Əlaqə Arxiv
news Image
2018.11.15
09:40
| A A A
Banklarda faiz dərəcələri yenə narazılıq doğurur
Rəşad Həsənov: “Bank faizlərinin aşağı salınmasına nail olmaq üçün bir sıra kompleks tədbirlərə ehtiyac var”

“Bu gün biz Azərbaycanda bankların fəaliyyətindən razı qala bilmərik. Banklarda faiz dərəcələri yüksəkdir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Komitə sədri bildirib ki, bir neçə ölkədə, eləcə də Azərbaycanda banklarda faiz dərəcələri yüksəkdir: “Faiz dərəcələri azaldılmalıdır”. 

Beləliklə, banklarda faizlərin yuxarı olmasından qanunverici orqanda da narahatlıq ifadə olunur, dərəcələrin aşağı salınması üçün çağrışlar edilir. Bu hansısa dəyişikliyə rəvac verə bilərmi? mumiyyətlə, bank faizlərinin aşağı salınması üçün hansı addımlar atılmalıdır?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, bank faizlərinin aşağı salınmasına nail olmaq üçün bir sıra kompleks tədbirlərə ehtiyac vardır: “İndiki halda belə bir proqnoz aparmaq düzgün olmazdı. Bank faizlərinin yüksək olması dəfələrlə rəsmi səviyyələrdə belə dilə gətirilib. Hətta ölkə başçısı belə öz çıxışlarında həm real sektora ktedit qoyuluşunun azlığı, həm də faiz dərəcəsinin yüksək olması ilə bağlı fikirlər bildirib. Amma məsələ ondan ibarətdir ki, hökumət bu istiqamətdə əlində olan alətlərdən istifadə edərək faizləri aşağı salmalıdır. Yoxsa hansısa formada bəyanatlarla faizlər aşağı düşməyəcək. 
İndiki situasiya daha mürəkkəbdir. Çünki kredit bazarı risqlidir. Risqli bazarda isə banklar portfeli genişləndirməkdə maraqlı olmur. Banklar bir-birilə kredit bazarı uğrunda ciddi mübarizə aparmır. Belə şərtlər daxilində düşünmürəm ki, banklar qısa müddətli dövrdə kredit faizlərini kəskin şəkildə azaltsın. Amma bu fonda müəyyən azalmalar da var. 2017-ci ilin ikinci yarısından etibarən manatın məzənnəsində müşahidə olunan sabitlik kredit faizlərinin nisbətən azalmasına gətiri çıxarıb. Eyni zamanda, kiçik də olsa sağlam müştəri bazası yaranıb. Bu gün banklar da məhz kiçik sağlam müştəri bazasına hədəf uğrunda müəyyən addımlar atır. Bu bazar uğrunda zəif də olsa mübarizə gedir. Bunun da nəticəsində fazilərdə az da olsa azalma müşahidə edilir. Ancaq struktur dəyişikliyinin olması və faiz dərəcəsinin əhəmiyyətli şəkildə azalması bir sıra ciddi amillərdən asılıdır. 

İlk növbədə real sektorun kredit qaytarma qabiliyyəti güclənməlidir. Digər tərəfdən, mərkəzləşdirilmiş kreditlərin bank kapitalında həcmi artırılmalıdır. Nəhayət, uçot dərəcəsi kəskin şəkildə azaldılmalıdır. Eyni zamanda, makroiqtisadi mühitin sabitləşməsinə də ehtiyac var. inflyasiya risqləri hər zaman kredit faizlərinə təsir edən indikatorlardır. Ona görə inflyasiyanın azalması son nəticədə kredit faizlərinin də aşağı düşməsinə gətirib çıxarır. 
Problemli kreditlərin həlli istiqamətində konkret qərar qəbul edilməli, addımlar atılmalıdır. Bu istiqamətdə özəl bankların faliyyətinə yönəlik addımlar da atılmalıdır. Ancaq indilikdə atılan addımlar əsasən dövlət banklarına yönəlib. Özəl banklar isə problemlərilə demək olar ki, təkbaşına buraxılıb. Sadaladığım bu kimi problemlər həll edilərsə, eyni zamanda real sektorun kredit qaytarma qabiliyyəti artarsa, bu halda rəqəbətin dərinləşməsilə kredit faiz dərəcələrinin aşağı enməsini görə bilərik. Amma ümumiyyətlə götürəndə, rəqabətin dərinləşməsi üçün ölkənin bank sektoruna beynəlxalq maliyyə sektoru da cəlb olunmalıdır. İri xarici maliyyə institutları ölkənin bank sektorunda iştirak edərsə, bu öz-özlüyündə fazilərin azalmasını şərtləndirə bilər”.
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz