Əlaqə Arxiv
news Image
2018.11.14
09:00
| A A A
Dollar asılılığı tədricən aradan qalxır
Cəfər İbrahimli: “İndiki halda bu məsələdə sərt dəyişiklərin həyata keçirilməsi çətin məsələdir” Ruslan Atakişiyev: “Milli valyuta ilə ticarət tendensiyasının baş verməsində məqsəd dollardan asılılığı azaltmaqdır”

Rusiyanın dollardan asılılığı azaltmaq cəhdləri öz nəticəsini verib. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Qeyd edilir ki, Rusiya və Çinin ticarət dövriyyəsində milli valyutadan istifadə etməsi Rusiya iqtisadiyyatının dollardan asılılığının azaldığını sübut edir. "Rusiya ABŞ valyutasının hegemonluğuna uğurla sinə gəlir”, - mütəxəssislər qeyd ediblər.

Yerli iqtisadçılar isə proqnoza birmənalı yanaşmırlar. İqtisadçı-ekspert Cəfər İbrahimli bildirir ki, Rusiya dollardan imtinada maraqlı ola bilməz: “Çünki Rusiya neft və qaz xammalına bağlı olan ölkədir. Hansı ki, onları da dollarla satır. Düzdür, Çinə neft və qazın bir hissəsini rubl və ya yuan ilə sata bilər. Amma bu, ciddi dəyişiklik yaratmayacaq. Rusiya iqtisadiyyatı elə hala gəlməlidir ki, məhsulunu rubl ilə sata bilsin. Türkiyə ilə də milli valyutada müəyyən əlaqələri var. Lakin bu ölkələrin valyutaları mərkəzi banklar tərəfindən rezerv valyuta kimi qəbul olunmur. Ona görə də bu məsələdə qısa müddət ərzində ciddi nailiyyət əldə edə bilməzlər. Amma Rusiyanın xammaldan asılılığı azalarsa və rubl dayanıqlı hala gəlrsə, bu, mümkün ola bilər.

Düzdür, hansısa dövlətlə əməliyyatlar rublla göstərilə bilər. Amma rubl və həmin ölkənin valyutasının qarşılıqlı məzənnələri dollarla ölçüləcək. Yəni, nə edilsə də, hələ dolların hegemonluğu qalmaqdadır. Nəzərə alaq ki, Avropa Birliyi də özü üçün köçürmə sistemi qurmaq niyyətindədir. ABŞ isə bundan narahat olmadığını, hətta onlara kömək edəcəklərini açıqladı. Yəni, indiki halda bu məsələdə sərt dəyişiklərin həyata keçirilməsi çətin məsələdir”.

Ekspert əlavə etdi ki, Azərbaycan da buna cəhdlər edir: “Xüsusən də Türkiyə, Rusiya və İranla buun həyata keçirmək istəyirik. Lakin bu üç ölkənin valyutasında sabitlik yoxdur. Eyni zamanda əməliyyatları milli valyuta ilə həyata keçirməli olsaq da, pulu banka dollar şəklində ödəyirik. Həmçinin nəzərə alaq ki, tərəfdaş ölkələrin milli valyuta ilə ticarət etmələri faydalı deyil. Bu, əlavə xərclər yaradır”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, Rusiya, Çin, İran, Türkiyə, eləcə də Azərbaycanda xarici ticarət əlaqələrinin milli valyuta ilə həyata keçirilməsi gündəmdə idi: “Rusiya artıq bunu ticarət tərəfdaşları ilə həyata keçirir. Amma dünyada milli valyutalarla ticarət böyük həcmdə deyil.

Nəzərə alaq ki, ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının 30 faizini təşkil edir. Bu baxımdan milli valyutaların bir-birinə qarşı məzənnələri dollarla ölçülür. Odur ki, gələcəkdə milli valyuta ilə əməliyyatlar zamanı qarşılıqlı ticarətin həcmi məsələsi gündəmə gələ bilər. O əsasda ticarət baş verdiyi halda ölkələr üçün effektiv ola bilər”.

Ekspert əlavə etdi ki, milli valyuta ilə ticarət tendensiyasının baş verməsində məqsəd dollardan asılılığı azaltmaqdır: “Burada ölkələrin gətirdiyi dəlil ondan ibarətdir ki, ABŞ dollar vasitəsi ilə digər ölkələrə siyasi təzyiqlər həyata keçirir”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz