Əlaqə Arxiv
news Image
2018.12.07
09:30
| A A A
Bank əmanətlərində dedollarlaşma prosesi sürətlənir
Cəfər İbrahimli: “İnsanların gözləmə mövqeyi tutması və manatın gəlirliyinin indilikdə daha yuxarı olması dollarlaşma səviyyəsinin aşağı enməsinə rəvac verib” Vüqar Bayramov: “Mərkəzi Bank qısa və orta müddət üçün manatın məzənnəsilə bağlı proqnozunu elan etsə, milli valyuta ilə yığıma maraq daha da yüksələcək”

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il noyabrın 1-nə 63,5 faiz təşkil edib. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5 faiz olub. Bəs, Azərbaycanda əmanətlərin dedollarlaşmasının sürətlənməsi nə ilə bağlıdır? 

«PSG Kapital İnvestment Company» şirkətinin direktor müavini Cəfər İbrahimlinin fikrincə, bank əmanətlərində dollarlaşma səviyyəsinin aşağı düşməsi əsasən iki səbəblə bağlıdır: “Əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsinin azalması bir sıra amillərdən qaynaqlanır. Birinci ən vacib məsələ odur ki, insanlar dollarla manatın məzənnəsində, dəyər nisbətində yaxın perspektivdə ciddi dəyişikliklər olacağını gözləmirlər. Məhz belə bir gözləntinin nəticəsi olaraq əmanətlərini dollarla saxlayan insanların sayında azalma baş verir. Yəni, irəliyə yönəlik gözləntiləri nəzərə alaraq əhali elə indidən belə bir mövqeni tutub. Manatın dəyərində yaxın dövr üçün ciddi dəyişikliklərin olmayacağı məsələsi insanları əmanətlərini manatla saxlamağa keçməyə stimullaşdırır. Dəyişiklik olmayacağı hiss olunur, digər tərəfdən isə əmanətlər üzrə dolların gəlirliyi olduqca aşağı həddədir. 1-1,5 faiz həcmindədir. Manat üzərindən əmanətlərin gəlirliyi isə 10 faiz həndəvərindədir. Məhz dollarla manat əmanətlərinin gəlirliyi arasında yaranan bu fərq dollarla qoyulan əmanətlərin həcminin azalmasına gətirib çıxarıb. 
İndi dollarla ən çox investisiya edə biləcəyimiz səhm SOCAR-ın qiymətli kağızlarıdır. Lakin onun gəlirliyi də 4,5 faizə qədər düşüb. Yəni, insanların gözləmə mövqeyi tutması və manatın gəlirliyinin indilikdə daha yuxarı olması dollarlaşma səviyyəsinin aşağı enməsinə rəvac verib”.  
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov düşünür ki, dollarla olan əmanətlərin daha az dividend gətirməsi əhalini bu prosesdə dedollarlaşmaya meyllənməyə sövq edib: “Əslində, əhalinin banklarda olan dollarla əmanətlərində müəyyən azalma olsa da ciddi azalma yoxdur. Yenə də əhalinin əhəmiyyətli hissəsi vəsaitlərinin böyük miqdarını dollarda saxlamağa üstünlük verir. Yəni, dollar vəsaitlərin saxlanılması baxımından yenə də əsas yığım vasitəsi olaraq qalır. O baxımdan dollarlaşma səviyyəsinin azalması yüksək olmasa da, bu prosesin getməsi təqdirəlayiqdir. 
Son dövrlər bank əmanətlərində manatla yığımlara üstünlük verilməsi birinci növbədə dollarda olan əmanətlərin daha az dividend gətirməsilə bağlıdır. Bildiyiniz kimi, aparıcı banklar dollarla olan əmanətlərə bir faizdən də aşağı dividend verirlər. Manatla əmanətlərə isə 8 faiz civarında dividend təklif edilir. Bu da nəticə etibarı ilə vətəndaşlarda manatla yığıma üstünlük verməyə maraq yaradır. 2017-ci ilin fevral ayından etibarın manatın məzənnəsinin stabil olması da milli valyuta ilə yığıma meylin artmasına təsir göstərən faktlardan biridir. Nəticədə iki ilə yaxın müddətdir ki, manatın məzənnəsi stabildir. Bu da təbii ki, yığım prosesinə də birbaşa təsir göstərir. 
Digər tərəfdən, manatla əmanətlər daha çox dividend gətirir. Nəticədə əhalinin marağı manatla yığımlara üstünlük verməyə doğru istiqamətlənir. Gələcəkdə dollarlaşma səviyyəsinin daha da azaldılması prioritet olmalıdır. Xüsusən də Mərkəzi Bank qısa və orta müddətli dövr üçün manatın məzənnəsilə bağlı öz proqnozlarını elan etsə, daha məqsədəuyğun olar. Çünki bu halda manatla yığımlara marağın daha da yüksəlməsi müşahidə olunacaq. Hər halda tendensiya müsbətdir. Mərkəzi Bank çalışmalıdır ki, mövcud müsbət tendensiyanı qoruyub saxlaya bilsin. 
Dollarla vəsaitlərin sığortalanma dərəcəsi 3, manatla isə 15 faizdir. Bu da təbii ki, əmanət sahiblərini mövqeyinə təsir göstərir. Digər tərəfdən, banklar manatla vəsait cəlb etməkdə daha maraqlıdır. Çünki bu halda valyuta risqləri, məzənnə risqlərini sığortalaya bilirlər. O baxımdan banklar özləri də manatla vəsait cəlbində maraqlı olduğundan, milli valyuta ilə bağlı əmanətlərə daha yüksək dividend təklif edirlər”.
Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz