Əlaqə Arxiv
news Image
2018.09.12
09:42
| A A A
Banklar əmanətçiləri özlərindən uzaq salır
Natiq Cəfərli: “Gələcəkdə banklar depozit faizlərinin daha da aşağı çəksələr, insanlarda depozit yerləşdirmək üçün maraq qalmaz” Samir Əliyev: “Banklar tərəfindən kapital qoyuluşunun azalması son nəticədə əmanət qoyuluşuna təsir göstərir”

Banklar ötən ilə nisbətən bu il əmanət faizlərini azaldıb. Bu, xüsusən də manatla olan depozitlərdə özünü büruzə verir. Dollarda əmanətlərində isə onsuz da faizlər aşağı olduğundan kəskin fərq yoxdur. 

İqtisadçılar əmanət faizlərinin aşağı düşməsini gözlənilən olduğunu deyirlər. Əsas səbəb kimi isə manatın sabitləşməsi göstərilir. Belə ki, sabitləşməsi fonunda manata etibar artıb. Bu da manatla əmanətlərin həcmini artırıb. Nəticədə banklar əmanət faizlərini aşağı salmağa məcbur olublar.  Lakin banklar ehtiyatlı davranmalıdırlar. Azalan faizlər fonunda əmanətlər nağdlaşa və ya digər istiqamətlərə yönələ bilər. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, buna səbəb manatın məzənnəsinin xeyli dərəcədə sabitləşməsidir: “Artıq 17 aydır ki, manatın məzənnəsi dəyişmir. Xüsusən də dolalra qarşı manatın məzənnəsində sabitlik yaranıb. Bu da ilk növbədə valyuta depozitlərinin faizlərinin aşağı düşməsinə səbəb olub. 
Hazırda valyuta depozitlərinin faizi 2 faiz civarındadır. Manatla depozitlərin faizi də bununla əlaqədar aşağı düşməyə başladı. Çünki bankların maliyyə vəziyyətinin o qədər də yaxşı olmadığını nəzərə alaraq, depozit faizlərini aşağı çəkərək kreditləşməni canlandırmaq yolu ilə problemli kreditlərin bir hissəsini bağlamağa çalışırdılar. Valyuta ilə faiz dərəcəsinin aşağı düşməsi manatla faizlərin daha cəlbedici hala gətirdi. İnsanların bir qismi dollar depozitlərinin bir qismini manat depozitlərinə çevirməyə başladılar. Banklar da bunun kütləvi hal olduğunu nəzərə alaraq, faiz dərəcələrini aşağı saldılar ki, onsuz da depozitlərdə bir atım müşahidə olunur. Bu artımı təzminləməyə çalışırlar. Yəni, əsas səbəb manatın uzun müddətdir ki, məzənnəsinin sabit qalmasıdır. Lakin depozit faizlərinin azalması bir tərəfdən də təhlükələr yaradır. Gələcəkdə banklar depozit faizlərinin daha da aşağı çəksələr, insanlarda depozit yerləşdirmək üçün maraq qalmaz. Öz depozitlərini nağdlaşdırmağa, daşınmaz əmlaka, digər yatırımlara yönəldə bilərlər. Ona görə də banklar bu məsələdə diqqətli olmalıdırlar”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, depozit faizlərinin aşağı düşəcəyi gözlənilən idi: “Manatın iki dəfə devalvasiyasından sonra əhali manatla əmanət yerləşdirməkdə maraqlı olmadı. Belə bir vəziyyətdə insanlar dollara üz tutdular. Həmin dövrdə banklar dollarla olan əmanətlərin faiz dərəcələrini aşağı saldılar. Amma manatla olan əmanətlər qalxmağa başladı. Bir müddətdən sonra manat dollara nisəbətən sabitləşdi. Həmçinin banklar əllərində olan vəsaitləri iqtisadiyyata, kreditə yönəldə bilmədilər. Pullar özlərində qalırdı. O baxımdan əmanət qəbul etməkdə o qədər də maraqlı olmadılar. Bu səbəbdən əmanət faizlərini aşağı saldılar. 
Əgər devalvasiyadan əvvələr pullarının 70 faizini kreditə yönəldə bilirdilərsə, bu gün həmin rəqəm 40 faizə qədər enib. Qalan pullar ya özlərində qalır, ya da qiymətli kağızlara yönəldirlər. Yəni, banklar tərəfindən kapital qoyuluşunun azalması son nəticədə əmanət qoyuluşuna təsir göstərir. Odur ki, manat sabit qaldıqca əmanətlərin faiz dərəcəsinin aşağı enməsi davam edəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz