Əlaqə Arxiv
news Image
2018.12.13
09:30
| A A A
Bankların kredit siyasətini dəyişməsi zərurətə çevrilir
Cəfər İbrahimli: “Kredit vermə qaydalarını yumşaltmalıdırlar” Vahid Əhmədov: “Banklar depozitlərin faizlərinə baxmalı, manat əmanətlərinin faizi yüksək olmalıdır ki, insanlar da əmanətlərini milli valyuta ilə saxlamağa daha çox meyl etsin”

Kredit və depozitlərdə dollarlaşma səviyyəsi hələ də Azərbaycanın bank sektoru üçün əsas risklərdən sayılır. Bunu "Fitch" beynəlxalq reytinq agentliyi bildirir. Mütəxəssislərin fikrincə, depozitlərin dollarlaşması bankların yerli valyutada kredit ayırmasını da məhdudlaşdırır. Belə vəziyyətdə banklar dollar yox, manatla ehtiyatlarını artırmaq və manat kreditlərinin çoxalması üçün hansı addım atmalıdırlar?

«PSG Kapital İnvestment Kompany» şirkətinin direktor müavini Cəfər İbrahimlinin fikrincə, manatla verilən kreditin həcminin daha da artması üçün banklar kredit vermə qaydalarını yumşaltmalıdırlar: “Bu gün bankların manatla kredit vermələrinin məhdud olmasının səbəbi təkcə dollarlaşmanın yüksək olması ilə bağlı deyil. Mərkəzi Bankın depoziti və yaxud hərracın nəticələrinə baxanda görürük ki, 1 milyarddan çox sifariş gəlir.  Bu, o deməkdir ki, banklarda yüksək likvidlik var və vəsaitlərini yerləşdirə bilmədikləri üçün Mərkəzi Bankın daha az gəlirli daha az gəlirli notları və depozitlərinə dəyişdirmək məcburiyyətində qalırlar. 
Əslində, hazırda əmanətin dollarlaşmasının yuxarı həddə olması prosesi məhdudlaşdırmır. Həmin prosesi məhdudlaşdıran bir neçə başqa səbəb var. Banklar kredit verməkdə çox matraqlıdır. Çünki əllərindəki vəsaitləri yerləşdirməlidirlər ki, gəlir götürsünlər. Burada əsas məsələlərdən biri odur ki, ölkədə kredit verilməsi qaydaları son vəziyyətlə əlaqədar olaraq sərtləşdirilib. Xüsusən də xarici valyuta ilə kredit vermək imkanları məhdudlaşdırılıb. Bu məhdudiyyəti yumşaltmaq lazımdır ki, banklar rahat şəkildə iqtisadiyyatı kreditləşdirə bilsin. Yəni ilk olaraq bu məsələnin həlli vacibdir. 
İkinci bir tərəfdən, problemli kreditlərin həcmi çox olaraq qalmaqdadır. Bu gün bəzi vətəndaşlar vaxtilə kredit alıb çətinliyə düşərək aldığı krediti ödəyə bilmədiklərindən artıq təkrar kredit almaq imkanından məhrumdur. Yəni onların tarixçəsi korlandığından hazırkı qaydalarla onlara kredit vermək olmaz. Dolayısı ilə həmin problemli kreditlər vahid müstəvidə həlli olunmalıdır. Bu məsələ də öz həllini tapsa, düşünürəm ki, banklar əllərində olan kifayət qədər manat vəsaitilə lazımı səviyyədə kreditləşməni həyata keçirə bilərlər. Proses həmin istiqamətdə daha yumşaldıcı tədbirlərin görülməsini vacib edir”. 
Milli Məclisin deputatı Vahid Əhmədov qeyd etdi ki, banklar manatla verilən kreditin həcmini artırmaq üçün bir sıra kompleks tədbirlər həyata keçirməlidirlər: “Manat Azərbaycanın milli valyutasıdır. Bu mənada həmişə çalışırıq ki, onu artıraq, qoruyub saxlayaq, inkişaf etdirək. Manatla bağlı elə də ciddi problemlər olmasın. Banklar bu amillərə diqqət yetirməlidir. 
Banklar depozitlərin faizlərinə baxmalı, manat əmanətlərinin faizi yüksək olmalıdır ki, insanlar da əmanətlərini milli valyuta ilə saxlamağa daha çox meyl etsin. İkincisi, krediti ancaq manatla verməlidirlər. Çünki belə əməliyyatların ancaq manatla aparılması Konstitusiyada da göstərilib. Yəni, banklar da bu istiqamətdə kompleks tədbirlər həyata keçirməlidirlər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz