Əlaqə Arxiv
news Image
2018.07.05
09:15
| A A A
Valyuta ehtiyatlarının həcmi dinamik şəkildə artır
Rəşad Həsənov: “Yaranmış vəziyyət hər iki quruma ehtiyatlarını artırmağa müvafiq şərait formalaşdırıb”

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il iyulun 1-nə 5 milyard 512,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 548,6 milyon dollar və ya 11,1% çoxdur. Dövlət Neft Fondunda da valyuta ehtiyatlarının həcmi artır. Bu artımları şərtələndirən səbəblər hansılardır? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov düşünür ki, AMB və Dövlət Neft Fondunun valyuta ehtiyatlarının həcminin artmasında başlıca rolu neft amili, onun qiymətinin artması oynayıb: “Azərbaycan Mərkəzi Bankı, o cümlədən Dövlət Neft Fondunun valyuta ehtiyatlarının həcmində son dövrlər müşahidə edilən artımların başlıca qaynağı dünya bazarlarında “qara qızıl”ın qiymətinin bahalaşmasıdır. Nəticədə xarici ticarətdə ciddi profisit yaranıb.

Faktiki olaraq, bu gün idxaın səviyyəsi hələlik 2013-2014-cü illər səviyyəsində olduğu qədər yüksək deyil. Yəni, hələlik bu həddə çatmayıb. Nəticədə ölkədə ödəmələr balansında Azərbaycanın xeyrinə olan müəyyən trendlər formalaşıb. Həm tədiyyə balansı, həm də xarici ticarət saldosunda yaranmış profisitlər sonrakı mərhələdə Azərbaycan Dövlət Neft Fondu, o cümlədən Mərkəzi Bankın strateji valyuta ehtiyatlarına təsir edir. Amma təklif formasında.

Bildiyiniz kimi, qanunvericiliyə uyğun olaraq karbohidrogen resurslarının istehsalından əldə olunan gəlirlər məhz Neft Fonduna daxil olur. Baha qiymətə satılan neft isə təbii ki, son nəticəsə Neft Fondunun gəlirlərinin artmasına gətirib çıxarır. Bu günlərdə Dövlət Neft Fondunun 2018-ci il üçün büdcəsində dəqiqləşmələr edildi. Həmin dəqiqləşmələrlə Neft Fondunun 2018-ci il üçün büdcə gəlirləri 5 milyard 600 milyon manata yaxın müəyyən edildi ki, bu da təxminən 3,3 mlyard dollar deməkdir.  Yəni sözügedən fondun gəlirləri 2018-ci ildə ilin əvvəlində proqnozlaşdırılandan 3,3 milyard ABŞ dolları həcmində daha çox olacaq. Bu da yığım imkanlarını artırır. Amma Mərkəzi Bankda strareji valyuta ehtiyatlarının artması birbaşa olaraq qurumun valyuta bazarlarında tədqiqatçı mövqeyini dayandırması, yəni bazarlara valyuta konvertasiya etməsini məhdudlaşdırması ilə əlaqədardır.  Daha sonrakı dövrlərdə isə bank əməliyyatları nəticəsində kommersiya banklarının Mərkəzi Bankda müxbir hesablarında yerləşdirdikləri vəsaitlərin strukturundan, həmçinin bankların aktiv və öhdəliklərinə uyğun yerləşdirdiyi ehtiyatların valyuta strukturundan, digər tərəfdən Mərkəzi Bankın öz fəaliyyəti nəticəsində əldə olunan gəlirlərdən asılı olaraq ehtiyatlar müəyyən qədər artıb. Bu ehtiyatların artması məhz qeyd etdiyim faktorlardan qaynaqlanır. Amma ümumiyyətlə götürəndə, fundamental faktor neftin qimətinin bahalaşmasından qaynaqlanır. Təsəvvür edin ki, valyuta bazarlarında sabitlik müşahidə olunmasa, disbalans yaransa, o zaman Mərkəzi Bank və Neft Fondları məcburdurlar ki, bazarlara daha artıq valyuta çıxarsınlar. Bu isə strateji valyuta ehtiyatlarının azalması ilə nəticələnər. Lakin gördüyümüz kimi, bunun əksi baş verir ki, yaranmış vəziyyət də hər iki quruma ehtiyatlarını artırmağa müvafiq şərait formalaşdırıb”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz