Əlaqə Arxiv
news Image
2019.01.08
09:00
| A A A
Banklarda dollar alqı-satqısının həcmində əhəmiyyətli azalmalar qeydə alınır
Banklarda dollar alqı-satqısının həcmində əhəmiyyətli azalmalar qeydə alınır

Yeni ildən banklarda dollar alqı-satqısının həcmində əhəmiyyətli azalmalar müşahidə olunur. İqtisadçı ekspert Natiq Cəfərli dollar alqı-satqısı prosesində azalmanın olmasını ilin əvvəlində ticarət dövriyyəsinin yüksək olmaması və yeni illə bağlı səfərlərin başa çatması ilə əlaqələndirdi: “Yeni ildən qabaq dollar alqı-satqısında artımlar müşahidə olunurdu. Bu hal xüsusən də özünü noyabr-dekabr aylarında göstərirdi. Həmin ərəfədə yeni il ərəfəsi səfərlərin artması ilə bağlı olaraq dollara tələbat artdı. İndi isə bayram əhval-ruhiyyəsi başa çatmaq ərəfəsindədir. Ona görə də dollara tələbat da müəyyən dərəcədə səngiyib. 

Həmçinin, bir çox ölkələrdə hələ də yeni il bayramları davam edir. Bu fonda xarici ticarət də həmin ərəfədə müəyyən dərəcədə zəifləyir. Yəni yeni ilin ilk dövrlərində ticarət dövriyyəsi o qədər də yüksək olmur. Bunları da nəzər alsaq, dollar alqı-satqısının həcmində azalmaların olsa da, bu hal müvəqqəti xarakter daşıyır. Yeni ildən əvvəl isə dolların həcmində kifayət qədər artımlar oldu. Hətta Mərkəzi Bankın rəsmi məlumatına görə, keçən ilin son iki ayı ərzində hərraclarda satış artıb ki, bu da banklarda dollara olan tələbatın artmasına işarə idi. 
Yeni ilin ilk günlərində baş verən azalma belədə təbii səbəblərdən qaynaqlanır. Bir müddət sonra, yanvarın sonuna doğru isə əvvəlki həcmlərin bərpa olunması mümkündür. Xarici ticarətin dinamikası onu göstərir ki, 2018-ci ildə ölkəyə idxal olunan məhsulların dinamikasında təxminən 30 faiz artım olub. Bu isə 2016-2017-ci illərlə müqayisədə alıcılıq qabiliyyətinin artması ilə əlaqədardır. Ona görə düşünürəm ki, idxalın artım tempi cari ildə də davam etsə, dollara olan tələbat ayın sonuna doğru yenidən bərpa oluna bilər. Amma indiki şərait, yəni dollara tələbatın azalması tendensiyasının müşahidə edilməsi hələ bir müddət də davam edəcək”. 
İqtisadçı-ekspert Yaşar Əsədov isə qeyd edir: “Yeni il ərəfəsi Azərbaycandan xaricə turist səfərləri artıb. Xüsusən də həmin ərəfədə Azərbaycandan Gürcüstana, Türkiyəyə böyük turist axını baş verib. Həmin dövrdə dollar alqı-satqısında baş verən artım əsasən məhz bu amillə bağlı olub. İndi isə bayram başa çatıb, deməli, həmin turist səfərlərinə gedənlər də geri qayıdıb. Bu fonda isə dollara tələbat da müəyyən dərəcədə azalır”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz