Əlaqə Arxiv
news Image
2018.10.10
09:53
| A A A
Bankların fəaliyyətində ciddi dönüş yaranır
Maliyyə bazarlarının sabit fəaliyyəti ölkənin ümumi inkişaf strategiyasının əsas dayaqlarından birini təşkil edir

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman çox ciddi sənəddir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, bu sənəd Azərbaycanda bankların fəaliyyətində ciddi dönüşün yaranmasına səbəb olacaq: “Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası kifayət qədər sanballı tədbirlər həyata keçirir. Ancaq bankların bir hissəsinin problemi həll olunmamış qalır”. 

Ölkədə son bir neçə ildə gedən iqtisadi islahatlar çərçivəsində qeyri-neft sektorunun inkişafı hökumətin siyasətində prioritet nüfuz qazanıb. Bununla əlaqədar iqtisadi idarəetmənin təkmilləşdirilməsi, habelə uçot və nəzarətin gücləndirilməsi zərurəti ortaya çıxıb. Boşluğu aradan qaldırmaq məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2016-cı il Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması imkanı verən ilk publik hüquqi şəxs statuslu qurumdur. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizin qlobal iqtisadi arenada baş verən proseslərə çevik reaksiya verməsi Azərbaycan iqtisadiyyatı qarşısında maliyyə sektorunun dayanıqlığını təmin etmək və bu sahədə nəzarət tədbirlərini gücləndirmək kimi tapşırıqlar Palatanın başlıca vəzifəsidir. Ölkənin qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin çevikliyinin və şəffaflığının təmin olunması, eyni zamanda bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi həmin tapşırıqların tərkib hissəsidir.
Lakin fəaliyyət göstərdiyi iki il ərzində bu qurum elə bir yaddaqalan səmərəli tədbir həyata keçirə bilməyib. Xüsusilə, ölkənin bank sektorunda mütəmadi baş verən təbəddülatların araşdırılıb doöru-düzgün hesabat hazırlanmayıb. Kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarının qorunması və ya onların pozulmuş hüquqlarının bərpası istiqamətində ciddi tədbirlər görülməyib. Halbuki MBNP-nin fəaliyyətinə dövlət külli iqdarda vəsait sərf edib. Nəticə isə olmayıb. Bunları nəzərə alan dövlət başçısı bir neçə gün əvvəl “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Mütəxəssislər bu fərmanı vaxtında atılmış səmərəli addım kimi xarakterizə ediblər. Millət vəkili Vahid Əhmədov mətbuta açıqlamasında bildirib ki, “Palata iki ildir ki, fəaliyyət göstərir, ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verib”. O, bunu kadrlarla bağlayıb. Belə ki, palatanın sədri dəyişiləndən sonra işdə dönüş yaranıb. Bundan başqa direktorlar şurasının ləğvi və idarəetmənin idarə heyətinin ixtiyarına verilməsi də qərarların çevikliyini və səmərəliliyini artırıb. Güman etmək olar ki, maliyyə institutlarının fəaliyyətinə nəzarət, təhlil və məsləhətlər bundan sonra MBNP-nin işi sayəsində daha mükəmməl və faydalı olacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz