyyətlə, ölkə iqtisadiyyatının dayanıqlı inkişaf tempi banklar, sahibkarlar, həm də müştərilərdə bankların böhrandan çıxması, iqtisadiyyatın artıq gəlirlə işləməyə başlaması və bu tempin davam edəcəyinə ciddi inam yaradıb. Eyni zamanda, cənab Prezident tərəfindən əsası qoyulan strateji yol xəritələrinin tərtbiqi də bu prosesə inamı daha da artırıb. Ölkəyə qoyulan investisiyaların da məbləği artır. Bütün bunlar eyni zamanda, artıq bank sektorunun böhrandan çıxdığının göstəricisidir. Nəticədə banklar tədricən öz işlərini yeni dövrün tələblərinə uyğun qurmağa başlayıb. Yəni sağlamlaşma prosesi qısa zamanda başa çatıb. Bundan sonra isə yeni bir inkişaf mərhələsi başlayır”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz