Əlaqə Arxiv
news Image
2018.08.22
09:15
| A A A
Dollar ucuzlaşacaq, manat isə…
Bu gün manatın sabit kursu dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğundur

Region ölkələrində valyutaların düşüşündən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur. Ankara “1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib: “Belə görsənir ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var. Bu isə ABŞ ilə Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir. Rusiya rublu da heç də yaxşı günlərini yaşamır. Amma Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən “qara buludların” çəkildiyini söyləmək tezdir.

ABŞ prezidenti Donald Trampın son tviti avroya yenidən nəfəs qazandırır. ABŞ prezidenti Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatların Sisteminin uçot stavkasının artırlması ilə bağlı siyasətini tənqid edib. Belə görsənir ki, Tramp Administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın “ucuz dollar böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə, o zaman avronun yenidən möhkəmlənməsi mümkündür. Qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza da psixoloji təsir göstərir“. Amma manat sabit mövqeyini də qoruyub saxlayır. Mərkəzi Bankın son məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 109,3 milyon manat olub. O da qeyd edilir ki, əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,5 faiz azalıb. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi aşağı düşüb.

Yuxarıda qeyd olunduğu kimi, banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyulun 1-nə 62,4% təşkil edib. Bu nisbət iyunun 1-də 62,9% olub. Milli valyutada olan əmanətlərin həcminin sürətlə artması isə manata yüksək inamın göstəricisi hesab edilir və bu prosesin hələ davam edəcəyi proqnozlaşdırılır. İqtisadçı-ekspert Natiq Cəfərli  məsələ ilə bağlı bildirir ki, manatın məzənnəsi sabit olduğuna görə, əhalinin bir qismi xarici valyuta ilə olan depozitlərini manata çevirməyə başlayıb: “Çünki manatla olan depozitlərin faiz dərəcəsi kifayət qədər yüksəkdir. Dollarla müqayisədə təxminən 3 dəfə fərq var. Ona görə də, banklarda dollarlaşma nisbətən azalıb. Bu, bankların sağlamlaşdırılması baxımından özlərinə də xeyirdir. Çünki gələcəkdə hər hansı məzənnə dəyişikliyi olarsa, çətin vəziyyətə düşmək istəmirlər. Manatla kreditlərin verilməsi və depozitlərin götürülməsi risq menecmenti baxımından da daha sərfəlidir”. Hələlik isə araşdırmalar göstərir ki, bu gün valyuta bazarında müşahidə edilən sabitlik, bankların əmanətlər üçün təklif etdiyi faiz fərqi manatla əmanətlərin həcminin artmasına gətirib çıxarır. Ölkəyə daxil olan valyuta həcminin artımı fonunda isə manatın ən azından sabit mövqeyini qoruması gözlənilir. Hətta müəyyən qədər manatın möhkəmlənməsi də mümkün sayılır. İqtisadçı ekspert, iqtisad elmləri doktoru Müslüm İbrahimov isə bu xüsusda bildirir ki, son dövrlərdə manatın məzənnəsinin dalğalanmasının olmaması, iqtisadiyyatın dollarlaşma səviyyəsinin aşağı olması, tədiyə balansının cari əməliyyatlar hesabının müsbət dinamikası – bütün bu amillər deməyə imkan verir ki, Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi qorunub saxlanacaq: “Demək olar ki, bu gün manat lazımi səviyyədədir. Vətəndaşların milli valyutaya inamı artıb. Vəziyyəti dövlətin vaxtlı-vaxtında addımları nəticəsində sabitləşdirmək mümkün olub”. Ekspert əlavə edib ki, bu gün manatın sabit kursu dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğundur: “Dövlət qarşısına sabit iqtisadi artımı təmin etmək məqsədi qoyub. Bu məqsəd üçün strateji yol xəritələri reallaşdırılır. Bununla bağlı olaraq valyutanın sabit məzənnəsinin olması qəbulediləndir. Bu məqsədin təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə edilir”.

Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz