Əlaqə Arxiv
news Image
2018.09.18
09:50
| A A A
Bank sektorunun «Axilles dabanı»
Vüqar Bayramov: “Maliyyə Bazarına Nəzarət Palatası və Mərkəzi Bank tərəfindən sistemli tədbirlər həyata keçirilməli, xarici kapital cəlb edilməlidir” Yaşar Əsədov: “Problemli kreditlərlə bağlı bankların yaşadığı çətinlikləri yüngülləşdirmək üçün Mərkəzi Bankın prosesə müdaxiləsi lazımdır”

İqtisadiyyatda son vaxtlar müşahidə edilən müsbət dinamika həm də bank sektorunda tənəzzülün səngiməsi deməkdir. Banklarda bir sıra müsbət göstəricilər qeydə alınmağa başlayıb. Əhalinin əmanətləri artır və onun strukturunda dollarlaşma səviyyəsi azalır, kreditləşdirmə bərpa olunur və genişlənir. Amma banklar tərəfindən  12 milyard 170,7 min manat kredit qoyuluşunun 14,6%-i, yaxud 1 milyard 782,1 milyon manatı vaxtı keçmiş sayılır. Belə  kreditlərin həcmi azalmır. Bu isə bank sektoru üçün təhdid yaradır. Bu təhdidin aradan qalxması üçün hansı addımlar atılmalıdır? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, problemli kreditlərin bank sektorunu təhdid etməsinin qarşısını almaq üçün prosesə Maliyyə Bazarına Nəzarət Palatası ilə Mərkəzi Bankın müdaxiləsi lazımdır: “Problemli kreditlərin həcminin azaldılmasına nail olmaq və onun bu fonda bankları təhdid etməsinin qarşısnı almaq üçün Maliyyə Bazarına Nəzarət Palatası, eyni zamanda Mərkəzi Bank tərəfindən sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. 
Problemli kreditlərin həcdmində çox təəssüf ki, artımlar müşahidə edilir. Problemli kreditlərin həcmi isə bank sektoru üçün çox vacib məsələdir. Bu ilin may ayında problemli kreditrlərin həcmi Mərkəzi Bankın rəsmi statistikasına görə, 1 milyard 710 milyon manat olmuşdusa, iyunda 1 milyard 745, iyulda isə 1 milyard 782 milyon manata qədər yüksəlib. Eyni zamanda, təəssüf ki, depozitlərin həcmində də azalmalar müşahidə edilir. İyil ayında iyuna nisbətən depozitlərin həcmində 60 milyon manat azalma olub. Kredit faizləri də yüksək olaraq qalmaqdadır. Ona görə də Maliyyə Bazarına Nəzarət Palatası ilə Mərkəzi Bank tərəfindən sektora müdaxilənin gücləndirilməsi və tənzimlənmə tədbirlərinin həyata keçirilməsinə ehtiyac vardır. Bu fonda bank sektorunda rəqabətin gücləndirilməsi çox vacibdir. Rəqabət fazilərinin aşağı salınması və daha uyğun faizlərlərlə depozitlərin cəlb edilməsinə imkan yaradılmalıdır. 
Banklar vətəndaşlardan 7 faizlə manat depozitini cəlb edir və onu 30 faizlə kredit formasında verir ki, bu da kredit faizlərilə depozit faizləri arasında 4 dəfə fərqin olması deməkdir. Rəqabət isə nəticə etibarı ilə kredit faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu, depozitlər üzrə faizlərin də optimallaşmasına imkan yarada bilər. Mərkəzi Bank tərəfindən mərkəzləşmiş kreditlərlə bağlı siyasətin dəyişməsinə ehtiyac var. Nəticə etibarı ilə daha çox kreditin cəlb edilməsinə və bankların onlardan daha çox faydalanmasına şərait yaratmaq lazımdır.  Mərkəzi Bank bu əsasda uçot dərəcəsini də optimallaşdırmalı və banklara krediti daha uyğun faizlə təklif etməlidir. Manatla kteditin faiz dərəcəsinin yüksək olması məzənnə siyasətilə bağlıdır. Mərkəzi Bank tərəfindən xüsusən uzun müddətli dövr üçün məzənnə siyasətinin proqnozlaşdırılması və onunla bağlı banklara, eləcə də vətəndaşlara konkret proqnozların təqdim edilməsinə ehtiyac var. Bu əsasda da kommersiya bankları kredit faizlərinin optimallaşdırılmasını həyata keçirə bilərlər. Həmçinin, bank sektorunun xüsusən xarici kapital hesabına liberallaşmasının həyata keçirilməsi vacibdir. Çünki xarici kapitalın cəlbi təkcə faiz dərəcələrinə deyil, eyni zamanda, bankların təklif etdiyi məhsulların həcmi və növünə də təsir edə bilər. Xarici kapitalın cəlbi bankların liberallaşdırılmasına,  problemli kreditlər üzrə yeni strategiyanın tətbiqi və bank sektorunda uzun müddət müşahidə edilən depozit faizləri ilə kredit faizləri arasındakı uçurumun minimuma endirilməsinə gətirib çıxarar”.  
Digər iqtisadçı ekspert Yaşar Əsədov da bu qənaətdədir ki, problemli kreditlərlə bağlı bankların yaşadığı çətinlikləri yüngülləşdirmək üçün Mərkəzi Bankın prosesə müdaxiləsi lazımdır: “Problemli kreditlər məsələsinin həlli ancaq bir yolla mümkündür. Bunun üçün Mərkəzi Bank kommersiya banklarına müxtəlif formada kömək əlini uzatmalıdır. 
Mərkəzi Bank problemli kreditlərlə bağlı yaranan borcların müəyyən hissəsini banklara ödəmək, yaxud da həmin borcun bir hissəsini bəzi şərtlər daxilində silməklə məsələnin həllinə nail ola bilər. Bu isə o deməkdir ki, Mərkəzi Bank kommersiya banklarının probleminin bir hissəsini öz üzərinə götürməklə vaxtı keçmiş kreditlərlə bağlı yaşanan gərginliyi tam olmasa da, müəyyən dərəcədə yoluna qoya bilər. İkinci addım isə həmin problemli kreditlərin geri qaytarılmasına nail olmaqdır ki, bu da indiki situasiyada göründüyü kimi hələlik effekt vermir. Yəni, banklar qanuni yolla bu məsələnin həllinə nail olmalıdırlar. Lakin  əhalinin gəlirləri indilikdə bu məsələnin həllinə imkan vermir. Kredit alan əhalinin əksəriyyəti borcları ödəməkdən qaçmır, sadəcə onu ödəyə bilmirlər”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz