Əlaqə Arxiv
news Image
2019.01.05
10:00
| A A A
Problemli kreditlər problemi çözülür
Əli Əlirzayev: “Əhalinin gəlirlərinin artması, istehlak kreditləri həcminin azalması vaxtı keçmiş kreditlər üzrə məbləğin azalmasına gətirib çıxarıb” Rəşad Həsənov: “Manatın məzənnəsində müşahidə edilən sabitlik problemli kreditlərin həcminin azalmasına gətirib çıxarıb”

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 milyard 688,7 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 0,6% azdır. Vaxtı keçmiş kreditlər  əvvəlki il dekabrın 1-nə nisbətən isə 10,7% azalıb. Son dövrlərdə vaxtı keçmiş kreditlərin azalmasını şərtləndirən səbəblər hansılardır və bu hal bank sektoruna nə vəd edir? 

İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, bir çox amillər, görülən tədbirlərin nəticəsi olaraq problemli kreditlərin həcmində azalmalar baş verib: “Vaxtı keçmiş kreditin həcminin azalmasında ilk növbədə istehlak kreditlərinin verilməsi həcminin azalması öz sözünü deyib. İndi banklar daha çox istehsal kreditləri verirlər. 
İkinci bir tərəfdən əhali arasında da kredit almağa meyl, dinamika  azalıb. Əvvəllər əhali avtomobil və digər əşyaları da daha çox kreditə müraciət etməklə alırdı. İndi isə insanlar bundan müəyyən mənada doyub. Yəni, əhali arasında məsuliyyət hissi artıb, pulu alıb qaytara bilməmək kimi qorxu hissi yaranıb. Sosial mənada yaxşı cəhətdir ki, indi əhali krediti alanda onu nə məqsədlə aldığını qiymətləndirməyi bacarır. 
Başqa bir tərəfdən, əhalinin alıcılıq qabiliyyəti,  gəlirlərinin artması da vaxtı keçmiş kreditlərin həcminin azalmasına gətirib çıxarıb. Əhali gəlirlərinin artması fonunda ən zəruri ehtiyaclarını ödəmək qabiliyyətindədir. Bu mənada vaxtı keçmiş kreditlərin həcmində azalmanın olması həm də ölkədə mövcud olan dinamik inkişafın göstəricisidir. Bank sisteminin sağlamlaşdırılması prosesi də burada öz müsbət rolunu oynayıb. Bank sistemi də bu fonda daha çox vəsait əldə edərək, onu daha tez-tez dövriyyəyə buraxmaq imkanı qazanacaq. Belədə onun dövriyyəsi də artacaq”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da qeyd etdi ki, sözügedən prosesə müxtəlif faktorlar öz təsirini göstərib: “Belə ki, uzun müddətli dövrdə vaxtı keçmiş kreditlərin müəyyən hissəsini likvidləşdirmək mümkün olub. Banklar artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. Bunlardabn biri gecikən kreditlər üzrə məhkəmə işlərinin nəticəsi məsələsidir. Məhkəmələrdə vaxtı keşmiş kreditlər üzrə çoxlu sayda iş var, təxminən 600-700 min belə iş var. Onların biq qismi barədə artıq məhkəmə qərarları verilib. Məhz həmin qərarların icra edilməsi vaxtı keçmiş kreditlərin həcminin azalmasına təsir göstərib. 
Digər bir amil problemli bankların mərhələli şəkildə sektordan kənarlaşdırılması ilə bağlıdır. 2017-ci ilin dekabrında “Dəmirbank”ın lisenziyası ləğv edilib. Az sonra onun aktivlərinin sağlamlaşdırılması və problemli kreditlərin likvidləşdirilməsi istiqamətində görülən tədbirlər həmin məsələdə azalmaya müəyyən qədər təsir göstərib. Bundan başqa, bankların özləri tərəfindən atılan addımlar da həmin prosesdə rol oynayıb. Bir sıra banklar problemli müştərilərlə işləri daha da dərinləşdirib və belə kreditlərin restruktizasiyasına başlayıblar. Nəticədə mövcud problemli kreditlər siyahıdan artıq çıxarılır. 
Manatın məzənnəsində müşahidə edilən sabitlik də problemli kreditlərin həcminin azalmasına gətirib çıxarıb. Bu sabitlik əhalinin kreditqaytarma qabiliyyətinə müəyyən qədər pozitiv təsir göstərib ki, yeni problemli kreditlərin yaranması imkanlarını məhdudlaşdırmaqla yanaşı, eyni zamanda, vaxtı keçmiş kreditlərin bir qisminin geri dönüşünə də əlverişli şərait yaradıb.  Problemli kreditlərin azlması son nəticədə bank sektoruna müsbət təsir göstərir. 
Kreditin müəyyən hissəsinin geri qayıdışının təmin edilməsi bankların likvidliyinə müsbət təsir göstərib. Eyni zamanda, bankların problemli kreditlərə görə yerləşdirdiyi ehtiyatların müəyyən qədər azalmasını şərtləndirir. Nəticədə bank sektorunda mənfəət normasının yüksəlməsinə səbəb olur”. 
Rüfət NADİROĞLU 
 

Sizin Reklam Yeriniz