Əlaqə Arxiv
news Image
2018.09.06
07:00
| A A A
Banklar problemli kreditlərin həllini uzadırlar
Elnur Quliyev: “Banklar mövcud iqtisadi vəziyyətdə vətəndaşların ödəmə qabiliyyətinin zəifləməsini nəzərə alaraq onlara güzəştlər tətbiq etməlidirlər” Ayaz Quliyev: “Hazırkı iqtisadi prosesdə mövcud olan vəziyyət, ümumi daxili məhsulun böyümə ehtimalı, banklarda kifayət qədər ehtiyatın olması fonunda bundan sonra problemli kreditlərin həcminin artması gözlənilmir”

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb. İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib.

Ekspertlərin sözlərinə görə, problemli kreditlərin həcminin artmasını şərtləndirən obyektiv səbəblər var. İqtisadçı-ekspert Elnur Quliyev bildirir ki, Azərbaycanda problemli kreditlərin həcmi əsasən 2015-ci ildəki devalvasiyadan sonra artmağa başlayıb: “Məlumdur ki, devalvasiya baş vermədən əvvəl artıq bir çox banklar kreditləri, əsasən də biznes kreditlərini dollarla verməyə başlamışdı. Milli valyutamızın dəyərinin qısa müddətdə ardıcıl olaraq iki dəfə ucuzlaşması vətəndaşların və biznes subyektlərinin kredit ödənişi qabiliyyətinə birbaşa təsir etdi. Nəticədə bank və kreditorlar arasında problemlər başladı. Müvafiq maliyyə qurumlarının da heç bir kompensasiya proqramının olmaması mövcud problemi daha da dərinləşdirdi. 
Statistik məlumatlar da göstərir ki, ölkə üzrə problemli kreditlərin həcmi artmaqda davam edir. Banklar mövcud iqtisadi vəziyyətdə vətəndaşların ödəmə qabiliyyətinin zəifləməsini nəzərə alaraq onlara güzəştlər tətbiq etməlidirlər. Güzəştlər isə elə olmalıdır ki, vətəndaşlar heç olmasa, əvvəlki məzənnə ilə götürdüyü krediti ödəyə bilsin. Lakin nəzərə almaq lazımdır ki, hazırda tətbiq edilən güzəştlər effektli təsirini göstərmir. Çünki banklar özləri də bir sahibkarlıq subyektləridir və dövlətin müəyyən dəstəyi olmadan problemin köklü həllinə nail olmaq mümkün olmayacaq. 
Nəzərə almaq lazımdır ki, bankların mənfəətinin böyük hissəsi istehlak və biznes kreditlərindən daxil olan faiz və komissiya gəlirləri hesabına formalaşır. Bu səbəbdən kredit ödənişlərinin vaxtında və ya ümumiyyətlə qaytarılmaması banklar üçün kifayət qədər ciddi problemdir. Onların gələcək inkişaf strategiyalarını sual altında qoyur. Mənfəətin azalması bankın dinamik fəaliyyət göstərməsində, inzibati xərclərin və işçi heyətin əmək haqlarının ödənilməsində, səhmdarlarlara dividentlərin verilməsində ciddi problemlər yaradır. Üstəlik, hazırda ölkə vətəndaşlarının banklara inamsızlığı və xarici valyutada olan depozitlərə təklif edilən kiçik  faiz dərəcələri bankalara əlavə investisiya cəlb etmək üçün  çətinlik yaradır. Son iki ildə bəzi banklar problemli kreditlərlə bağlı müəyyən güzəştlər tətbiq etdilər. Lakin problemin həlli üçün tam olaraq yetərli deyil. Dövlətin dəstəyi olmadan bu problemi həll etmək mümkün olmayacaq. Mövcud iqtisadi şəraitdə gəliri dəfələrlə azalan və ya işini itirən vətəndaş onsuz da krediti qaytara bilməyəcək və banklar da təkcə öz gücü hesabına güzəştlər edə bilməyəcək. 
Azərbaycanda kifayət qədər zəif banklar var ki, onlar maliyyə problemləri ucbatından vətəndaşa güzəşt təklif etmək iqtidarında deyil və nəticədə onlar lombard və ya valyutadəyişmə məntəqəsinə çevriliblər. Çünki indiki halda yalnız bu xidmətləri təqdim etməklə gəlir əldə edə bilirlər”.
İqtisadçı əlavə etdi ki, hazırda tendensiya bank və kreditorların mövcud vəziyyətlə barışdıqlarını göstərir:  “Dövlət dəstəyi olmadan məsələni özləri həll etməli olduqları anlayıblar. Həll yolu isə iki varianta ola bilər. Birinci halda banklar öz müştəriləri ilə individual olaraq razılığa gələrək, faizlərin endirilməsi və kreditin vaxtının uzadıması ilə bağlı güzəştlər tətbiq edilməlidirlər. İkinci halda isə bank məhkəmə müraciət edir. Lakin son nəticədə bu variantı çıxış yolu hesab etmək olmaz. Çünki istehlak kreditləri demək olar ki, təminatsız verilib. Məhkəmə prosedurları, həmçinin onlara çəkilən xərclər özünü nə dərəcədə doğruldacağı sual altındadır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz