Əlaqə Arxiv
news Image
2018.07.07
09:30
| A A A
Dollar satışının artması manatın məzənnəsinə təsir etməyəcək
Əkrəm Həsənov: “Manatın sabitliyi təmin olunur” Cəfər İbrahimli: “Manatın məzənnəsinin bu il çox da dəyişməyəcəyinin səbəblərindən biri də DNF-in satışları kifayət qədər çoxaltmasıdır”

Dövlət Neft Fondunun (ARDNF) son aylarda satdığı  dolların həcmində artımlar qeydə alınır. Belə ki,  Dövlət Fond tərəfindən 2018-ci ilin iyun ayı ərzində 439 milyon  ABŞ dolları məbləğində vəsait satılıb. Ümumiyyətlə, cari ilin hər iki rübündə ötən ilin müvafiq dövrlərinə nisbətən valyuta satışlarında artım var. Hətta birinci rübdə ARDNF-nin valyuta satışları ötən ilə nisbətən 65% artıb. Mütəxəssislər bu artımı müxtəlif amillərlə şərtləndirməyə çalışırlar. 

İqtisadçı-ekspert Əkrəm Həsənov hesab edir ki, buna əsas səbəb Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlərin artımı ilə bağlıdır: “Nəzərə alaq ki, cari il ərzində Mərkəzi Bank uçot dərəcəsini 3 dəfə endirib. Artıq uçot dərəcəsi 10 faizdir. Deməli, bankların kreditləri və dövriyyədə olan milli valyutanın həcmi artıb. Bu da gözlənilən idi. Çünki, iqtisadiyyata pul lazımdır. Həmin pulların bir hissəsi isə xarici valyuta bazarına gedir”.
Əkrəm Həsənov əlavə etdi ki, Dövlət Neft Fondunun valyuta satışını artırmasının başqa səbəbi də mümkündür: “Ola bilsin ki, hansısa iri şirkətlərin xarici borcu var. Onların ödənilməsi üçün pulu alırlar. Əsas səbəblər kimi bunları demək olar”.
Ekspert bu prosesin manat-dollar münasibətlərinə təsirlərinə də toxundu: “Manatın məzənnəsi artıq il yarımdır ki, sabitdir. Yəni, manatın sabitliyi təmin olunur. Əgər Dövlət Neft Fondu valyuta satmasa, dollar bahalaşar. DNF bu gün bunu tam sərbəst şəkildə həyata keçirə bilir. Çünki, neftin qiyməti artan xətlə getməkdədir. Ölkəmizin neft gəlirləri artıb. Bunun da bir hissəsi manatın məzənnəsinin sabitliyinə xərclənir”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, ümumiyyətlə, ötən illə müqayisədə dollar satışında artım var: “Ancaq bu,   ciddi təhlükə yaratmır. Nəzərə alaq ki, ötən il Dövlət Neft Fondundan büdcəyə transferinin həcmi builkinə nisbətən az idi. Bu fonda Dövlət Neft Fondu üçün daha çox valyuta satmağa ehtiyac yaranmırdı. Lakin 2018-ci ildə  Dövlət Neft Fondundan  büdcəyə transfer olunmasına  təxminən 6 milyard dollar nəzərdə tutulur. Yəni Dövlət Neft Fondunun bu qədər vəsait satması da ehtiyac olan həcmdədir. İlin yarısına olan rəqəmlər də göstərir ki, ilin ikinci yarısında da DNF təxmini bu qədər vəsait satacaq. Elə manatın məzənnəsinin bu il çox da dəyişməyəcəyinin səbəblərindən biri də DNF-in satışları kifayət qədər çoxaltmasıdır”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz