Əlaqə Arxiv
news Image
2018.05.24
08:00
| A A A
Bank sektoruna ərəb investisiyası gəlir?!
Ruslan Atakişiyev: “Artıq bu məsələ zərurətə çevrilib” Əkrəm Həsənov: “Ölkəmizdə İslam bankçılığı olsa idi, ərəb investisiyasını cəlb edə bilərdik”

Məlumdur ki, ərəb investorlarının ölkəmizə marağı yüksəlib. Artıq müəyyən sahələrə  yatırımları da var. Bu fonda təkliflər səslənir ki, ərəb sərmayəsi həm də bank sektoruna cəlb edilsin. Bu, bankların kapitallarının artımına şərait yaradacaq ki, belə vəziyyət son nəticədə kredit faizlərinin aşağı düşməsinə səbəb ola bilər. 

Mütəxəssislərin fikrincə, ərəb investisiyasını bank sektoruna cəlb etmək üçün ilk növbədə qanunverici bazada islahatlar həyata keçirilməlidir. Yəni, İslam bankçılığının inkişafına diqqət artırılmalıdır. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, ərəb investisiyasının bank sektoruna cəlb edilməsi devalvasiyadan əvvəl də gündəmdə idi: “2015-ci ilin yanvarına qədər Beynəlxalq Banka ərəb investisiyası cəlb olunurdu. 2015-ci ildə həcmin 184 milyon dollar artması gözlənilirdi. 
«Əmrah Bank» və lizinq şirkətlərinin bəzilərinin strukturu da körfəz investisiyası  əsasında formalaşıb. Azərbaycanın bank sektoruna ərəb investisiyasının gətirilməsi üçün ilk növbədə institusional səviyyədə islahatlar aparılmalıdır. Ərəb bank sistemində əasən İslam prinsipləri əsasında fəaliyyət göstərən banklar üstünlük təşkil edir. Burada gəlirə, hətta ziyana ortaq şərti ilə vəsaitlərin idarə edilməsindən söhbət gedir. Ona görə də qanunverici bazada islahatların aparılması vasitəsi ilə faizsiz işləyən maliyyə institutlarının fəaliyyətini genişləndirmək lazımdır. Bu da ölkə iqtisadiyyatına investisiya cəlbini artıracaq. 
Nəzərə alaq ki, İslam bankçılığı əsasən real sektorla işləyir. Buü da ölkəmizdə ilk olaraq kənd təsərrüfatında istehsala mühüm töhfə vermiş olar. Bu gün qeyri-neft sektorunun inkişafı məsələsində bu məsələyə xüsusi diqqətlə yanaşımalıdır. Azərbaycanda qəbul edilmiş milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələrində də ərəb investisiyasının cəlb olunması istiqamətində bənd yer alıb. Yəni, artıq bu məsələ zərurətə çevrilib”. 
Digər iqtisadçı-ekspert Əkrəm Həsənov da hesab edir ki,   ərəblər ənənəvi banklara investisiya qoymayacaqlar: “Azərbaycanda banklar sələmçilik prinsipi ilə fəaliyyət göstərir. Düzdür, elə ərəb ölkələri var ki, orada da banklar sələmçilik prinsipi ilə fəaliyyət göstərir. Bu ölkələrin isə xaricə yatıracaq pulu yoxdur. Lakin Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi kimi varlı ərəb dövlətləri bir qayda olaraq İslam bankçılığı prinsipi ilə fəaliyyət göstərirlər. Həmin ölkələrdə sələmçilik yox, şəriklik var. 
İslam bankçılığı şəffaflığı tələb edir. Azərbaycanda isə İslam bankçılığı və ya qanunverciliyi yoxdur. Əgər ölkəmizdə İslam bankçılığı olsa idi, ərəb investisiyasını cəlb edə bilərdik. Bununla da dövriyyədə pul kütləsi artardı. Sahibkarlar da həmin banklardan faizsiz kredit götürərdilər. Bu da ölkə iqtisadiyyatına fayda verərdi. Qazaxıstanda, Qırğızıstanda İslam bankçılığı inkişaf etdiyindən ərəb inestisiyasını cəlb edə biliblər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz