Əlaqə Arxiv
news Image
2018.11.13
08:00
| A A A
İnternet texnologiyalarından qaçan banklar üçün müştəri problemi yaranır
Elnur Quliyev: “Ənənəvi bank sistemi ilə müqaisədə rəqəmsal bankçılıq vaxt itksinə yol vermədən, növbə gözləmədən, rahat və daha sürətli şəkildə əməliyyat aparmaq imkanları yaradır” Osman Gündüz: “Banklarımızın əksəriyyəti İP xidməti göstərmək istəyən şirkətlərə yetərincə şərait yarada bilmirlər”

Çinin elektron ticarət nəhəngi - “Alibaba” ölkədə qeyd olunmuş "Subaylar günü"ndə 231,5 milyard   yuan (30 milyard ABŞ dolları) dəyərində mal satıb. Bu, Çinin tarixində növbəti rekord göstəricidir. 

Göründüyü kimi, dünyada bəzi dövlətlər elektron ticarətdən milyardla vəsait qazanır. Bu fonda ölkəmizin elektron ticarətinə, internet bankçılığına diqqət yetirdikdə  vəziyyət heç də ürəkaçan olmadığını görərik. Elektron ticarətin həcmi çox kiçik,  internet bank xidmətləri isə yox səviyyəsindədir. Mütəxəssislər bunu müxtəlif amillərlə izah etməyə çalışırlar. 
İqtisadçı-ekspert Elnur Quliyev bildirir ki, ənənəvi bank sistemi ilə müqaisədə rəqəmsal bankçılıq vaxt itksinə yol vermədən, növbə gözləmədən, rahat və daha sürətli şəkildə əməliyyat aparmaq imkanları yaradır: “Nəticə etibarı ilə rəqəmsal bankçılığın əsas üstünlüyü məhz banka getmədən bank xidmətlərindən istifadə edə bilməkdir. 
Hazırda Azərbaycanda rəqəmsal bankçılığın inkişafına 10-a yaxın bank maraq göstərir. Digər banklar isə hələ də köhnə prinsiplər əsasında idarəçiliyi davam etdirir. Azərbycanda rəqəmsal bankçılığın inkişafını gecikdirən bir sıra səbəblər var. Bunlardan birincisi, əksər bank rəhbərləri və səhmdarların rəqəmsal texnologiyaların tətbiqinin bank strukturuna verə biləcəyi üstünlükləri hələ də tam anlamamasıdır. İkinci amil, rəqəmsal bankçılıq üzrə yüksək ixtisaslı kadrların azlığıdır. Bundan başqa, banklar bu seqmentin inkişafı üçün yetərincə maliyyə vəsaitləri ayırmırlar”.
Ekspert əlavə etdi ki, mobil bankçılıq ilk növbədə müasir bank xidmətdir: “Ölkəmizdə fəaliyyət göstərən bankların hər biri vətəndaşa bu xidməti göstərmək üçün kifayət qədər potensialı var. Nəzərə alaq ki, mobil bankçılığa keçid banklara xərclərə daha çox qənaət etməyə imkan verəcək və fəaliyyətlərində maksimum effektivliyə nail olmağa şərait yaradacaq. Artıq insanlar hər bir işində smartfondan istifadə etməyə üstünlük verir. Yəni, kommunal və digər ödənişləri, kartlar, hesab üzrə müxtəlif əməliyyatların həyata keçrilməsini banka gəlmədən edirlər. Odur ki, gələcəkdə rəqabətə davam gətirən banklar məhz smartfonlar üçün uyğunlaşdırılmış və optimallaşdırılmış bank xidmətləri təklif edən banklar olacaq. Bank müştərisinə zamanında mobil xidmət təklif edə bilməsə, son nəticədə bu, müştəri itkisinə gətirib çıxaracaq və daha böyük ziyanla üzləşəcək”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz ölkəmizdə internet bankçılığın inkişafı sahəsində bir sıra problemlərin mövcud olduğunu bildirdi: “İlk növbədə banklarımızın əksəriyyəti İP xidməti göstərmək istəyən şirkətlərə yetərincə şərait yarada bilmirlər. Bankların  internet texnologiyalara inteqrasiyası, onlayn xidmətlər təklifi zəif inkişaf edib. Bunun bir səbəbi təhlükəsizliklə bağlıdır. Digər tərəfdən mövcud qanunvericiliklə əlaqədardır. Çünki qanunvericilik banklara bu sahədə məhdudiyyətlər tətbiq edir. Ölkəmizdə internet bankçılığın inkişafına mane olan əsas amillər bunlardır. 
Ancaq bir müddət əvvəl ölkə rəhbəri tərəfindən "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edildi. Proqramda rəqəmsal xidmətlərin, elektron ticarətin inkişafı ilə bağlı çoxsaylı bəndlər yer alıb. Göstərilən məsələlərin həlli bu sahədə böyük irəliləyişə səbəb ola bilər”.
Osman Gündüz əlavə etdi ki, ölkədə elektron ticarət, rəqəmsal sahibkarlıq inkişaf etməlidir: “Bu zaman bankların da internet üzərindən xidmətlərinə tələbat artacaq. Nəzərə alaq ki, bank xidmətinin əsas alıcıları elektron ticarətçilər, rəqəmsal sahibkarlıqdır. Ölkəmizdə isə elektron ticarət zəif inkişaf edib. Eləcə də elektron ticarət mağazalarının sayı çox azdır. Məsələn, Qazaxıstanda elektron ticarəti 3-4 illik vergidən azad edilib. Ölkəmizdə də oxşar güzəşt və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz